Cinayətkarlıqla mübarizə qanunlarımız ciddiləşdirilməlidir -SOSİOLOQ

Tovuz rayon Xatınlı kənd sakini, 35 yaşlı Şahməddin Cəfərov həmkəndlisi tərəfindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1982-ci il təvəllüdlü Elman Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məsələni dəyərləndirən sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, son zamanlar insanlar mübahisə zamanı soyuq silaha əl atırlar:

“Lakin bu yaxşı hal deyil. Azərbaycanlı olaraq nə insani dəyərlərimizə, nə də ki, hüquqi dəyərlərimizə uyğun olmayan məsələdir. Allah tərəfindən dil insana verilib ki, bütün məsələlərdə anlaşsınlar. Yəni dil olan yerdə insanın soyuq silaha əl atması psixoloji problemin olması deməkdir. Təssüf edirəm ki, psixoloji problemi olan insanların sayı cəmiyyətdə get-gedə artır. Düşünürəm ki, bunun qarşısını almaq üçün ciddi cəza tədbirləri tətbiq edilməlidir. Düzdür bəzən ölüm halları baş verədikdə ciddi cəza tədbirləri tətbiq olunur. Lakin kimisə yaralayanlara da cəzalar verilməlidir. Birinin qarşısındakı insanı öldürüb az müddət cəza alması ətrafdakı şəxslərə də şüur altı təsir edir. Yəni məndə elə hadisə törətsəm, cəzam az olacaq və ya cəza verilməyəcək düşüncəsi yaradır. Cinayətkarlıqla mübarizə qanunlarımız ciddiləşdirilməlidir. Ailə məişət problemləri, namus və əxlaqa görə də bu cür problemlər baş verir. Lakin insan şüurlu şəkildə düşünməlidir ki, hüquq mühafizə orqanlarına müraciət edərək problemləri həll oluna bilər”.