İndiki vaxtda müasir texnologiyanın təsiri ilə ünsiyyət daha asan və tez bir anda baş verir.Lakin, rəqəmsallaşmış dünyada belə insanlar hələ də öz-özünə danışmaq vərdişlərini qoruyub saxlayırlar. Bir çox insanlar daxili səsləri ilə dialoq qurmağa, fikirlərini ifadə etməyə və ya problemlərini həll etməyə üstünlük verirlər. Cəmiyyətdə öz-özünə danışan insanlara münasibət xoşagəlməzdir. Uca səslə düşünməyə və daim sual verməyə üstünlük verən bu insanlara əksəriyyət dəli kimi baxır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan psixoloq Gülnar Orucovanı sözlərinə görə, əvvəlki dövrlərdə bu nüans daha çox yaşlı insanlarda təsadüf edilirdi:
''Amma indiki dövrdə orta yaşlı insanlar da öz-özünə danışmağa başlayıblar. Ancaq gənc nəsildə belə hallar müşahidə edilmir. Çünki onlar qulaqcıqla musiqi dinləyirlər. Şən və əyləncəli ruhda olurlar. Ümumiyyətlə, insan bir yaşdan sonra problemləri çox götür-qoy edir, stressə davamlılığı çox aşağı olur. Təbii ki, hər bir kəsin həyatında stress mövcuddur. Sadəcə olaraq bu, hər insanda fərqlidir. Kimi nəqliyyat vasitəsində sırası gecikdiyi, kimi isə mübahisə əsnasında öz sözünü deyə bilmədiyi üçün stress yaşayaraq fikir çəkir. Bu vəziyyət həssas, iradəsi, özgüvəni zəif və problemləri şişirdən pessimist insanlarda daha çox görülür. Ümumiyyətlə, hadisə baş verdikdən sonra, hisslərimiz, davranışlarımız öz sözünü desə də yenidən hadisəni beynimizdə canlandırırıq. Nəticədə müqayisələr aparırıq. Əslində bu, sayrışan nevroz hallarına gətirib çıxarır. Elmi dildə desək, OKP(Obsessiv-kompulsiv pozuntu) yarana bilər. Sonra isə həmin düşüncələr hansısa davranışla əvəz olunur. İlk olaraq eyni şeyi düşünür və içində narahatlıq yaranan kimi təmizlik, sıralama, nəzarətetmə obsessiyaları baş qaldırır".