- “Gəncləri qorumaq üçün təcili tədbirlər görülməlidir”
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə “Azercell” abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsini bir neçə gün təmin edib.
Bu barədə İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, maarifləndirici mesajlar mərhələli şəkildə 3 gün ərzində ümumilikdə 4 milyon 171 minə yaxın abunəçiyə göndərilib. SMS-lərin məzmunu belə olub: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında bildirdi ki, müasir dövrdə narkotik ticarəti sosial şəbəkələrə və rəqəmsal platformalara daşındığı üçün hüquqi mübarizə və kibermüdafiə mexanizmləri gücləndirilməlidir: 
- Maarifləndirici mesajlar, əlbəttə, müsbətdir. Lakin narkotik maddələrin istehsalı, dövriyyəsi, satışı, yeniyetmə və gənclərin cəlb edilməsinin qarşısını almaq üçün mütləq kompleks tədbirlər lazımdır. Maarifləndirici mesajlar bu vasitələrdən biridir. Maarifləndirici mesajlarla yanaşı, eyni zamanda qanunvericiliyə uyğun cəza və hüquq-mühafizə tədbirləri, tədris müəssisələrində görüşlər, söhbətlər, narkotiklərin bəlası haqda geniş çıxışlar, müzakirələr aparılmalı, zərərçəkmişlərlə görüşlər təşkil edilməli, gənclərə ağır, faciəli həyat hekayələri, ağır talelər əyani göstərilməlidir. Gənclər arasında erkən müdaxilə, sağlam həyat tərzinin təbliği və qabaqlayıcı maarifləndirmə ön plana çəkilməlidir. İnstitusional və hüquqi islahatlara ehtuyac var. Dövlət proqramları çərçivəsində qanunvericilik tənzimlənməli, aidiyyəti dövlət komissiyaları və ictimai birliklərin fəaliyyəti sistemli şəkildə əlaqələndirilməlidir. Narkotiklərlə mübarizənin yalnız cəza tədbirləri ilə məhdudlaşdırılmamalı, məsələyə kompleks yanaşılmalıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər bir neçə əsas prinsipə əsaslanmalıdır- profilaktika və maarifləndirmə. Narkomaniya ilə mübarizənin təməli təbliğata, xüsusilə də yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına dayanmalıdır.
Ə.Nuriyev bildirdi ki, sosial reabilitasiya da əsas şərtdir:
- Narkotik aludəçisi olan şəxslərin cəmiyyətə inteqrasiyası və müalicəsi prosesinə xüsusi diqqət ayrılmalıdır. Cəmiyyətimiz başa düşməlidir ki, narkotik istifdəçisi cinaytkar deyil, narkomaniyanın cənginə düşmüş xəstədir. O, müalicə olunmalı, sağalmalıdır.