Qadınlar surroqat analıq adı altında istismar edilir - EHTİYATLI OLUN!

Yalan vədlər, müqaviləsiz razılaşmalar qadınlar üçün həyati təhlükə daşıyır

İnsan Alverinə Qarşi Mübarizə Üzrə QHT Koalisiyasi son zamanlar surroqat analıqla bağlı çoxsaylı elanları nəzərə alaraq vətəndaşlara xəbərdarlıq edib. “Bədəninizin sui-istifadəsinə yol verməyin” çağırışı edən Koalisiya qadınları fürsətcillərin toruna düşməmək üçün nə etməli olduqlarını bildirib. 

Məsələ ilə bağlı “Sherg.az”a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, sözügedən koalisiyada təmsil olunan Mehriban Zeynalova mümkün təhlükələr barədə danışdı: 

- Son zamanlar surroqat analıqla bağlı həqiqətən də çoxsaylı elanlar qarşımıza çıxır. Qadınların buna hansı səbəbdən üz tutduğu ayrı mövzudur. Bizi düşündürən qadınların surroqat analıq adı altında istismar edilməsidir. Qısaca deyim ki, surroqat analıq bir qadının başqa birisi, başqa bir ailə üçün süni mayalanma yoluyla körpə dünyaya gətirməsidir.

Bu üsula da müxtəlif səbəblərdən əl atılır. Bəzən cütlüklərin uzun müddət övladı olmur, tibbi baxımdan bəzən kişi, bəzən qadın sonsuzluğu müəyyən edilir və bu cür hallarda bəzən ailələr kənar şəxslərə müraciət edərək onlar üçün körpə dünyaya gətirmələrini istəyirlər. Və bunun qarşılığında da maddi vəsait, şərait yaradılmasını vəd edirlər. Lakin belə hallarla da qarşılaşırıq ki, surroqat analığa razılaşmış qadın bəzən təzyiqlərə, zorakılığa, bədənindən sui-istifadəyə məruz qalır, körpə dünyaya gəldikdən sonra vədlər yerinə yetirilmir, bəzən qadınlar hətta xəstəliyə də tutulur. Surroqat analıq adı altında qadınların bədənindən sui-istifadə insan alverinin daha bir təhlükəli formasıdır. Koalisiyanın tərtib etdiyi müraciətdə də qeyd olunur ki, yalan vədlər, müqaviləsiz razılaşmalar qadınlar üçün həyati təhlükə daşıyır. Burada sağlamlıq riskləri də var, psixoloji təzyiq, pul qarşılığında istismar da. Surroqat analığa razılaşmış qadın bunu yazılı, təsdiqlənmiş müqavilə əsasında etməlidir. Müqavilə bağlanarkən də hüquq firması və ya hər hansə şirkətin, müqavilə tərtib edənin şəxsiyyətini, sənədin hüquqi qüvvəsinin olub-olmadığını yoxlamalıdır. Çünki insanları aldadıb hüquqi gücü, əsası olmayan müqaviləyə imza atdıra bilərlər. Elan və təkliflərlə diqqətlə tanış olmaq, şühbə varsa, imtina edilməlidir. Qadınlar imzalyacaqları sənədləri əvvəlcə diqqətlə oxusunlar, anlamağa çalışsınlar, bu sahəni bilən şəxslərdən yardım istəsinlər, sonra razılaşsınlar. Qadınlarımız bilməlidir ki, qoruma tədbirləri var və onları qoruyacaq rəsmi orqanlar var. İlk növbədə sağlamlıqlarını düşünsünlər. Sağlamlıq hər şeydən öndədir. Əgər onların surroqat analığa görə alacaqları məbləğ səhhətlərində yaranacaq problemlərin həllinə sərf olunacaqsa, bundan bur fayda görməyəcəklər. Amma istismara məruz qalmış olacaqlar. 

M.Zeynalova qeyd etdi ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 saylı Qaynar Xətt telefonu var. Şübhəli məqamlar hiss edən şəxs Qaynar Xəttə zəng edib məlumat verə bilər.