- “Məqsəd qadağa deyil, məktəbdə təhlükəsizlik və nizamı qorumaqdır”
Məktəblərdə qız şagirdlərin sırğa taxmasına qadağa qoyulması xəbəri rəsmi təsdiqini tapmayıb. Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat, tapşırıq verilməyib.
Agentlik direktoru bu məsələnin araşdırılacağını deyib. Lakin bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən qızların sırğa taxmasına qadağa qoyulduğunu bildirirlər. Valideynlərin iddialarına görə, qadağa bütün yaşdan olan qızlar üçün tətbiq edilir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında qeyd etdi ki, məktəblərdə bəzək əşyaları və xarici görünüşlə bağlı qaydalar təhsil müəssisələrinin daxili intizamı, şagirdlərin təhlükəsizliyi və məktəb mühitinin bərabərliyi baxımından hər zaman müzakirə olunan vacib mövzulardandır. Bu məsələyə tam qadağa və ya tam sərbəstlik prizmasından deyil, funksionallıq və təhlükəsizlik baxımından yanaşmaq daha doğru olar:

- Təhlükəsizlik amili hazırda ön plandadır, xüsusilə ibtidai siniflərdə. Həmçinin şagird uzun, sallanan sırğa taxırsa fiziki tərbiyə dərslərində , aktiv oyunlar zamanı geyimə, idman avadanlıqlarına ilişə bilər və şagird xəsarət ala bilər. Bu baxımdan məktəb mühitində şagirdlərin fiziki təhlükəsizliyinin qorunması üçün müəyyən məhdudiyyətlərin qoyulması əsaslıdır. Digər tərəfdən məktəb sosial bərabərlik mühitidir. Şagirdlər arasında geyim, bəzək əşyaları baxımından fərqliliklər psixoloji rəqabət yaradır və diqqəti dərs prosesindən yayındırır. Bu amillərin minimuma endirilməsi üçün vahid məktəbli formasının və sadə xarici görünüş standartlarının tətbiqi pedaqoji baxımdan özünü doğruldan yanaşmadır. Qanunvericilikdə qız şagirdlər sırğa taxmamalıdır, kimi konkret bir qadağa yoxdur, amma pedaqoji baxımdan əsaslıdır. Bu məsələ çərçivələnmiş daxili intizam qaydaları ilə tənzimlənməlidir, kəskin qeyri-mütənasib qadağalar lazım deyil. Daxili qərarlarla məhz təhlükəsizlik nöqteyi-nəzərindən bəzək əşyalarının ölçüsü, forması ilə bağlı bəzi məhdudiyyət qoyula bilər. Burada məqsəd tədris mühitində təhlükəsizliyi, intizamı, konsentrasiyanı təmin etmək olmalıdır. Məktəb rəhbərliyi bu məsələdə valideynlərlə, şagirdlərlə açıq söhbət aparsalar anlayışla qarşılanacaq, heç bir problem yaşanmayacaq.