Şəhid zamana sovrulmuş Vətəndir

Fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Şəhid zamana sovrulmuş Vətəndir” yazısını təqdim edirik.
Qarabağ 30 illik həsrətdən sonra Ana Vətənə qovuşdu. Musa öz qövmünü 40 il səhrada dolandırdı. Bu, yəhudi xalqının varoluşuna zərurətin hədiyyəsi idi. Xalq öz varlığını məkanda tapır, təsdiq edir.
Qansız,  qadasız, şəhidsiz  Vətən olmur... Şəhid zamana sovrulmuş Vətəndir.
Dünya belə qurulub: yuvanı -   Vətənini qorumalısan, şəhidlik və sərkərdəlik Vətənə bağışlanmış ömürdür. Tarix xalqın ona qədər bir dəfə, ola bilər ki, təkrar-təkrar qoyulmuş əsasıdır. 300 Spartalı əfsanəsini 3000 azərbaycanlı məkan və zamanın həmdövrlüyünü bir daha təsdiq etdi. Görünür, bu tale yazısı seçilmişlərə Tanrı hədiyyəsidir. Tarix fenomendir!

Tarixi fenomen şəxsiyyətlər yaradır?!

Ali Baş Komandan Azərbaycan  xalqının  taleyində elə bir dönüş nöqtəsi, mehvəri yaratdı ki, bu bizim  varoluşumuzun yeni səhifəsidir. Musa analogiyası, yeni zühur, bu fəlsəfənin zaman və məkanın mayasındadır. Biz xalq olaraq yenidən doğulduq. Bu azadlığın, zamanda varoluşun  bayraqdarı Ali Baş Komandan İlham Əliyev oldu. Tanrı onu sevirdi, belə qismətlər, belə qəhrəmanlıqlar yalnız seçilmişlərə verilir, bu zaman və Tanrı hökmüdür.
Qərb müdriklərindən biri qeyd edirdi: məkan xalqın zamanıdır. Xalq, ordu və sərkərdə birliyi Tanrının tale yazısı kimi zamanı - məkanı bizə qaytardı...
Bu fəlsəfəni dərk edən xalq bir daha zəif düşməz. Güclü ordu, güclü xalq güclü sərkərdənin iradəsi, fenomen şəxsiyyəti ətrafında kondolidasiya olunur.

Söz ardı:

Media tam halında olmasa da, çoxluq şəklində Ağdamı ziyarət etdi. Düşüncəmə görə, bu çox düzgün qərar idi. Ermənistanın, erməni faşizminin törətdikləri ilə canlı ünsiyyətdə olmaq, onların yaratdıqları - "sənət əsərləri" ilə təmasda olmaq insan faciəsinin əsasları ilə tanış olmaq deməkdir!
Elm, ədəbiyyat adamlarının, xüsusilə filosofların da Qarabağa - Böyük bərpaya qədər -  səfərlərini  mütəmadi təşkil etmək lazımdır.
Tariximiz, taleyimiz, gələcəyimiz, xoşbəxtlik və faciələrimizin, inkişaf və çətinliklərimizin  dərkində konsensus tapır. Kommunikativ fəlsəfə sosial, siyasi, ictimai, tarixi və s. prosesin dərkini zəruri edir. Faciələrin fəlsəfəsi dərk olunanda millət, xalq və dövlət yenidən doğulur! Tarixdə bir dəfə qoyulmuş düzgün əsas onun daima, təkrarən  aktuallığını şərtləndirir.
Ali Baş Komandan, Qarabağın azadlığını təmin edən müzəffər sərkərdə İlham Əliyev həqiqətən gözəl deyib: QARABAĞ AZƏRBAYCANDIR!!!