Nəsimi rayonu, Novruzov Qardaşları, 55 ünvanında yerləşən ev sahibi ilə "Pilot-16" MMC tikinti şirkəti arasında məhkəmə çəkişməsi gedir.
Belə ki, tikinti şirkətinin evin müqabilində verdiyi kompensasiya ev sahibini qane etmir. Ona verilən beş yüz min manatla razılaşmayıb, bir milyon manat tələb edir.
Vətəndaş Yusif Quliyev iddia edir ki, evdən çıxarılması üçün süni maneələr yaradılır. Evin ətrafında qazıntı işləri aparılır və süni göl yaradılıb.
Ev sahibinin qaynının tikinti şirkətinə məxsus ağır texnikanı yandırması vəziyyəti daha da çətinləşdirib.
Maraqlıdır, belə vəziyyətlərdə çıxış yolu nədədir? Əgər vətəndaş konpensasiyanın miqdarından razı deyilsə, tikinti şirkətinin həmin şəxsi çıxartmaq kimi bir haqqı varmı?
Suallarımızı cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc "Sherg.az"a bildirib ki, ilk növbədə vətəndaş evə dair mülkiyyət sənədinə sahib olmalıdır:
"Əgər mülk ona məxsusdursa, şəxsin razılığı olmadan heç kimin evə müdaxilə etmə kimi məsuliyyəti yoxdur. Həmçinin, yaşayış evi yüksək gərginlikli elektrik xətlərinin altında, meşə zolağında deyil, tam qanuni və hüquqi əsaslar üzərində tikilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları həmin ev sahibini müdafiə etmək iqtidarındadır. Digər tərəfdən belə olan halda vətəndaş həmin əmlak üçün müvafiq qiymətləndirmə şirkətlərinin birinə müraciət etməlidir. Bununla, real bazar dəyərini müəyyənləşdirmək mümkündür. Həmin şəxs məhkəməyə müraciət etməlidir ki, ona verilən konpensasiya real bazar dəyəri ilə üst-üstə düşmür. Daha sonra bu iş barədə mübahisə aparmaq olar. Bir sözlə, problem yalnız qeyd etdiyim üsulla həll oluna bilər. Nəzərə almaq lazımdır ki, ev sahibi istədiyi məbləği tələb etmək haqqına malik deyil. Məsələn, hansısa ərazidə istər dövlət, istərsə də özəl şirkək layihə planlaşdıraraq bütün vətəndaşlara konpensasiya ödəyibsə, bir nəfərə görə, proyektin baş tutmaması vicdanlı yanaşma deyil. Bu baxımdan bu kimi mübahisələri aradan qaldırmaq üçün üçüncü tərəfə ehtiyac var. Çünki həmin ev müstəqil formada qiymətləndirilməlidir. Bu mərhələdən sonra vətəndaşın əlində hesabat olduğuna görə, hüquq-mühafizə orqanlarına müraciət edilə bilər. Ümumiyyətlə, konpensasiya ödəyən tərəf real bazar dəyərlərini nəzərə almalı, ona uyğun məbləğ təklif etməlidir. Eyni zamanda sahibkar evinə yaxın yerlərdə konpensasiyanın dəyərinə uyğun mənzil ala bilərsə, bu ədalətli yanaşma olar. Əks halda verilən pul uzaq məkanlarda ev almağa yetirsə, ailənin bir ərazidən digərinə köçürülməsi deməkdir. Hər bir halda Azərbaycan böyük layihələrə üstünlük verən, xalqını düşünən hökümətdir. Ümid edirəm ki, şikayyətçi tələblərində haqlıdırsa, müvafiq orqanlar tərəfindən nəzərə alınacaq. Onun haqsızlığa uğramasına imkan verilməyəcək".