Son günlər paytaxt küçələrində çəkilən avtobus zolaqları müzakirə obyektinə çevrilib. Xüsusilə avtomobil sahibləri bu zolaqlar, o cümlədən yazılan cərimələrlə bağlı narazılıqlarını mütəmadi olaraq gündəmə gətirirlər. Əlavə olaraq vətəndaşları bir sual maraqlandırır. Avtobus zolağına daxil olan avtomobillər üçün cərimə tətbiq olunursa, avtobus zolağından çıxan sürücülər üçün niyə cərimə tətbiq olunmur?
Məsələni dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, Bakı infrastruktur imkanlarına görə, tarixi qədim şəhərdir:
"Yəni, az adamın məskunlaşması üçün nəzərdə tutulub. Paytaxtımızın küçələri isə o qədər də böyük, enli deyil. Lakin urbanizasiyanın təsirindən Bakı şəhərində yüklənmə müşahidə edildi. Yeni binalar tikildi, əhalinin, avtomobillərin sayı şiddətli şəkildə çoxaldı. Yeni avtobus zolaqlarının çəkilməsi nəticəsində isə nəqliyyatın intensiv hərəkəti bir qədər də məhdudlaşdı. Yəni, Bakı şəhərinin həcmi nəqliyyat vasitəsinin miqdarına tab gətirə bilmir. Ona görə də tıxac problemi əbədi problemə çevrilib. Fikrimcə, ən azından müəyyən vaxtlarda digər nəqliyyat vasitələrinin avtobus zolaqlarına daxil olmağına icazə verilməlidir. Sözsüz ki, avtobus sürücülərinin bir çoxu yollarda bəzi manevrlər edirlər. Beləki onlar avtobus yolundan çıxaraq digər sürücülərin istifadə etdikləri zolaqlara daxil olurlar. Nəticədə yeni problemlər meydana çıxır. Ümumiyyətlə avtomobillərin avtobus zolağına daxil olması, avtobusların isə həmin zolaqdan kənara çıxması yolverilməzdir. Bu səbəbdən avtobuslar onlar üçün quraşdırılan zolaqlar üzrə hərəkət etməlidirlər".