Bir neçə il öncəyə qədər ölkəmizə avtomobillər daha çox Gürcüstan və bir çox Avropa ölkələrindən gətirilirdi. Lakin hazırda həmin ölkələrin siyahısı və bazarda vəziyyət tamamilə dəyişib.
Avtomobil satışı üzrə mütəxəssislər bildiriblər ki, indi ölkəmizə satış üçün avtomobillər daha çox Çin, Cənubi Koreya və Yaponiyadan gətirilir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Sherg.az"a söyləyib ki, Gürcüstan Azərbaycana tranzit ölkə olduğu üçün əvvəllər avtomobillər daha çox buradan gətirilirdi:
''Avtomobil əldə etmək istəyənlər də şəxsən özləri həmin ölkəyə üz tuturdular. Ancaq indiki dövrdə tendensiya bir qədər dəyişib. Beləki indiki dövrdə vətəndaşlar əsasən elektrikli və hibrid avtomobillərə üstünlük verirlər. Bu avtomobil modelləri isə Çindən gəlir. Cənubi Koreyadan isə dizel mühərriki ilə işləyən nəqliyyat vasitələri gətirilir. Ona görə də istiqamət Avropa, Amerika və Gürcüstandan Şərqə doğru yönəlib. Yəni, həmin ölkələr bu sahədə liderdir. Bu gedişlə onlar digər avtomobil konsermlərinin fəaliyyətində ciddi dərəcə çətinlik yaradacaqlar. Çünki orada istehsal olan maşınların keyfiyyəti yüksək, qiymətləri isə münasibdir. Bir sözlə, bazarı ələ alıblar".