Qocalar evində yaşayanlar ata-anasız uşaqları ilk dərsə aparıb

Qürurlandıq

Azərbaycanda heç beləsi olmamışdı

“Bəlkə də, o uşaqların heç vaxt yaşamadığı, yaşaya bilməyəcəkləri doğmalıq duyğusunun nə olduğunu hiss elətdiriblər”

  Məhkəmə qurulsun, hökm verilsin,
hər kəs haqqını yox, borcunu bilsin!
Balasını atan analar ilə
anasını atan balalar gəlsin.
Bu misralar Xalq şairi Bəxtiyar Vahabzadənin "Atılmışlar" poemasındandır. Şairin əbədi bir mövzuya - yaşlı nəsillə gənc nəslin münasibətlərinə, valideyn-övlad münasibətlərinə, bu münasibətlərin incəliklərinə, mənəvi problemlərinə həsr olunan poeması bütün zamanlar üçün aktualdır. Şairin poemasını bu gün bizə xatırladan isə ilk dərs günündə uşaq evlərindən birində həyata keçirilən xoş təşəbbüsdür. Belə ki, ata-anasız uşaqları qocalar evində yaşayanlar ilk dərsə aparıb. Valideyn sevgisinə tamarzı qalan uşaqlar və övlad himayəsinə ehtiyac olan qocalar!
  Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən 7 nəfər uşaq bu gün birinci sinfə gedib. Birinci sinfə gedən uşaq evinin azyaşlı sakinlərini agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət edərək məktəbə aparıblar. Ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar.
  Hadisə ilə bağlı düşüncələrini bizimlə bölüşən sosioloq Lalə Mehralı da “Sherg.az"a açıqlamasında yayılan fotoların onda xoş duyğular oyatdığını deyib: 

“İnsan ömrü üçün ibrət olacaq fotodur. Uşaqları ilk dərs günündə tək qoymayan, doğma nənə-babaları kimi məktəbə aparan, uğur arzulayan, dua edən insanların bu davranışı o uşaqlar üçün ən gözəl xatirədir. Bəlkə də, o uşaqların heç vaxt yaşamadığı, yaşaya bilməyəcəkləri doğmalıq duyğusunun nə olduğunu hiss elətdiriblər. Mənim üçün çox ağrılıdır atılmış ata-analar, taleyin ümidinə buraxılmış uşaqlar. Sözün bitdiyi yerdir. Öz adımdan, cəmiyyətimiz adından həmin nənə-babalara, bu təşəbbüsü həyata keçirən Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evinə minnətdarlıq edirəm. Həddindən artıq qürurverici və sevindirici bir hadisədir. Kim düşünübsə, halal olsun! Bu, hər iki tərəf üçün faydalı bir addımdır. Ümid edirəm bu tədbir sonra da davam etdiriləcək, uşaqlar və yaşlıların birlikdə vaxt keçirmələri üçün şərait yaradılacaq”.
  Sosioloqun sözlərinə görə, bu təşəbbüs bir ənənəyə çevrilməli və digər sığınacaqlar da bu təşəbbüsə qoşulmalıdır: “Ümumiyyətlə, bayramlarda və digər özəl günlərdə kimsəsiz uşaqlarla atılmış qocaları bir araya gətirmək lazımdır. Uşaqlar görmədiyi nənə-baba qayğısını, qocalar isə həsrətini çəkdikləri övlad, nəvə sevgisini qarşı tərəfdən ala bilər”.