Suriyada hər şey bitdi demək çətindir- POLİTOLOQ

Bir çox ölkələr parçalanma ehtimalına qarşı hazırlıqlıdır və yaxud bu yöndə addımlar atır


Suriyada başlayan proseslər Yaxın Şərqdə baş verəcək prosesləri bir qədər də alovlandıracaq. Artıq bəzi ərəb ölkələri onların ərazisində də çevrilişlər olma ehtimalını nəzərdən keçirir və bu yöndə addımlar atır. Əlcəzairlə Fransa arasında artıq diplomatik toqquşma baş verib. Əlcəzair hökuməti Fransanı ölkəni qarışdırmaqda, terror qruplarını maliyyələşdirməkdə ittiham edir. Proseslər onu göstərir ki, digər ərəb ölkələri də analoji halla üzləşəcək.

Bu barədə “Sherg.az”a danışan siyasi şərhçi Səxavət Məmmədin sözlərinə görə, Suriya ilə bağlı yekun qərarın verildiyini demək mümkün deyil. Onun sözlərinə görə, bir çox ölkələr Suriyanın vahidliyinin tərəfdarı olsa da, hətta bu bəyanatı verən ölkələr belə parçalanma ehtimalına qarşı hazırlıqlıdır və yaxud bu yöndə addımlar atır: 

“HƏMAS-la toqquşmadan sonra Livan “Hizbullah”ı ilə müharibəyə girən İsrail artıq Suriyadakı qarışıqlıqdan, yiyəsizlikdən istifadə edərək Suriya ərazisini vurmaqla yanaşı, müəyyən əraziləri də işğal edir. Belə ki, artıq İsrail müdafiə naziri işğal etdikləri ərazilərə yerləşmək ilə bağlı orduya əmr verdiyini açıqlayıb. İsrail bu addımla ən çox yoxluq çəkdiyi su problemini müəyyən mənada həll etmiş olur. İsrail üçün ən uyğun variant Suriyanın parçalanmasıdır. Çünki belə bir parçalanma olacağı təqdirdə ərazisini de-yure olaraq da genişləndirə biləcək. Ona görə də İsrail kürd qruplarına ciddi dəstək verir. ABŞ isə dildə Suriyanın bütövlüyünü istədiyini bəyan etsə də, İsrailin atdığı addımlara göz yummaqla mövqeyini ortaya qoymuş olur. Suriyanın parçalanmasını istəməyən ölkələr arasında Türkiyə, İran, İraqı deyə bilərik. Çünki kürd dövlətinin yaranması mütləq şəkildə bu üç ölkəyə təsirsiz ötüşməyəcək. Türkiyənin B variantı olaraq türkmənləri dəstəkləmək və parçalanma fonunda türkmənlərin dövlət qurması yönündədir. Məsələ ondadır ki, bunun özü belə Türkiyəni təhlükədən qorumuş olmur. Zamanında şiə faktoruna qarşı demoqrafik yerdəyişmələr Türkiyənin indiki məqamda başağrısına çevrilə bilər. Suriya prosesindən kənarda qalsa da, bu prosesdə mütləq şəkildə İranın müdaxilə edəcəyini görəcəyik. Çünki bu məsələ İranın özünün belə parçalanmasına gətirib çıxara bilər”.
Rusiyaya gəldikdə isə S.Məmməd deyib ki, ruslar Suriyadakı bazaları Liviyaya köçürməklə məşğuldur. Bu, o anlama gəlir ki, Suriyadakı dalğa Liviya ilə yanaşı Afrikanı da vuracaq: “Rusiya Afrikada proseslərə hazırlıqlı olmaq istəyir. “Heyət Təhrir əş-Şam” (HTŞ) lideri əl-Colani İrandan fərqli olaraq Rusiya ilə əməkdaşlıq edəcəklərinin mesajlarını verir. Düşünürəm ki, əl-Colani istəsə də, istəməsə də, gələcəkdə İranla əməkdaşlığa getməyə məcbur olacaq.
Rusiyanın həm fiziki baxımdan, həm də strateji baxımdan Suriyadakı proseslərə qoşulmağa imkanları yoxdur. Ruslar ona görə də üzüsulu şəkildə Suriyadan çıxıb əməkdaşlıq edəcək. Dünyada nə baş verir versin, Rusiyanı Ukrayna hədəfindən yayındırmır. Görünür ki, Rusiya qarşısına qoyduğu məqsədə çatmaq üçün bəzi bölgələrdən çəkilmələrə gedəcək. Bu, onun rəqibləri üçün göydəndüşmədir. Ona görə də gedə biləcəkləri qədər getməyə çalışacaqlar.
Müharibə başlayandan Rusiyanın əsas strateji hədəfinin Odessa olduğunu demişəm. Rusiya bu hədəfə çıxa biləcək-bilməyəcək, bunu yaxın gələcəkdə görəcəyik. Bundan əlavə, Rusiya üçün Belarusun təhlükəsizliyi və Cənubi Qafqaz əsas ön plandadır. Belarusa nüvə başlıqlarının verilməsi isə Rusiyanın hansı addımlar ata biləcəyini ortaya qoyur. Rusiya NATO təhdidinə qarşı Suvalki dəhlizini hədəf ala bilər. Suvalki NATO üçün son dərəcə əhəmiyyətli bir dəhliz sayılır. Belarusun nüvə başlıqları ilə silahlandırılmsı bu gün üçün yox, məhz bu cür əməliyyatlar üçün nəzərdə tutula bilər”.
Siyasi şərhçi qeyd edib ki, dünyada baş verən proseslər  açıq şəkildə onu göstərdi ki, BMT tam yararsız bir təşkilata çevrilib. Onun Təhlükəsizlik Şurası isə dünya üçün təhlükədir: “Dünyada baş verən bütün münaqişələrin altından birbaşa və yaxud dolayısı ilə Təhlükəsizlik Şurasının üzvləri çıxır. Ona görə də yenilənən dünyada BMT də, elə onun Təhlükəsizlik Şurası da yenilənməli olacaq. Böyük ölkələr onsuz da köhnə qanunlarla idarə olunmurdu, artıq regional güclər və kiçik dövlətlər də köhnə qanunlarla hərəkət etmək niyyətində olmadığını ortaya qoyur. Bu şərtlərdə sülhün, nizamın gələcəyini gözləmək məntiqli deyil. Böyük müharibə qaçılmazdır. Azərbaycan da hərbi gücün artırılması yönündə addımlar atır. Dünyada baş verənlərə baxdıqda bunu anlamaq olur”.