Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız qaydada köçürülür.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a bildirib ki, on il nəğdsiz şəkildə yığılan bələdiyyə vergilərinin niyə indi “qanuniləşdirilməsi" sual yaradır:
"Mətbuat yazır ki, bəzi qanunvericilik aktlarında bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra dəyişkiliyin edilməsi nəzərdə tutulub. Bununla bağlı məsələlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Məlumatda yer alan bəzi məqamlara diqqət edək.
Məsələn, müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif olunan dəyişiklikdə qanunun 3.4.1-ci maddəsinə əsasən vergilərin yığımı nağdsız qaydada həyata keçirilməsi qeyd edilir. Hətta, bu müddəanın bələdiyyə vergilərinə də şamil olunması nəzərdə tutulur. Məhz, həmin məqama əsaslanaraq bir çox media orqanları "Bundan sonra bələdiyyələr vergilərini nəğdsiz şəkildə yığacaqlar" adı altında başlıq paylaşırlar.
Böyük ehtimal, bələdiyyə vergilərinin 2015-ci ilin yanvar ayının birindən etibarən nəğdsiz şəkildə yığılmasından bir çoxunun xəbəri yoxdur. Bununla bağlı hələ 2014-cü ilin 20 iyun tarixində "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa 11.4-cü maddə də əlavə edilib. Əlavə edilən maddədə xüsusi olaraq qeyd edilir ki, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
(20 iyun 2014-cü il tarixli 1002-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 avqust 2014-cü il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 8, maddə 955) Beləliklə, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən, 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, həmçinin, mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bir sözlə, artıq bələdiyyələr on ilə yaxındır ki, vergilərini nəğdsiz şəkildə yığırlar. Maraqlıdır, bu düzəlişin belə eyforiya ilə təqdim edilməsi hansı məqsəd daşıyır? Belə başa düşmək olar ki, düzəlişi təklif edənlər inidiyədək ya yerli vergiləri ödəməyiblər, ya da onlara hər hansı tədiyə bildirişi göndərməyiblər.
Bu məqamda haqlı olaraq sual yaranır. On il nəğdsiz şəkildə yığılan bələdiyyə vergilərini niyə indi “qanuniləşdirirlər?”.