Meteor yağışın insanlara heç bir təsiri yoxdur-AÇIQLAMA

Bu yağışlar normal yağışdan fərqlənmir, daha doğrusu, bir qədər doluya  bənzəyir
 
  Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən məlumata görə, oktyabrın 21-də meteorların sayı pik həddə olacaq.
Bildirilib ki, Bakıda yağış saat 22:00-dan 06:27-yə - səhər açılana qədər müşahidə olunacaq.
Məlumata görə, mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər.
Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrünün tamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ci ildə görünəcək.
Bəzən meteorlar meteor yağışı kimi tanınan qruplar halında düşürlər. Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bu nöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantın yerləşdiyi bürcün adını daşıyır.
Qeyd edək ki, bu, ayın ikinci meteor yağışıdır. Belə ki, Drakonid meteor yağışı oktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq.

  Astronom Nazim Həsənov isə "Sherg.az"a açıqlamasında deyib ki, Günəş sisteminin kiçik cisimlərindən biri olan meteorlar kometlərin parçalanması nəticəsində yaranır. Böyük sürətlə yer atmosferinə daxil olaraq atmosferlə sürtünmə nəticəsində əriyərək alışır:

 “Meteor yağışı gecə səmasında bir nöqtədən bir neçə meteorun çıxması və işıq saçması müşahidə edilən səma hadisəsidir.
Meteor yağışları Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə yaranır. Zaman keçdikcə bu axınlardakı quma bənzər parçalar Günəş sistemi ətrafında ana cismin orbitinin uzunluğu boyunca paylanır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda, adətən, təxminən 70-100 km yüksəklikdə “düşən” ulduzlar görünür. Meteorların əksəriyyəti atmosferin 80–120 km hündürlüyündə alışır və 30–40 km hündürlükdə toz halında atmosferə qarışaraq sönür. Ən çox meteor görmək üçün birbaşa yağışın mənbəyinə deyil, səmanın ondan təxminən 30-40° uzaqlıqdakı hər hansı qaranlıq hissəsinə baxmaq lazımdır. Məhz yağışın mənbəyindən bu məsafədə meteorların əksəriyyəti görünür. Meteorların əksəriyyəti qum dənəsindən kiçikdir, ona görə də demək olar ki, hamısı parçalanır və heç vaxt Yer səthinə düşmür. Digər tərəfdən, bəzi meteoritlər var ki, onların çəkisi tona çatır. Əksər meteorlar Yer atmosferindən keçərkən istiliyin təsiri ilə tamamilə məhv olurlar. Yalnız böyük meteor fraqmentləri Yerə çata bilər. Çox intensiv və ya qeyri-adi meteor yağışları meteor partlayışları və meteor fırtınaları kimi tanınır, saatda ən azı 1000 meteor, xüsusən də Leonidlər istehsal edir. Alimlər hesab edirlər ki, hər gün və gecə minlərlə meteor düşür. Lakin Yer səthinin böyük hissəsi su ilə örtüldüyü üçün Yerə çatan meteoritlərin əksəriyyəti okeanlara və göllərə düşür. Meteorların səmada vahid, xüsusi bir istiqamətdə hərəkət etdiyini görmək olar. Ancaq adətən minlərlə meteor bir yerdə olur. Yer Günəş ətrafında fırlanarkən bu meteor qruplarına yaxınlaşa bilər. Atmosferin üst təbəqələri ilə təmasda olduqca istiləşən meteoritlər də bizə “meteor yağışı” görüntüsü verir”. 

  N.Həsənovun sözlərinə görə, əsas meteor yağışlarına Orionidlər, Leonidlər, Perseidlər, Liridlər, Kvadrantidlər, Eta akvaridləri, Ursidlər, Delta akvaridləri, Cənubi Tauridlər, Drakonidlər və Əkizlər daxildir:
 “Meteor yağışları arasında Kvadrantidlər öz fərqliliyi ilə seçilir. Kvadrantid meteorlarının 1490-cı ildən bəri müşayiət olunmayan kometanın parçalanmasından yarandığı təxmin edilir.
Bu, əsasən qısa zaman kəsiyində, cəmi bir neçə saat davam edir. Kvadrantidlər daha yaxşı tanınan Perseid və Əkizlər yağışlarının daha bol və qısa sürən sıx axını ilə fərqlənir. Əgər şansınız gətirərsə, uyğun mövqedə aydın səma altında saatda 100-120 və ya daha çox meteorit izləyə bilərsiniz”.
Həmsöhbətimiz meteor yağışının insanlara heç bir təsirinin olmadığını  bildirib. Onun sözlərinə görə, meteor yağışları normal yağışdan fərqlənmir, daha doğrusu, bir qədər doluya  bənzəyir. İnsanlara isə heç bir təsiri yoxdur.