Pəncərədən ölümə boylanan uşaqlar... - Ağcaqanad toruna aldanmayın!

  • Elmar Nurəliyev: “"Beş dəqiqəlik çıxdım" bəhanəsi uşağın həyatını geri qaytarmır”

Azyaşlı uşaqların pəncərə və eyvanlardan yıxılması ilə bağlı faciəvi hallar tez-tez yaşanır. Növbəti hadisə paytaxtın Xətai rayonunda baş verib. 15 mərtəbəli binaların birinin 5-ci mərtəbəsində yaşayan 2022-ci il təvəllüdlü M.H. pəncərədən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Mütəxəssislər bildirirlər ki, bu cür hadisələrin əksəriyyəti sadə təhlükəsizlik qaydalarına əməl olunmaması və bir anlıq nəzarətsizlik səbəbindən baş verir. Bəs bu faciələrin qarşısını almaq üçün valideynlər nələrə diqqət etməlidirlər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a bildirib ki, azyaşlıların pəncərə və eyvanlardan yıxılması ilə nəticələnən faciələrin əsas səbəbi nəzarətsizlik və təhlükəsizlik qaydalarına əməl olunmamasıdır:

"Təəssüf ki, bütün xəbərdarlıqlara və maarifləndirmə tədbirlərinə baxmayaraq, bu cür faciələr hələ də təkrarlanır. Uşağın pəncərəyə və ya eyvana çıxması, bir anlıq nəzarətsiz qalması ağır nəticələrə səbəb ola bilər. Belə hadisələrin baş verməsi üçün bəzən cəmi bir neçə saniyə kifayət edir.

Valideynlər çox vaxt "cəmi beş dəqiqəliyə evdən çıxdım", "uşağı tapşıracaq adam yox idi" kimi səbəblər göstərirlər. Amma faciə məhz həmin qısa müddətdə baş verir. Uşaq pəncərəyə yaxınlaşa, eyvana çıxa və ya evdə başqa təhlükəli vəziyyətlə üzləşə bilər. Buna görə də azyaşlıları heç bir halda nəzarətsiz saxlamaq olmaz".

Ekspert hesab edir ki, xüsusilə çoxmərtəbəli binalarda yaşayan ailələr pəncərələrə təhlükəsizlik kilidləri və məhdudlaşdırıcılar quraşdırmalı, pəncərə önünə uşağın üstünə çıxa biləcəyi mebel yerləşdirməməlidirlər: "Ağcaqanad torları uşağı qoruyan vasitə deyil. Uşaq ona söykəndikdə tor ağırlığa tab gətirmir və faciə baş verir.

Valideynlər unutmamalıdırlar ki, uşağın təhlükəsizliyi hər şeydən önəmlidir. Bir anlıq diqqətsizlik ömür boyu davam edən peşmanlığa çevrilə bilər."