Kitab yazır, rəsmlər çəkir, 3D oyun hazırlayır: 10 yaşlı Fəridin böyük hədəfləri

  • “Valideynlərimin mənimlə qürur duyması məni daha çox sevindirir”
  • Qulu Məhərrəmlinin nəvəsi: "Baba mənim kitab yazdığımı biləndə çox sevindi, amma dedi ki, redaktə işlərinə nənə baxır, çünki o, əla yazıçıdır"

Uşaqların xəyal dünyası bəzən böyüklərin təsəvvür edə bilmədiyi qədər rəngarəng və zəngin olur. Həmin dünyaya yaradıcılıq, zəhmət və əzm də əlavə olunanda ortaya maraqlı əsərlər çıxır. Cəmi 10 yaşı olan Fərid Teymurlu da bu yaşında adını "Fındıq və Budaq" qoyduğu ilk kitabını yazıb. 

Fərid deyir ki, yazmağa marağı hələ kiçik yaşlarından yaranıb. Kitablarla əhatə olunan mühitdə böyüməsi, ailəsinin yaradıcılığa verdiyi dəyər və zəngin təxəyyülü onu ilk hekayəsini qələmə almağa həvəsləndirib. 

İlk kitabının yaranma hekayəsi, ilham aldığı mənbələr, qəhrəmanlarının xüsusiyyətləri, ailəsinin dəstəyi və gələcək planları haqqında Fəridlə söhbətləşdik.

Sherg.az müsahibəni təqdim edir:

-Fərid, "Fındıq və Budaq" kitabını yazmaq fikri ağlına necə gəldi? Səni ən çox nə ilhamlandırdı?

-Hekayəmi yazmağa başlayanda səkkiz yaşım vardı. Onu haçansa tamamlayıb çap etdirəcəyimi bilmirdim. Evimizdə babamın və nənəmin kitabları vardı. Mən o kitabların yazılma prosesini görmüşdüm. Onlara baxıb mən də həvəsləndim.

-"Fındıq və Budaq" çox maraqlı və fərqli addır. Niyə məhz bu adı seçdin? Fındıq və Budaq sənin üçün nəyi ifadə edir?

-Çünki əsəri baş qəhrəmanların adı ilə adlandırmaq istədim. Rahat və yadda qalan olsun deyə. Mənim üçün Fındıq və Budaq yaxşı dostluğun göstəricisi deməkdir.

-Kitabı yazmağa nə qədər vaxt sərf etdin?

-Bir il. Yazırdım, fasilə verirdim, sonra qayıdıb hekayəni redaktə edirdim.

-Sən həm də "Botanikula" oyunundan ilhamlanmısan. Oyundakı hansı detalları nağılına köçürdün?

 -“Botanikula” oyunundan Fındıq və pis Hörümçək obrazlarını götürmüşəm. Amma oyunda başqa qəhrəmanlar da var idi və hekayə fərqli idi. Onlar sonuncu “Xeyir ağacı”nın toxumunu Hörümçəkdən xilas etməyə çalışırdılar. Mənim hekayəmdə isə əsas mövzu dostluqdur.

-Kitab qəhrəmanlarının rəsmlərini də özün çəkmisən. Hansı qəhrəmanı çəkmək daha çətin oldu?

-Rəsm çəkməyi çox sevirəm. Ona görə də illüstrasiyaları hazırlamaq mənim üçün çətin olmadı.

-Yazı ilə rəsm arasında qalsan hansını seçərdin və niyə?

-Biri digərini tamamlayır, hərəsinin öz yeri var.

-Yazı prosesində sənə ən çox kim dəstək oldu, ilk fikirlərini kiminlə paylaşdın?

-Əsərimi yazarkən Türkiyədə tətildə idim. Zemfira nənəm yanımda idi. İlk dəstəyi mənə o verdi, sonra isə valideynlərim də mənə dəstək oldular.

-Bəs baban kitabın ilk variantına baxıb?

-İki babam var, Eyvaz babam mənim dərslərimə çox baxır, ana babam isə məşhur jurnalist Qulu Məhərrəmlidir. Mən böyüdükcə onunla çox yaxşı dil tapırıq. Baba mənim kitab yazdığımı biləndə çox sevindi, amma dedi ki, redaktə işlərinə nənə baxır, çünki o, əla yazıçıdır. 

-"Fındıq və Budaq" nağılının əsas qəhrəmanları necə xarakterə malikdirlər? Onların arasında sənə bənzəyən biri varmı?

-Onlar haqqında köməksevər, yaxşı dostlar demək olar. Fındıq obrazını isə özümə bənzədirəm. Çünki mən də bir az inadkaram və çətinliklər qarşısında geri çəkilmirəm.

-Sənin yaşındakı uşaqlar bu kitabı oxuyanda oradan özləri üçün hansı dərsi və ya mesajı götürəcəklər?

-Yaxşılar bir olsa, hər zaman xeyir qalib gələr.

- Artıq ilk kitabın çap olunub və sən gənc bir yazıçısan! Kitabını əlinə alanda hansı hissləri keçirdin?

-Sevinirəm.. Valideynlərimin mənimlə qürur duymasına da çox sevinirəm.

-Fındıq və Budağın macəraları davam edəcəkmi, yoxsa tamamilə yeni bir mövzuda yazmağı planlaşdırırsan?

-Artıq yeni mövzu haqqında bəzi düşüncələrim var.

-Gələcəkdə özünü peşəkar yazıçı kimi görürsən? Hansı peşədə çalışmaq istəyirsən?

-Yazmaq hobbimdir. Mən gələcəkdə kompüter oyunları hazırlamaq və oyun tərtibatçısı olmaq arzusundayam. Hazırda 3D oyun qurmağı öyrənirəm.

-Əgər kitabındakı qəhrəmanlardan biri ilə dost ola bilsəydin, kimi seçərdin?

-Fındıq çox pozitivdir, onunla dost olmaq istərdim.

-Görünən odur ki, sən kitab oxumağı da çox sevirsən. Ən sevdiyin qəhrəman, yazıçı kimdir?

-A. Volkovun “Zümrüd şəhərinin sehrbazı” əsərini və Dəmir Odunçu obrazını çox xoşlayıram.

- Sənin kimi öz kitabını yazmaq, rəsm çəkmək və ya nəsə yaratmaq istəyən, amma bəlkə də çəkinən həmyaşıdlarına nə məsləhət görərdin?

-Həmişə kreativ və yaradıcı olmaqdan çəkinməsinlər.

-Oxucularına nə demək istəyirsən? 

-Hər xırda maneə və uğursuzluqlardan qorxmayın, hədəflərinizə doğru ürəkli gedin.

P.S. Biz də Fəridə yaradıcılıq yolunda yeni uğurlara imza atmasını, gələcək planlarının gerçəkləşməsini və oxucularını yeni əsərlərlə sevindirməsini arzulayırıq!