Azərbaycanın neçə səfiri qadındır?

Azərbaycanın xarici ölkələrdə 75 səfirliyi, 5 daimi nümayəndəliyi, 1 təmsilçiliyi fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, Modern.az bunlardan cəmi ikisinə xanım diplomatın rəhbərlik etdiyi haqda məlumat yayıb.

Onlardan biri Polşadakı səfirimiz Nərgiz Qurbanovadır. O, Vyana Universitetində (Avstriya) siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb. Jönköping Beynəlxalq Ticarət Məktəbində (İsveç) beynəlxalq biznes və Nitsa (Fransa) Universitetində beynəlxalq hüquq təhsilinə yiyələnib.

2004-2007-ci illər arasında Azərbaycanın Avstriyadakı səfirliyində üçüncü katib, daha sonra ikinci katib vəzifələrində çalışıb. 2010-2013-cü illərdə ABŞ-dakı səfirliyimizdə işləyib, səfir müavini olub.

2014-2016-cı illərdə XİN-in İqtisadi Əməkdaşlıq və İnkişaf Departamentinin direktoru vəzifəsini icra edib.

2016-cı ildən 2020-ci ilədək Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsini tutub. 8 yanvar 2021-ci ildən hazırkı vəzifəsində çalışır. Evlidir, bir övladı var.

Digər xanım səfirimiz isə Fransadakı səfirimiz Leyla Abdullayevadır. O, 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.

2002-ci ildən etibarən XİN-də çalışıb. 2018-ci ilin oktyabrında XİN Mətbuat xidməti idarəsinin rəisi təyin olunub. 2022-ci ildə Fransaya səfir göndərilib.

Ailəlidir, iki övladı var. Leyla Abdullayevanın həyat yoldaşı da diplomatdır. O, Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynovdur.