Ekspert: Ödənişi hansı markalı avtomobil sahibinin ödəməsinin fərqi yoxdur

Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə eyni məbləğdə cərimə tətbiq edilir. Maşının qiyməti baha da olsa, ucuz da.
Sosial şəbəkədə sözügedən mövzu müzakirəyə çıxarılaraq qeyd edilib ki, bu sistem yanlışdır.
İstifadəçilərin fikirlərinə görə, bahalı avtomobillərə daha çox cərimə tətbiq edilməlidir.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında "maşının qiymətinə görə cəza dəyişməlidirmi?" sualı ilə sorğu keçirib.
"Taksi sürücüsüyəm. 7 min manatlıq maşın sürürəm. Mənə də 100 manat cərimə gəlir, 150 minlik avtomobil sürənə də", - deyə sakin narazılıq bildirib.
Bəs görəsən, cərimənin avtomobilin qiymətinə görə dəyişməsini reallaşdırmaq mümkündür?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev  "Sherg.az"a söyləyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına 25-ci maddəsinə əsasən hər kəsin bərabərlik hüququ var:

"Yəni, bütün vətəndaşlar qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə, həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar".                             
Ekspert vurğulayıb ki, avtobus, velosiped zolaqlarına qoyulan cərimələrə nəzarət gücləndirilməlidir:                
"Cərimələrin məbləğı az deyil. Ödənişi hansı markalı avtomobil sahibinin ödəməsinin fərqi yoxdur. Əsas odur ki, cərimələri aktiv olaraq tətbiq etsinlər. Yəni, bu birbaşa insanın prioritetinə təsir edir. Əlavə olaraq digər qanun pozuntusuna görə, edilən cərimələrə diqqət etməyə ehtiyac var. Səkilərdə, səki keçidlərində parklanmanın qarşısını amaqdan ötrü, sərt nazərət tətbiq edilməlidir. Çünki avtomobillər bir çox yerləri zəbt etməklə ümumi hərəkətə maneə törədir. Avtobus və ya velosiped zolaqlarına daxil olan digər nəqliyyat sürücülərinə 100 manat 2 bal yazılır. Həmin sürücü on dəfə eyni qaydanı pozarsa, sürücülük hüququndan məhrum olunur. Fikrimcə, bu növ cərimə edilən şəxslərin sayı, həftəlik statistikası tərtib edilməlidir. Çünki bu nüans digər sürücülərə də məlumat xarakterli paylaşım kimi olardı. Bununla, qanunun və cəzaların işləkliyini göstərmək daha məqsədəuyğundur".