2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 274 milyon manat təşkil edib.
Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43.4% və ya 1 milyard 899 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 365 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 565 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 84 milyon manatı bankomatlar vasitəsi ilə, 250 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib. Xatırladaq ki, 2024-cü il oktyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 273 min təşkil edib.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, nağdsız alış-veriş kifayət qədər çox üstünlüklərə malikdir:
"Məsələn, tərəfdaş şirkətlərdən edilən alışlar zamanı kartla ödəniş edərkən xüsusi endirim və fürsətlərdən yararlanmaq mümkündür. Əlavə olaraq kartla əməliyyatın ən üstün cəhəti Əlavə Dəyər Vergisinin daha çox hissəsinin qaytarılmasıdır. Yəni, nağd ödəniş etdikdə ƏDV-nin 5, kartla ödədikdə 15 faizi geri qaytarılır. Ümumiyyətlə, vətəndaşlara kartla ödəniş etmək daha sərfəlidir. Kartlar isə iki hissəyə debit və kredit kartlarına bölünür. Debit kartındakı olan vəsait vətəndaşın öz puludur. Kredit kartındakı isə bankdan götürülən borcdur. Günümüzdə bank kartları ilə bağlı yeni dələduzluq növlərindən istifadə olunduğunu eşidirik. Ona görə də kartlardan istifadə və təhlükəsizliklə əlaqədar qaydalara əmək etmək vacibdir ".