Bir il ərzində infrastruktur obyektlərinin istismarına sadələşdirilmiş qaydada icazə veriləcək

2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (qeyri-yaşayış binası) istismarına sadələşdirilmiş qaydada icazə verilməsinə dair prosedurun müddəti daha 1 il uzadılıb.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Bu müddət 2025-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək uzadılıb. Eyni zamanda qeyri-yaşayış təyinatlı binaları il bərabər 2023-cü il iyunun 1-dək tikinti-quraşdırma işləri başa çatmış nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (infrastruktur obyekti) istismarına da 2026-cı il yanvarın 1-dək sadələşdirilmiş qaydada icazə veriləcək.