Polietilen torbalardan istifadəsi artıb: Alternativ qaydalara ehtiyac var

Polietilen torbaların təbiətə vurduğu ziyanı nəzərə alaraq, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da onun pulla satılmasına qərar verilib. 2023-cü il fevralın 15-dən mağazalarda kiçikölçülü polietilen torbalar 3 qəpiyə, böyükölçülülər isə 5 qəpiyə satılır. Məqsəd bu torbalardan istifadəni azaltmaq idi. Lakin biz görürük ki, bu addım əks-effekt verib.
Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çantalar istehsal və istifadə edilib. Bu, keçən ilin eyni dövrü (yəni torbaların pulla satılmağa başladığı dövr) ilə müqayisədə 26% çoxdur.
Maraqlıdır, bəs görəsən, bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı danışan tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, polietilen torbalar nə qədər pullu olsa da istehlakçılara alternativlər təklif edilmir:

"Məsələn, müştərilərə parça, kağız və torbalar da verilə bilər. Ekoloji baxımdan təmiz olan torbalar baha qiymətədir. Ona görə də vətəndaşlar polietilen torbalar əldə etməyə üstünlük verirlər. Həmçinin, polietilenlərin praktik, daşınma üçün daha əlverişli və ucuz olması pullu olsa da tələbatı azaltmır. Fikrimcə, polietilen torbaların həm ekoloji, həm də sağlamlığımız üçün zərərli olduğunu təbliğ edən maarifləndirmə işləri yetərincə həyata keçirilmir. Ona görə də bu istiqamətdə tədbirlər gücləndirilməlidir. Paralel olaraq kağız və parça torbalar istehsal edərək, bazara təqdim edən iş adamlarına dövlət dəstəyi həyata keçirilməlidir. Bununla onlar daha ucuz şəkildə parça və ya kağız torbaları istehlakçılara təqdim edə biləcəklər. Bunun üçün investisiya proqramları yaradılmalıdır. Prosses Avropa təcrübəsində də belədir. Polietilen torbaların istehsalının artması ilə bağlı statistik rəqəmlər əvvəlki illərlə müqayisədə əhalinin bundan daha çox istifadə etdiyini göstərir. Adətən, marketlərdə yalnız satış nöqtələrində polietilen torbaların ödənişli olduğunu görürük. Lakin müştərilər meyvə-tərəvəz, qənnabı məhsulları alarkən polietilen torba üçün pul ödəmir. Bu da statistikaya əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla bağlı Azərbaycanda sərt qanunlar qəbul edilməlidir. Doğrudur, polietilen torbalardan istifadə üçün ödəniş tələb olunur. Lakin bu vəziyyətdən çıxış yolu deyil. Bir sözlə, alternativ qaydalara ehtiyac var".