Ötən ay Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub.
Bakupost.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 2.1 faiz artıb. Yaşayış binalarında və eləcə də, qeyri-yaşayış sahələrində tələbin artması qeydə alınıb.
Qeyri-yaşayış sahələrində 2.7 faiz aylıq qiymət artımı olub. Yaşayış evlərində qiymətlər 1.9 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb - 4.1%.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a açıqlamasında qeyd edib ki, hər il may ayından başlayaraq avqust ayının sonuna qədər fərdi həyət evlərinə, bağ evlərinə və torpaq sahələrinə tələbat artır:
“Tələbatın artması səbəbi ilə qiymətlərdə də yüksəlmə müşahidə olunur. Lakin avqust ayının sonundan başlayaraq çoxmənzilli bina evlərinə tələbat artır. Bu da daha çox yay tətilindən geri dönən istər tələbələr, istərsə də digər şəxslərin kirayə mənzil axtarması ilə əlaqəlidir. Ona görə də daşınmaz əmlaklara yatırım etmək istəyən insanlar avqust ayının sonu, sentyabr ayının əvvəlləri kiçik kvadratı olan mənzillərə daha çox üstünlük verirlər. Çünki bu mənzilləri alaraq kirayə verib gəlir əldə edirlər. Yəni kiçik həcmli mənzillərə tələbatın artması səbəbindən qiymətlərdə artımlar müşahidə olunur".
Ekspert qeyd edib ki, artıq əmlak bazarında torpaq sahələri və bağ evlərinə tələbat dayandırılıb:
"Tələbat növbəti may ayının sonundan başlayaraq avqustun sonuna qədər davam edəcək. Hazırda bazarda satılan evlərin böyük hissəsi kreditli şərtlərlə satıla bilən əmlaklardır. Bunlardan da çıxarışlı, yeni tikili binalar və 9 mərtəbə tipli binalara tələbat daha çoxdur. Çünki bu məzillər ipoteka predmentinə çevrilə bilir. Düzdür köhnə tikililər olan 3-4-5 mərtəbəli binalara da tələbat olur. Lakin bu binalardakı mənzillərə maraq göstərən şəxslər daha çox həmin əraziləri söküntü prossesi ilə əlaqədar alırlar. Çünki sahibkara həmin binalar söküldükdən sonra yerində tikilən binadan tam təmirli mənzil təqdim edirlər. Təqdim edilən mənzilin də satış qiyməti köhnə mənzildən 2 dəfə baha olur”.