Aqşin Yenisey: "Makdonalds"da böyüyən uşaqda istedad ola bilməz

Həmişə bu küncdə! (RUBRİKA)

“Kənd və şəhər arasında əlaqə olmalıdır”

“Son otuz ildə cəmiyyətə təbliğ olundu ki, yalnız Aygün Kazımovanın vid-fasonunu yadda və diqqətdə saxla, qalan hər şeyi unut!”


  “Azərbaycanın Bakıyla məhdudlaşdırılması ölkənin yarısını bütün ictimai proseslərin kənarında saxlayır. Sərgilər, yarmarkalar, müxtəlif mədəni-kütləvi tədbirlər ancaq Bakıda yaşayanlara hesablanır. Nəticədə intellekti olan, amma istedadı olmayan bir nəsil yetişir”.

 "Sherg.az" xəbər verir ki, bu  barədə şair Aqşin Yenisey sosial media paylaşımında qeyd edib. Şairin sözlərinə görə, istedad uşağın təbiətlə ünsiyyətinin məhsuludur, intellekt cəmiyyətlə: 
"Makdonalds"da böyüyən uşaqda istedad ola bilməz, onda olan intellektdir.  İstedadın sosial məzmun qazanması üçün kənd və şəhər arasında əlaqə olmalıdır. Məni adam eləyən qoyun otaranda oxuduğum mavi üzlü "Elm və həyat" jurnalı olub.  Bu gün kənd Bakıda ancaq kənd toyuğu, kənd yumurtası, motal pendiriylə təmsil olunur. Kənddən şəhərə istedad gəlmir. 
  İstedadın olmaması ictimai mühitimizi cansızlaşdırır. İntellekt quru təfəkkür yaradır. İntellekt yaddaşa quraşdırılmış sayğacdır”. 

Bunun səbəbinə gəldikdə isə A.Yenisey qeyd edib ki, səbəbi bürokratiyanın şəhərləşməsidir: 
“Bürokratik sistemin yalnız "Makdonalds"da böyüyüb, xaricdə təhsil alıb, heç vaxt ictimai mühitdə görünməyən insanlardan təşkil olunması. Bu insanlar kəndi, əyaləti ancaq yeməkləri ilə tanıyırlar. Kənd şəhər insanının beynində artıq sürgün yeri kimi təsəvvür olunur. Kəndlilərin tənbəlləşməsinin səbəbi də şəhərdə unudulmalarıdır. Son otuz ildə Azərbaycan elmi, ədəbiyyatı niyə tənbəlləşib tüfeyliləşdi? 
Unudulduğu üçün!!! 
  Son otuz ildə cəmiyyətə təbliğ olundu ki, yalnız Aygün Kazımovanın vid-fasonunu yadda və diqqətdə saxla, qalan hər şeyi unut. 
Nəticəsi? Bu gün bütün Azərbaycan müğənni həyatı yaşamaq istəyir, əlinə fürsət və pul düşən kimi müğənniləşir.  Müğənniləşə bilməyənlər də psixoloq yanına gedir. Bürokratiya ölkəni bütöv görə bilmir. Startap layihələri şəklində qırıq-qırıq görür. Arasında dostlarımın da olduğu gənc bürokratların otağına girəndə gözüm divarda Azərbaycan xəritəsini, ölkənin bütöv şəklini axtarır. 
Hələ ki, belə divara rast gəlməmişəm”.