Dünyanın heç bir ölkəsində belə bir vəziyyət yoxdur
Vətəndaşlar qeydiyyatda olduğu ərazidən asılı olmayaraq şəxsiyyət vəsiqəsi ilə TƏBİB tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Bu da öz növbəsində böyük sıxlığın yaranmasına səbəb olur.
Mərkəzi Neftçilər Xəstəxanasında qeydiyyat masalarının qarşısında yaranan sıxlığın aradan qaldırılması və pasiyentlərin növbə sistemini tənzimləmək məqsədilə elektron növbə monitorları istifadəyə verilib. Nəticədə tibb müəssisəsində canlı növbənin idarəedilməsində ardıcıl və daha rahat qaydada xidmət göstəriləcək.
Professor Adil Qeybulla isə “Sherg.az"a açıqlamasında deyib ki, elektron növbə təxirəsalınmaz xəstələrə aid deyil:
“Bu üsulla xəstələrin növbə ilə həkimin qəbuluna düşməsinə şərait yaradılacaq. İnsanlar “randevu” gözləmədən birbaşa xəstəxanalara axışırlar. Bu da xəstəxanalarda hədsiz dərəcədə bir növbəlilik yaradır. Nəticədə vətəndaşlar özləri məmnun qalmırlar. Bu qədər növbənin öhdəsindən xəstəxana necə gələ bilər? Bu, mümkün deyil. Dünyanın heç bir ölkəsində belə bir vəziyyət yoxdur. Ona görə də biz ilk növbədə “randevu” sistemini və elektron növbəni qaydaya salmalıyıq. İnsanlar növbəli şəkildə müraciət etməlidirlər. Yəni növbəyə durmalıdırlar və bunun üçün elektron növbələr olmalıdır. Vətəndaş da növbəsi çatanda həkimə yaxınlaşmalıdır.
Bu həm işin keyfiyyətini, həm həkimlərin məsuliyyətini artırar, həm də xəstələr daha effektiv müalicə alarlar. Bu zaman ayrı-ayrı müayinələrin, ultrasəs aparatı, laboratoriyalarda insanların tıxac yaratması problemi həllini tapar”.