83 yaşlı qadın bəysiz özünə toy çaldırdı

Adanada qocalar evində yaşayan 83 yaşlı Sümbül Topbaşın gəlinlik geyinmək arzusu gerçəkləşib. Ailə və Sosial Xidmətlər İl Müdirliyinin təşkil etdiyi toyda yaşlı qadın bəysiz gəlinlik geyinərək özünü nümayiş etdirib.

Sherg.az xəbər verir ki, Yüreğir mahalının Köprülü Məhəlləsində tək yaşayan Sümbül Topbaş gəncliyində platonik eşq yaşadığı insana açıla bilmədiyi üçün heç kimlə evlənməyib.


Yaşı irəliləyən Topbaş ötən il Seyhan Qocalar Evi Yaşlılara Baxım və Reabilitasiya Mərkəzində məskunlaşıb.
Topbaş yeni dostları və qocalar evi işçiləri ilə söhbət edərkən əvvəllər evli olmadığı üçün ağ gəlinlik geyinə bilməməsindən şikayətlənib.

İşçilərin xəbərdarlığından sonra Ailə və Sosial Xidmətlər İl Müdirliyi müxtəlif qeyri-hökumət təşkilatlarının dəstəyi ilə Topbaş üçün toy mərasimi təşkil edib. Ağ gəlinlik geyinən Topbaş saçlarını bərbərdə düzəldib, daha sonra gəlin maşını ilə nağara və tütəklərin müşayiəti ilə şadlıq sarayına gəlib.

Bəysiz toyda Topbaşın məhəllədən olan dostları, qohumları və qocalar evində yaşayanlar iştirak ediblər.

Topbaşı rəqsində Ailə və Sosial Xidmətlər İl müdiri Mustafa Gökboğa müşayiət edib. Topbaş daha sonra qonaqlarla Çiftetelli oynayıb.

Sümbül Topbaş çox xoşbəxt olduğunu bildirib: "Bu gün arzularım gerçəkləşdi. Hər kəsə ailə qurmağı tövsiyə edirəm".

Ailə və Sosial Xidmətlər İl müdiri Mustafa Gökboğa, "Xalamız heç vaxt gəlinlik geyinməyib və heç evlənməyib. Onun arzusunu gerçəkləşdirdiyimiz üçün çox xoşbəxtik. Hər zaman yaşlılarımızın yanındayıq" deyə bildirib.

Köprülü Məhəllə Muxtarı Mehmet Emin Balaban Sümbül Topbaşın məhəllənin sevilən simalarından biri olduğunu və toy təşkilatı sayəsində böyük xoşbəxtlik hiss etdiyini söyləyib.