Bunu izah etmək mümkün deyil, ancaq gərək yaşayasan
Türkiyənin Aydın bölgəsində yaşayan Mustafa Bayrak universitet imtahanına hazırlaşdığı əlil oğlunu heç vaxt tək qoymayıb.
Sherg.az xəbər verir ki, İstanbul Texniki Universitetinin məzunu olan mədən mühəndisi Mustafa Bayrak 2001-ci ildə memar Müge Bayrakla ailə həyatı qurub. 2003-cü ildə onların Egemen adını verdikləri körpəsi dünyaya gəlib.
3 yaşında müxtəlif əlamətlərlə xəstəxanaya aparılan Egemen Bayraka 40 faiz əlillik hesabatı verilib. Əqli qüsurlu övladını həyata qaytarmaq üçün mübarizə aparan ər-arvad onun təhsilini davam etdirə bilməsi üçün son 21 ildə böyük səy göstərib.
2022-ci ildə orta məktəbi bitirən Egemen Bayrak həmin il universitet imtahanında istədiyi balı yığa bilməyib. Həmin il təqaüdə çıxan ata Mustafa Bayrak oğlu ilə birlikdə universitet imtahanına hazırlaşmağa qərar verib.
Ata və oğul imtahana birlikdə hazırlaşaraq 2023-cü ildə istədikləri balı toplayıblar.
Oğlundan yüksək bal toplasa da seçim etməyən ata Bayrak, Egemen Uşak Universiteti Memarlıq və Dizayn Fakültəsi Şəhər və Regional Planlaşdırma fakültəsinə qəbul olunduqdan sonra əlavə yerləşdirmə dövründə eyni ixtisası seçib.
Həyat yoldaşı Aydında işləyən Mustafa Bayrak oğlu üçün Uşakda ev kirayələyib və onunla birlikdə bu şəhərə köçüb. Otaq yoldaşı olan ata-oğul hər səhər birlikdə universitetə gedir, sinifdə yan-yana oturub təqdimatlarını birlikdə edirlər. Ata və oğul dərs fasilələrində sinif yoldaşları ilə vaxt keçirir, birlikdə dərs oxuyurlar.
Mustafa Bayrak jurnalistlərə oğlunun təhsilinə böyük önəm verdiyini deyib.
Günortaya qədər evdə oxuduqlarını, sonra isə onu universitetə hazırlayarkən birlikdə əyləncəli fəaliyyətlər etdiklərini izah edən Bayrak, “35 ildən sonra yenidən universitet imtahanı vermək, müvəffəqiyyət qazanıb təhsilə başlamaq həm mənim, həm də sinif yoldaşlarım və müəllimlərim üçün son dərəcə fərqli bir hiss idi. Atalığın yanında bir də dərslər var. Birlikdə dərslərdə iştirak edirik, birlikdə çalışırıq. Tələbə olmaq da, ata olmaq da belə mürəkkəb duyğulardan keçir. Bu, izahı mümkün olmayan bir hissdi" deyir.
Bayrak oğlunun və özünün yaxşı qiymətlər aldığını bildirib:
"İndiyə qədər göstərdiyimiz səylərə görə mükafatlandırılmışıq. Uşaq əlindən gələni edir, mən də. Düşünürəm ki, biz uğur qazanırıq. Bu, məni qürurlandırır. Mənim yaşımda oxumağa həvəslənmək və çox uğurlu olmaq vacib şeydir. .Mən də onunla fəxr edirəm. Onunla bu həyatı yaşamaq məni xoşbəxt edir, mənim üçün hər şey deməkdir.
Bayrak onu da əlavə edib ki, Egemen məktəbi bitirdikdən sonra oğlu ilə birlikdə iş yeri açaraq iş həyatına hazırlamağı hədəfləyir.
Egemen Bayrak da atasının hər çətin dövrdə yanında olduğunu anladır. Atasının fədakarlığı olmasaydı, universitetdə oxumasının mümkün olmayacağını ifadə edən Bayrak deyir: "Həqiqətən də gözəl hissdir. Atamın yanımda olmasına şadam. Bu illər ərzində mənim üçün çalışdı. İbtidai məktəbin birinci sinfindən bəri məni böyütdü və atasız mən yaşaya bilməzdim. Məktəbi bitirdikdən sonra atamla birlikdə bir ofis açacağıq".
Uşak Universitetinin rektoru Prof. Dr. Ekrem Savaş, universitetin əlillərin həyatını asanlaşdırmaq üçün hər gün özünü yenilədiyini və "maneəsiz universitetlər" arasında ən çox mükafat alan 20 universitetdən biri olduqlarını qeyd edir.
Ata və oğlunun birlikdə təhsil almasından məmnun olduğunu dilə gətirən Savaş, hər ikisinin də uğurlu tələbə olduğunu bildirib.