Qurumlar sizdən xəbərsiz məlumat toplaya bilməyəcək - AÇIQLAMA

Artıq sizdən asılıdır

  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Mygov” rəqəmsal platformasının yeni versiyasını təqdim edib. Əsas yenilik odur ki, mygov daha faydalı olub və vətəndaşa daha çox yaxın olub. Bu barədə “Sherg.az"a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, yenilənmiş versiyada ailə qurmaq, valideyn olmaq və yaxın qohumun vəfatı kimi vacib həyat hadisələri ilə bağlı sənədləşmə prosesi sadələşdirilib. "Mygov" bu prosesləri tam olaraq rəqəmsallaşdırmağa imkan verib: “Məsələn, yeni doğulan uşaqların qeydiyyatını birbaşa mygov üzərindən onlayn olaraq reallaşdırmaq olar.
Bundan sonra sizdən haradasa, hansısa dövlət qurumunda, bankda, təhsil müəssisəsində şəxsiyyət vəsiqəsi tələb olunanda mygov-a daxil olub məlumatlarım bölməsindən bu məlumatları göstərmək yetərlidir. Bu məlumat artıq sənəd hesab olunur.
Yaxud hansı qurumdasa sizdən, nikah və doğum şəhadətnamələri, sizə yaxın olan qohumunuzun ölüm şəhadətnaməsi istənilərsə, onları fiziki olaraq təqdim etməyə ehtiyac yoxdur.
mygov-a daxil olub bu məlumatları təqdim edə bilərsiniz, qarşı tərəf artıq bunları adi məlumat deyil, sənəd olaraq qəbul etməyə borcludur.
Yəni indiyədək vətəndaşla bağlı məlumat olaraq mygov-da yerləşdirilən informasiyalar rəqəmsal sənəd statusu qazanıb.
Uzun müddətdən bəri gözlənilən məsələ artıq öz həllini tapıb.
  Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod və ya PDF şəklində paylaşa da bilirlər.
mygov kimlərsə tərəfindən vətəndaşlar haqqında məlumatların toplanmasına icazə verilməsini də təmin edib.

Artıq siz mygov vasitəsilə hansısa quruma sizin haqqınızda, sizdən xəbərsiz məlumat toplanmasına icazə verməyə də bilərsiniz.
Rəqəmsal hökumət quruculuğunda problemlər də var. Hələlik çox sayda xidmətlər var ki, mygov platformasına inteqrasiya olunmayıb. Hansı ki Prezidentin fərmanına görə bu xidmətlərin hamısının bir nöqtədən, mygov üzərindən verilməsi təmin edilməlidir. Ayrı-ayrı resurslarda olan faydalı xidmətlərin mygov-a inteqrasiyası indiki anda çox vacibdir.
  Dövlətə məxsus datadan effektiv istifadədə də problemlər qalır. Açıq məlumatlar portalında “kasıbçılıqdır”.
mygov rəqəmsal platformasında olan 40-dan çox məlumatın az bir hissəsi rəqəmsal sənəd statusuna malikdir.
Nazir müavini Samir Məmmədov, İRİA rəsmiləri bu sənədlərin sayının tezliklə artırılacağını, rəqəmsal hökumət quruculuğu sahəsində işlərin daha da sürətləndiriləcəyini bildiriblər”.