Hicab adı altında uşaqlardan alət kimi istifadə edirlər - Professor

  • “Məktəbləri hədəfə alanlar xaricdən idarə olunanlardır”
  • “Heç bir qüvvə Azərbaycanın birliyini poza bilməz”

Son günlər Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkələrində ölkəmiz haqqında qərəzli və böhtan xarakterli məlumatlar yayımlanır. Azərbaycan hər zaman Türkiyə ilə qardaşlıq münasibətlərinə, "iki dövlət, bir millət prinsiplərinə sadiqlik nümayiş etdirərək bu cür qərəzli mövqelərə təmkinlik nümayiş etdirirdi. Lakin Türkiyə Prezidentinin baş müşaviri Oktay Sanal və Türkiyənin hakim partiyası AKP-dən olan deputatların da bu kampaniyaya qoşulması təəssüf doğurur.

Azərbaycanla İsrail arasında münasibətlər təhrif olunmuş formada təqdim olunur, dövlətimiz Fələstin xalqını dəstəkləməməkdə ittiham olunur. Əslində Azərbaycan hər zaman Fələstin xalqının hüququnu dəstəkləyib, dəfələrlə maliyyə və humanitar yardımlar göstərib, eləcə də paytaxtı Şərqi Qüts olmaqla Fələstin dövlətinin yaradılmasının tərəfdarı olub. 

Azərbaycanda orta məktəblərdə vahid geyim qaydalarının tətbiq edilməsinə Oktay Sanal özünün X hesabındakı paylaşımında guya Azərbaycanda şagirdlərin hicab taxmalarına görə təhsil hüququndan məhrum edilmələri barədə qərəzli, böhtan xarakterli paylaşım etmişdi. Türkiyəli siyasətçinin bu cür fikirləri Azərbaycanla Türkiyə arasında dostluq və strateji müttəfiqlik əlaqələrinə kölgə salır. Onun bu fikirlərı həmçinin Azərbaycanın suverenliyinə hörmətsizlik və daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. 

Mövzunu şərh edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva Sherg.az-a bildirib ki, məktəblərdə geyim qaydalarının tətbiq edilməsi Azərbaycanda hicab qadağası demək deyil, xanımlarımıza ictimai yerlərdə hicab məhdudiyyəti qadağan edilmir:

“Azərbaycanda hər zaman dini etiqad azadlığı qorunub və Azərbaycan dövlət olaraq bu siyasətə sadiqliyini nümayiş etdirir.

Ölkəmizdə dini etiqad azadlığı təmin edildiyi kimi dünyəvi təhsil sistemi də qorunur. Konstitusiyamızda da təsbit edildiyi kimi Azərbaycan dünyəvi respublikadır, eyni zamanda din dövlətdən ayrıdır və təhsil sistemi də dünyəvi xarakter daşıyır.

İlk növbədə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmayan qız uşaqlarının hicab taxmasının şəxsi yox ailə və xarici mühitin təsirilə baş verdiyinin, bir çox hallarda məcburi xarakter daşıdığl faktının şahidi olmuşuq. Digər bir məsələ də məktəblərdə hicabdan istifadə olunması vahid geyim formasının pozulmasıdır. Vahid geyim formasının tətbiqi məktəblərdə uşaqların sosial status, maddi imkanlar baxımından özlərini bərabər hiss etmələrinə xidmət edir. Təəssüflər olsun ki, bu günlərdə "Hicaba azadlıq" adı altında bir qrup şəxslər qanuna zidd hərəkətlərə yol verirlər. Məktəblərdə dini şüarlar səsləndirilrr, məktəb binalarının yandırılmasına cəhd edilir, öz çirkin əməlləri üçün uşaqlardan alət kimi istifadə etməyə çalışırlar. Bu şəxslərin xaricdən idarə edilmələri də istisna olunmur”. 

K. Əliyeva qeyd edib ki, Azərbaycan hər zaman dünyada multikulturalizm və tolerantlıq mərkəzi olub. Prezident cənab İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən fərqli dini icmalarına xüsusi qayğı və diqqətlə yanaşır, onların fəaliyyəti üçün maliyyə dəstəyi ayırır:

“Ölkə başçımızın təşəbbüsü ilə Bakıda və rayonlarımızda onlarla yeni məscidlər tikilib və təmir edilib. İşğaldan azad edilmiş ərazilərimizdə məhz ölkə başçımızın tapşırığı əsasında ilk növbədə məscidlərimiz bərpa olunub. Bu ölkə başçımızın İslam dininə olan böyük etiqadından irəli gəlir. Heç bir daxili və xarici qüvvə Azərbaycanda mövcud olan sarsılmaz birliyi poza bilməz. Azərbaycan xalqı müdrik xalqdır və dövlətimizin suverenliyinə qarşı çıxanlara layiqli cavab verir”.