“Z” nəsli belədirsə, onların övladları olacaq “Beta” nəslinin də valideynlərinə oxşayacağı ehtimalı böyükdür
“Z” nəslinin ardınca “Beta” nəsli gəlir. Bu nəsil əvvəlkiindən nəylə fərqlənəcək? Yeni araşdırmalara görə, 2025-ci il yanvarın 1-dən 2039-cu ilədək doğulan uşaqlar “Beta” nəslinə aid ediləcək. 2025-ci ildə doğulan körpələr 2039-cu ildə 14 yaşında olacaqlar. Bu, mürəkkəb yeniyetməlik dövrüdür və insanın formalaşmasında əsas mərhələ hesab edilir. Tədqiqatçılar iddia edir ki, “Beta” nəsli “Z” nəslinin davamçıları olaraq valideynlərindən çox da fərqlənməyəcək. “Beta”lar da texnoloji inkişaf, iqtisadi qeyri-müəyyənlik və sosial dəyişikliklər dövrünün yetirmələri olacaq və onların formalaşması belə bir çətin dövrdə baş verəcək. Onların malik olduğu xüsusiyyətlər də “Z” nəslinin xüsusiyyətləri ilə eyni, hətta əvvəlkilərdən daha aqressiv, daha tələbkar, daha duyarsız olacaq. Türkiyənin Yeditəpə Universitetinin Sosiologiya fakültəsinin professoru Demet Lüküslü dünya üzrə gənc nəslin ortaq xüsusiyyətlərini belə təsnifatlandırıb:
- Bu nəsil yaxşı, hətta əla təhsil almaq imkanlarına sahibdir. Lakin təhsilin vəd etdiklərinin reallaşmadığını görür və məyusluq keçirirlər. Gənc nəsil gəncliyin onlara hər hansı üstünlük gətirmədiyindən məyusdur. Gənclər arasında işsizlik faizi yüksəkdir, bu da onların sosial həyatını əngəlləyir, gələcəklə bağlı plan qurmalarına mane olur. Gənclik maddi cəhətdən özünü təmin edə bilmir, bu da gələcəyə dair qorxu hissi və narahatlıq yaradır. İqlim böhranı səbəbindən gənclik gələcəyin necə olacağını təxmin edə bilmir. Qorxunun əsas səbəblərindən biri də budur. 15-24 yaş aralığında olan gənclər rəqəmsallaşmış, avtomatlaşmış, iqlim dəyişikliyinə məruz qalmış, dünyanın müxtəlif bölgələrində müharibələrin tüğyan etdiyi, nüvə silahı ilə təhdid olunan dünyanın sakinləridir. Onlar bu dəyişikliklərin təsiri ilə yaşamalı olan nəsildir. Hazırkı gənclik cəmiyyətdə özünə qarşı hörmət görmür. Bu, onların aqressiyasını artırır. Onlar övladlarını da belə tərbiyə edəcəklər: kimsəyə inanma, kimsəyə hörmət etmə. Özün üçün yaşa.
“Z” nəsli arasında aparılmış sorğunun nəticələrinə görə, bu nəsil üçün irq, cinsiyyət, dil, məzhəb kimi xüsusiyyətlər dəyər kəsb etmir. "Fərqli din və ya məzhəbə aid biri ilə evlənə bilərəm" deyənlərin faizi bundan əvvəlki nəsildə 32,8 olub, Z nəslində isə bu 82,2 faiz təşkil edir. Bu nəslin 15,7 faizi namaz qılmaq, oruc tutmaq kimi dinin tələblərini yerinə yetirdiyini bildirərkən, 55,8 faizi bu qaydalara əməl etmədiyini bildirib. Onlardan 28, 5 faizi isə heç bir dinə etiqad göstərmədiyini bildirib. Z nəslinin 76,4 faizi ədalət, demokratiya, ifadə və düşüncə azadlığı, ləyaqət, israf, sənət kimi anlayışlara dəyər verdiyini bildirib. Avropa İttifaqını dəstəkləyənlərin faizi Z nəslində 78,6 faiz ikən, X və Y nəsillərində bu faiz 35,6 faiz olub. Gün ərzində sosial mediada keçirdikləri vaxt ortalaması 6 saatdır. Z nəslinin 65 faizi ağıllı telefon (smartphone) istifadəçisidir. Sorğuda Z nəslinin 86,7 faizinin səs verərkən valideynlərinin təsirinin olmamasını, öz istəyinin vacib olduğunu bildirir.
Gənclərin texnologiya sahəsində biliklərini araşdıran qlobal tədqiqatlardan birinə əsasən, Türkiyədəki gənclər texnologiya sahəsində özlərinin ən savadlı olduğunu hesab edirlər. ABŞ-də fəaliyyət göstərən texnologiya və kompüter şirkəti "Dell" tərəfindən 2018-ci ildə keçirilən araşdırmaya görə, Türkiyədəki Z nəslinə mənsub gənclərin 57 faizi tədqiqat və inkişaf kimi texnologiyanın üstünlük təşkil etdiyi sahələrdə işləmək istədiyini söyləyib. "Dell"in Türkiyədəki baş meneceri Sinan Dumlu bildirib ki, "beynəlxalq səviyyədə həmyaşıdlarına nisbətən daha mötəbər və texnoloji biliyə sahib gənclər mövcuddur. Onlar üçün ən yeni texnologiya ilə işləmək vacib və həlledicidir".
Bəs, “Z”-dən sonra gələn “Beta” nəsli necə olacaq?
Sosioloq Mətanət Məmmədova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu nəsil əvvəlkindən çox da fərqlənməyəcək:
- Sosioloqlar nəsilləri 4 tarixi dövrə bölür: 1946-64 (Baby Boomers), 1965-1980 (X nəsli), sonra 1981-2000 (Y nəsli) və 21-ci əsrdə doğulanlar 2000-2024 – “Z” nəsli. Nəsillər arasında fərqlər getdikcə kəskinləşir. Biz indi də yeniyetmə və gənclərin ünsiyyət bacarığının, insanlarla münasibət qurmaq qabiliyyətinin aşağı olduğunu görürük. Əlbəttə ki, bu, daha çox texnologiyanın inkişafı ilə əlaqəlidir. Araşdırmalardan da görünür ki, gənclərin böyük faizi gününün böyük hissəsini sosial şəbəkələrdə, rəqəmsal platformalarda keçirir. Bu, onları canlı ünsiyyətdən kənar saxlayır, insanlarla münasibətlərin qurulmasını gecikdirir, idrak bacarıqlarına mənfi təsir göstərir. Nəticədə Z nəsli tənqidi düşüncə, o cümlədən ünsiyyət kimi sosial qabiliyyətləri zəif mənimsəmiş olurlar. Belə bir nəslin davamçıları təbii ki, bənzər olacaq. Nəzərə alaq ki, texnologiyalar getdikcə daha da yüksəlir, süni intellekt az qala həyatın bütün sahələrinə sirayət etməyə başlayıb. İnsanlar düşünmək bacarığını itirmək üzrədir. İşlərin çoxunu “kimsə” onların əvəzinə, onların yerinə həll edir. Belə şəraitdə gələcək nəsildən nə gözləyə bilərik? Bu prosesin qarşısını almaq və cəmiyyətimiz üçün normal, duyarlı insanların yetişməsini istəyiriksə, geniş sosioloji və psixoloji tədqiqatlara ehtiyac var. Gənclər nə istəyir, bu istəyin əsasında nə dayanır, həyat, gələcək haqqında düşüncələri nələrdir, bunlar araşdırılmalı, öyrənilməli və tədbir görülməlidir.
M.Məmmədova bildirdi ki, Avropa sosioloqlarının apardığı tədqiqatlar zamanı müəyyənləşib ki, “Z” nəslinin nümayəndələri praqmatikdirlər və maddi baxımdan yaxşı düşünə bilirlər. Maliyyə təfəkkürü Z nəslinin başqa bir əsas xüsusiyyətidir:
- Hazırkı gənclik maddiyyatı önə çəkən nəsildir. Onları buna görə qınamaq düzgün deyil. Çünki həyat şəraiti bunu tələb edir. Yaxşı yaşamaq üçün maddi təminat əsasdır. Onlar yaşlı nəslin mənəviyyat söhbətlərini boş, mənasız hesab edirlər. Praqmatizm müsbət keyfiyyətdir, lakin öz istəyinə nail olmaq üçün başqasını ayaqlamaq cəmiyyətdə çatların yaranmasına gətirib çıxarır. Nəticədə duyarsız, ancaq özünü düşünən, öz xeyrini güdən toplum yaranır ki, bu da ümumən cəmiyyət üçün təhlükəli tendensiyadır. “Z” nəsli belədirsə, onların övladları olacaq “Beta” nəslinin də valideynlərinə oxşayacağı ehtimalı böyükdür.