Deputatlar və sahibkarlar eyni platformada: Comelson Forumu diqqət mərkəzindədir

Comelson İnnovasiya Forumu təşkilatçı Comelson MMC, Beynəlxalq Təhsil İnkişaf Platforması və Educolour Education Center-in dəstəyi ilə yüksək səviyyədə təşkil olunaraq uğurla başa çatdı. Tədbir dövlət rəsmiləri, millət vəkilləri, sahibkarlar və bank sektoru nümayəndələrinin iştirakı ilə innovasiya mühitinin və sahibkarlıq ekosisteminin inkişafına həsr olunmuş mühüm platforma kimi yadda qaldı.

Forumda Milli Məclisin deputatları Vüqar İsgəndərov, Ceyhun Məmmədov və Azər Allahverənov çıxış etdilər. Onlar sahibkarlığın inkişafının iqtisadiyyatın güclənməsi, yeni iş yerlərinin yaradılması və dövlət-özəl sektor əməkdaşlığının genişlənməsi baxımından strateji əhəmiyyətini vurğuladılar. Çıxışlarda innovasiyaların təşviqi və gənc sahibkarların dəstəklənməsi xüsusi qeyd olundu.

Forum çərçivəsində Comelson şirkətinin innovasiyaya açıq mövqeyi, sahibkarlığın inkişafına verdiyi töhfə və uzunmüddətli strateji baxışını iştirakçılar yüksək qiymətləndirdilər. Şirkətin təşəbbüsləri ölkəmizdə dayanıqlı və güclü biznes mühitinin formalaşmasına xidmət edən mühüm addım kimi dəyərləndirildi.

Tədbirin bədii hissəsində isə xüsusi mədəni dəyər yaradan Azərbaycan Mədəniyyəti Sosial Platforması oldu. Platformanın istedadlı gənc müğənni və xanəndələri-Aydan Süleymanzadə, Səma Vüqarlı, Rəqsanə Əsədova və Rühəngiz Musayeva zəngin və peşəkar ifaları ilə tədbirə xüsusi ab-hava qatdılar. Instrumental ifaçılar-Rəsul Hacızadə, Mahir Quliyev və Loğman Məmmədov isə milli musiqimizin incəliyini və zənginliyini yüksək ustalıqla təqdim etdilər.

Bir daha sübut olundu ki, Azərbaycan Mədəniyyəti Sosial Platforması ölkəmizdə keçirilən mötəbər forumlarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edir və milli dəyərlərimizi qürurla nümayiş etdirir.