Rəşad Məcid: Məktəblərdə vahid geyimə qarşı çıxmaq dünyəvi dövlətə qarşı çıxmaqdır

Orta məktəblərdə vahid geyim tərzi ilə bağlı qərarın mütəşəkkil şəkildə etirazla qarşılanması suallar doğurur.

Sherg.az xəbər verir ki, bu barədə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.

O qeyd edib ki, hicaba qadağa yoxdur, lakin orta məktəblərdə vahid geyim tərzi ilə bağlı qərarın bu cür hay-küylə qarşılanması müəyyən şübhələr yaradır.

Rəşad Məcidin sözlərinə görə, dünyəvi təhsilə və sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür.

O vurğulayıb ki, səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür. Bununla belə, onun fikrincə, orta məktəblərdə hicabın tərəfdarı olmaqla vahid məktəbli geyiminə qarşı çıxmaq dünyəvi Azərbaycan dövlətinin mövcudluğuna qarşı mövqe nümayiş etdirmək deməkdir.

“Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır!”, – deyə Rəşad Məcid bildirib.

Baş redaktor Azərbaycanın maarifpərvər ziyalılarının cəhalətə və xurafata qarşı apardıqları mübarizəni xatırladaraq, cəmiyyəti bu məsələlər üzərində düşünməyə çağırıb.

“Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar? Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? Bir qrup insanın din pərdəsi altında öz iradə və iddialarını yeritməyə çalışması gələcək təhlükələrin aşkar əlaməti deyilmi?”, - deyə o suallar ünvanlayıb.

Rəşad Məcid hesab edir ki, dünyəvi dövlət tərəfdarları, aydın düşüncəli insanlar və ziyalılar ölkənin gələcəyi naminə daha fəal olmalı, müzakirələrə qoşulmalı, qəti mövqe və tutarlı münasibət bildirməlidirlər.