Türk alim maraqlı faktlar açıqladı, Şakira və Maradona "Əl Turko" köklərinə bağlıdır
Türk Ocaqları İstanbul Şöbəsinin həftənin cümə günləri təşkil etdiyi proqramın bu dəfəki mövzusu “Əl Turko gündəlikləri: Latın Amerikasında Osmanlı izləri” idi. Mövzunun adı diqqətimi çəkdi. İlk dəfə idi eşidirdim və bu səbəbdən proqrama qatıldım. Proqramın qonağı İstanbul Ticarət Universitetinin İdarə Heyətinin sədri, doktor İsrafil Kuralay idi. Onun çıxışını diqqətlə dinlədim və mövzunun maraqlı olduğunu nəzərə alaraq İsrafil bəylə bu istiqamətdə reportaj hazırlamaq istədiyimi bildirdim. Sağ olsun, bizə vaxt ayırdı.
Dr. İsrafil Kuralay Ərzurumda qıpçaq türkü olan bir ailədə anadan olub. Ankara Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, İstanbul Universitetinin Jurnalistika fakültəsində magistr təhsili alıb, daha sonra jurnalistika sahəsində doktoranturanı tamamlayıb. İstanbul Ticarət Universitetində müəllim kimi fəaliyyət göstərib, həmçinin özünün yaratdığı “Bilim, sənət, fəlsəfə” Akademiyasında həm müəllim, həm də rəhbər olub.
Bu günə qədər Yaponiyadan Latın Amerikasına qədər uzanan geniş coğrafiyada türklərin izlərini araşdıraraq TRT, Əl-Cəzirə televiziyası və digər kanallarda yayımlanan türk tarixi ilə bağlı çoxsaylı sənədli filmlərin müəllifi olub. O, həmçinin “Asiyada türk izləri”, “Bozkırın çocukları”, “Avropada türk izləri” və “El Turko - Latın Amerikasında Osmanlı izləri” kitablarının müəllifidir. Bir mütəfəkkirin “Türklərsiz tarix yazılmaz, yazılsa da natamam qalar” fikrini yaşadığını, gördüklərini səyahət edərək araşdırdığını bildirir.
Özü haqqında qısa məlumat verdikdən sonra rəhbərlik etdiyi universitetlə bağlı sualımızı cavablandıran İdarə Heyətinin sədri dedi:
“Universitetimiz İstanbul Ticarət Palatasına bağlı, 25 ildir fəaliyyət göstərən vəqf universitetidir. Hazırda altı fakültə, iki institut və 10 min tələbəmiz var. Onlardan 1500-ü xarici tələbələrdir. Azərbaycan da daxil olmaqla Türk dünyasından həm tələbələrimiz, həm də müəllimlərimiz fəaliyyət göstərir. Türk coğrafiyasından gələn tələbələr mədəni yaxınlıq səbəbindən bizə daha tez uyğunlaşırlar. Xüsusilə Azərbaycandan gələn tələbələr dil problemi yaşamırlar”.
İsrafil Kuralay söhbət zamanı qeyd etdi ki, İstanbul Ticarət Palatasının sədr müavini olduğu dövrdə Azərbaycanda keçirilən Beynəlxalq Kitab Sərgisinin Türkiyə tərəfindən təşkilində iştirak edib. O, həmçinin Türk dünyası ilə bağlı “Qorqud Ata” Film Festivalının yaradılması ideyasının formalaşmasında və təşkilati heyətdə yer alaraq layihəyə töhfə verdiyini bildirdi. Festivalın bu il yenidən İstanbulda keçiriləcəyi də vurğulandı.
Bu qısa girişdən sonra əsas mövzumuz olan “Əl Turko” anlayışına keçək. Toplantıda bu ifadəni ilk dəfə eşitdikdən sonra internetdə araşdırma apardım. Məlum oldu ki, ispanca “el turco” – türk, “los turcos” isə türklər deməkdir. XX əsrin əvvəllərində Osmanlı dövründə Türkiyə vətəndaşı olan ərəblər, assurilər, ermənilər və digər xalqlar Latın Amerikasına köçərək orada “əl turko” adı ilə tanınıblar. Hətta məşhurlar arasında müğənni Şakira və futbolçu Dieqo Maradona da bu köklərə sahib şəxslər kimi göstərilir.
Bu mövzu ilə bağlı geniş araşdırmalar aparan İsrafil Kuralay bildirdi:
“Mənə görə ‘Əl Turko’ Osmanlını ən yaxşı ifadə edən anlayışdır. Etnik və dini müxtəlifliyə baxmayaraq yəhudilər, ermənilər, xristianlar, maronitlər və ərəblər Latın Amerikasında bu gün də ‘əl turko’ kimliyi ilə yaşayırlar. Bu proses 1850-ci illərdə Osmanlı dövlətinin iqtisadi və sosial baxımdan zəifləməsi ilə başlayıb. Həmin dövrdə Braziliyada köləlik ləğv edilmiş, Argentina və Meksikada isə işçi qüvvəsinə ehtiyac yaranmışdı”.
Onun sözlərinə görə, Sultan II Əbdülhəmid dövründə Braziliya imperatoru Pedro İstanbula gələrək Osmanlı rəhbərliyi ilə görüşmüş və ölkəsində işçi qüvvəsinə ehtiyac olduğunu bildirmişdi. Bu dövrdə yalnız Osmanlı ərazilərindən deyil, Rusiya və Balkanlardan da Amerikaya köçlər baş verirdi.
Kuralay qeyd edir ki, ABŞ-a gələn köçkünlər əvvəlcə Nyu-York yaxınlığındakı Ellis adasında yoxlanılırdı. Sonradan müsəlman köçkünlərin qəbuluna məhdudiyyət qoyulduğu üçün bir çox osmanlı vətəndaşı Meksika, Braziliya və Argentina limanlarında enərək həmin ölkələrdə məskunlaşdı. İnsanların əksəriyyəti hara getdiyini dəqiq bilmirdi - sadəcə Amerikada həyatın daha yaxşı olacağına inanırdı.
Köçkünlər əsasən Beyrut, Suriya, Misir və Türkiyənin Antakya və Mersin bölgələrindən gəlirdilər. Livanın Biblos limanında toplanır, fransız gəmiləri ilə əvvəl Marselə, oradan isə böyük transatlantik gəmilərlə Amerikaya yollanırdılar.
İsrafil Kuralay Titanik faciəsi ilə bağlı maraqlı bir hadisəni də danışdı. 1912-ci ildə Bingölün Kiğı bölgəsindən olan üç erməni osmanlı vətəndaşı Amerikaya getmək üçün Marsel limanına gəlir. Onlardan yalnız ikisinin bileti olur və Titanik gəmisinə minirlər. Gəmi batdıqda həmin şəxslər həyatını itirir, bileti olmadığı üçün minə bilməyən üçüncü şəxs isə sağ qalır. Kuralay bunu insan taleyinin maraqlı nümunəsi kimi qiymətləndirir.
O vurğulayır ki, köç edənlərin əsas məqsədi daimi məskunlaşmaq deyil, müəyyən müddət işləyib pul topladıqdan sonra geri qayıtmaq idi. Lakin bir çoxu sonradan Latın Amerikasında qalaraq həyatını orada davam etdirdi.
Argentinada köçkünlərin yerləşdirilməsi üçün xüsusi İmmiqrasiya Oteli fəaliyyət göstərirdi. Yeni gələnlər burada məlumatlandırıldıqdan sonra ölkənin müxtəlif bölgələrinə göndərilirdi. Suriyadan və Fələstindən gələnlər əsasən ticarətlə məşğul olur, hətta mal mübadiləsinə əsaslanan ticarət ənənəsini bölgəyə gətirənlər də məhz əl turkolar olmuşdur.
Kuralay Latın Amerikasında əl turkoların dövlət idarəçiliyində də mühüm rol oynadığını qeyd etdi. Məsələn, Suriya əsilli Carlos Menem 10 il Argentinaya rəhbərlik edib. El Salvador prezidenti Nayib Bukele də əl turko mənşəlidir.
Onun sözlərinə görə, Latın Amerikasında yaşayan osmanlı köklü icmalar türk mədəniyyətinə böyük bağlılıq nümayiş etdirir. Argentinada mağaza və restoranlarda “paxlava”, “lokum”, “qaysı” kimi sözlərin hələ də türkcə işlədilməsi buna nümunədir.
Sonda İsrafil Kuralay bildirdi ki, Latın Amerikası ölkələrində əl turkolar cəmiyyətin aşağı təbəqəsi kimi qəbul edilmir, yerli əhali ilə ciddi qarşıdurmalar yaşamırlar. Braziliyada onların ticarət palataları, xəstəxanaları və güclü ictimai strukturları mövcuddur.
“Qısaca desək, Latın Amerikasına getsəniz, özünüzü yad hiss etməzsiniz. Çünki orada çox sayda əl turko yaşayır”, - deyə o əlavə etdi.
Yaqut Misirxanlı,
“Şərq” qəzeti üçün