Qış fəslinin yaxınlaşması və havaların soyumasıyla insanlar qış rejiminə keçid edirlər. Məsələn, evlərini də isitməyə başlayırlar. Ancaq bu hazırlıq bəzən faciələrə də səbəb olur. Belə ki, hər il dəm qazından yüzlərlə insan zəhərlənir və zərər çəkir.
Bəs dəm qazından qorunmaq üçün hansı addımlar atılmalıdır və nələrə nəzarət edilməlidir?
Sualımızı cavablandıran əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, qış mövsümünün gəlişi ilə əlaqədar dəm qazından zəhərlənmə və qaz sızıntı nəticəsində partlayış hallarının sayı çoxalmaqdadır:
“Təbii ki, bununda səbəbi istisnasız təhlükəsizlik qaydalarına düzgün əməl olunmaması, qaz təchizatı qaydalarının pozulması, qaz təchizatından istifadə zamanı yolverilmiş nöqsanlardır. Bu cür nöqsanlar baş verdikdə evə dəm qazı sızması və yaxud qaz sızması nəticəsində mənzillərdə, obyektlərdə partlayış hallarının baş vermə ehtimalı yüksəlir. Əvvəlcə binaların tikintisi və layihələndirilməsi zamanı tikinti normalarına və qaz təsərrüfatı qaydalarına əməl olunmalıdır. Dəm qazını müəyyən etmək insan instinkti ilə mümkün olmur. Çünki bu qaz iysiz, rəngsiz və xüsusi özünəməxsus spesifik qoxuya malik deyil. Lakin bir sıra təhlükəsizlik tədbirləri görüldükdə dəm qazı sızması nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Mənzillərdə qaz detektorları quraşdırılmalıdır. Çünki qaz detektorları dəm qazından qorunmaq üçün, dəm qazı sızması nəticəsində insan həyatını xilas etmək üçün çox gözəl vasitədir. Lakin bu detektorlarla bağlı ölkəmizdə müəyyən bir boşluq var. Bununla bağlı vahid standartlar və qaydalar olmalıdır. Detektorlar könüllülük prinsipi əsasında deyil, icbari qaydada həyata keçirilməlidir. İldə iki dəfədən az olmayaraq hamamlarda tüstü bacaları təmizlənməlidir. Detektorların quraşdırılması xüsusi lisenziyalaşmış şirkətlər tərəfindən həyata keçirilməli və dövri olaraq yoxlanılmalıdır. Bununla bağlı ölkəmizdə vahid bir mexanizm tətbiq olunmalıdır ki, dəm qazından sızma halları baş verməsin.
Ekspert əlavə edib ki, dəm qazından zəhərlənmə halları əsasən vanna otaqlarında baş verir və bu səbəbdən də ölkəmizdə tətbiq olunan yeni qaydaların tələblərinə görə qaz cihazları vanna otaqlarında quraşdırılmamalıdır:
"Vanna otaqlarındakı qapılarda havanın dövr etməsi üçün 4-5 dəlik açılmalıdır. Çünki havasız məkanlarda dəm qazının yayılması riski daha yüksəkdir. Tüstü bacaları ildə iki dəfədən az olmayaraq texniki müayinədən keçirilməlidir. Mətbəxlərdə qaz cihazları quraşdırılırsa, mətbəxin hündürlüyü 2.2 metrdən aşağı olmamalıdır. Vanna otaqlarında quraşdırılan avadanlıqlar yalnız elektriklə işləyən cihazlar olmalıdır. Yəni qazla istifadə olunan cihazların mətbəxlərdə quraşdırılması yolverilməzdir. beynəlxalq praktikada dəm qazının vaxtında aşkarlanması üçün mənzillərdə və obyektlərdə xüsusi detektorlar quraşdırılır, hansısa bir sızıntı olduqda artıq bu detektorlar işə düşür".