Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr, püskürmə 6 dəqiqə 20 saniyə davam edib.
Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub.
Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.
Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.
Ekoloq-Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar “Sherg.az”a bildirib ki, Abşerondakı palçıq vulkanlarının gücü fəlakət yaradıcı qüvvədə deyil:
“Onlar zəif vulkanlar kataqoriyasına aiddir. Hər hansı fəsadları ola bilər, lakin yeraltı təkanlara gətirib çıxaracaq gücdə deyillər. Vulkanlar dərinliyində təzyiq yarandığı və palçıq təzyiqə davam gətirmədiyi halda püskürür. Əgər təzyiq vulkan nəticəsində çıxmasaydı hər hansı yeraltı təkana səbəb ola bilərdi. Yeraltı təkanlar isə gərginliyin gücündən asılıdır”.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev isə bildirdi ki, palçıq vulkanları yerin dərin qatından gəlmirlər:
“Onlar üst qatda olan vulkanlardır. Azərbaycan palçıq vulkanlarına görə öndə olan ölkələrdən biridir. Təxminən 400 dən artıq palçıq vulkanımız var. Qobustan, Xəzər dənizi və Xırdalan ərazilərində palçıq vulkanları püskürür. Həmçinin palçıq vulkanları neft və qaz yataqları olan ərazilərdə çox olur. Lakin qorxulu deyil. Yaratdığı problemlər əsasən keyfiyyətsiz, torpağa uyğun gəlməyən lil tərkibli palçıqların ətrafa püskürməsidir. Dənizdə olan püskürmələr isə bir sıra heyvanların və balıqların ölümünə səbəb olurlar”.