Eldəniz Cəfərov: "Autizmli uşağa qarşı bu münasibət qəbulolunmazdır"

  • "Skuterlərin avtobusla daşınmasına heç bir qadağa yoxdur"

Skuterlərlə problemlər bitmir. Bu kiçik, amma çevik nəqliyyat vasitəsini gah əks istiqamətdə gərəkıt etdirirlər, gah təhlükəni heçə sayaraq avtomobillərin arasıyla manevr etdirirlər, gah da piyadaların üzərinə şığıyırlar. Bu dəfə isə skuter avtobus sürücüsünün cərimələnməsinə səbəb olub. Hadisə 111 saylı avtobusla bağlıdır. Sürücü azyaşlı uşağın əlində tutduğu skuterlə avtobusa minməsinə icazə verməyib. Uşağın anası övladının autizm xəstəsi olduğunu sürücünün nəzərinə çatdırıb. Lakin sürücü buna məhəl qoymayaraq skuterin avtobusda daşınmasına icazə olmadığını deyib. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, ictimai nəqliyyatı idarə edənlər qaydalarla bağlı mütəmadi təlimatlandırılmalıdır: 

- Bir çox avtobuslarda xəbərdarlıq bildirişləri mövcuddur. Sərnişinlərin davranış qaydaları, təmizliyə riayət edilməsi, yüksək səs qadağası, əl əşyalarının hansı halda daşına bilməsi və sair haqqında lövhələr vurulur avtobus salonuna. O cümlədən fiziki məhdudiyyətli şəxslər üçün ayrılmış xüsusi yerlər, uşaq arabasının harada qoyula biləcəyi də göstərilir. İctimai nəqliyyatda uzunluğu 60, eni 40 sm. hündürlüyü və qalınlığı 20 sm-dən, çəkisi də 20 kiloqramdan artıq olmayan əl yükünü sərnişin ödəniş etmədən aparmaq hüququna malikdir. Sərnişinə bu halda imkan yaradılmalıdır, ön və ya orta qapı açılmalıdır ki sərnişin rahat minib-düşə bilsin. 

E.Cəfərov bildirdi ki, məsələ autizmli uşaqdırsa, sürücü də, ümumiyyətlə ətrafdakı hər kəs diqqətli və nəvazişli olmalıdır: 

- Məlumdur ki, autizmli uşaqlar həssas olur, əsəbi olurlar, nədəsə israr edirlər. Onların istədiyi olmayanda stress keçirirlər. Əgər sərnişin övladının autizmli olduğunu söyləyibsə, sürücü buna həssas yanaşmalı idi. Xüsusən də bir halda ki, skuterin avtobusla daşınmasına heç bir qadağa yoxdur. Sürücü deyir ki, giya skuter digər sərnişinlərə mane olur. Bu, absurd görünür. Təbii ki uşağın istifadə etdiyi skuter kiçik ölçülüdür, o nə qədər maneə yarada bilər ki?!. “BakuBas” MMC-nin bu məsələdə vətəndaşdan yana mövqeyi alqışlanmalıdır. Sadəcə, sürücülər qaydalarla bağlı müntəzəm məlumatlandırılmalıdır.