Parklanma şəhərdə əsas problemlərdən birinə çevrilib -EKSPERT

Bakıda ödənişsiz parklanma məntəqələri təşkil edilir.                      
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən paytaxtın Mikayıl Useynov və Aqil Quliyev küçələrində 9 məntəqə üzrə 94 parklanma yeri təşkil edilib.
Üç məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub.
Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.         

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov "Sherg.az"a bildirib ki, fiziki məhdudiyyətli şəxslərin parkinq xidmətindən pulsuz istifadə etməsi təqdirəlayiq addımdır:  
                         
"Fikrimcə, bununla bağlı vətəndaşlara əlavə üstünlüklər verilməlidir. Çünki parklanma şəhərdə əsas problemlərdən birinə çevrilib. Yəni, Bakıda avtomobil saxlamaq üçün yer tapmaq çətin məsələdir. Üstəlik, parklanma xidməti də çox bahadır. Ona görə də sürücülər avtomobillərini səkilərdə, hətta, blokların və həyətlərin girişlərində saxlayırlar. Bu səbəbdən tıxaclar yaranır. Belə halların qarşısını almaq üçün isə mütləq şəkildə avtomobillər üçün yeni parklanma zolaqları yaradılmalıdır. Həmçinin, ödənişlərin  daha münasib qiymətə olması vacib amillərdən biridir. Yəni, hazırda yüksək olan mövcud parkinq qiymətləri endirilməlidir. Bununla da parkinq problemi birbaşa öz həllini tapacaq. Ondan sonra heç kim avtomobillərini səkilərdə saxlamağa məcbur qalmayacaq".