Müasir dövrdə insanın xarakterini, taleyini və həyat yolunu anlamağa yönəlmiş alternativ yanaşmalar cəmiyyətin diqqətini getdikcə daha çox cəlb edir. Xüsusilə fizionomiya və numerologiya kimi sahələr, həm elmi, həm də mistik tərəfləri ilə maraq doğurur və müzakirələrə səbəb olur. Bəziləri bu yanaşmaları insanı daha dərindən tanımaq üçün vasitə kimi görür, digərləri isə onlara ehtiyatla yanaşır.
Məhz bu fərqli baxış bucaqlarını aydınlaşdırmaq üçün fizionomiya sahəsində fəaliyyət göstərən mütəxəssis Sezgin Kaan Ünal ilə həmsöhbət olduq. O, həm bu sahələrin mahiyyətindən, həm də gündəlik həyatda necə tətbiq olunduğundan danışaraq oxucular üçün maraqlı və düşündürücü məqamları bölüşdü.
Sherg.az müsahibəni sizlərlə bölüşür:
-Özünüzü bir az tanıda bilərsiniz?
-Konya Selçuk Universiteti, Alman dili müəllimliyi ixtisasını bitirmişəm. Türkiyənin müxtəlif şəhərlərində və Berlində müəllim kimi fəaliyyət göstərmişəm. Lakin sonradan Numerologiya, iridologiya, Refleksologiya elmləri ilə yanaşı Fizionomiya elmi ilə də məşğu olmağa başladım. Bu sahələr üzrə təlimlər almışam. Hazırda isə Balıkesirdə Uzman Fizionomist olaraq fəaliyyət göstərirəm.
"YouTube" və "İnstagram"da da videolar paylaşaraq insanları maarifləndirməyə çalışıram.
"100% Fizionomi” adlı kitabın müəllifiyəm. Panellər təşkil edir, imza günləri həyata keçirirəm.
Ad analizi, ulduznamə məlumatları, əl və üz analizi, xəstəliklərin təxmini müəyyən edilməsi, tövsiyələr, xarakter analizi, numeroloji şəxsiyyət analizi, qidalanma tövsiyələri, uyğunluq analizi və digər mövzuları əhatə edən 25 səhifədən çox ətraflı analiz hesabatı hazırlayırıq. Bu hesabatla insanlara həyatlarının açarlarını təqdim edirik.
-Fizionomiya nədir?
-Fizionomiya əsasən üz və əldən insanların xarakterinin oxunmasına əsaslanan 3000 illik elm və eyni zamanda bir sənətdir. Xüsusilə qədim Çin, Hindistan, Tibet, Osmanlı dövründə türklərdə və Qərb dünyasında bir çox ölkədə geniş şəkildə istifadə olunub. Ərzurumlu İbrahim Hakkı Əfəndi Türkiyədə bu sahənin “Marifətnamə” əsəri ilə öncüllərindən hesab olunur. Qərbdə isə Aristotel, Hippokrat, Ernst Kreçmer və İohan Kaspar Lavater bu istiqamətdə apardıqları işlərlə diqqət çəkiblər.
-Fizionomiya elmi İslam dini ilə nə qədər uyğun gəlir? Haramdırmı?
-“De ki: Hər kəs öz fitrətinə (yaradılışına, təbiətinə) görə iş görür. Rəbbiniz kimin daha doğru yolda olduğunu daha yaxşı bilir”.(Əl-İsra, 84)
Bu ayə fizionomiyanın əsas məntiqi ilə kifayət qədər uyğun gəlir. Çünki fizionomiya da insanın xarici görünüşünün (üz cizgiləri, mimika, quruluş) onun daxili xarakteri ilə əlaqəli olduğunu müdafiə edir.
Fizionomiya elminin əsası Qurani-Kərimdə Əl-İsra surəsi 84-cü ayəyə əsaslanır. Burada “şakilə elmi”ndən bəhs edilir. Yəni insanların formaları ilə xarakterlərinin uyğunluğu izah olunur. Buna görə fizionomiya elm kimi dinlə uyğunluq təşkil edir. Lakin fal baxmaq haramdır. Biz fala baxmırıq, əl, üz və digər bədən üzvlərinin analizini edirik.
-İlk baxışda bir insan haqqında neçə saniyəyə fikir formalaşdırmaq mümkündür?
-Bu müddət 30-50 saniyə arasında dəyişir.
-Eyni üz cizgilərinə sahib iki insan tamamilə fərqli xarakterlərə sahib ola bilərmi?
-Bəli. İnsan bədənində ən çox orqan baş hissəsində yerləşir. Eyni üz formasına sahib iki insanın xarakteri fərqli ola bilər. Məsələn, iki düzbucaqlı üzlü insan götürək. Biri qəhvəyi gözlü, digəri yaşıl gözlü olsun. Qəhvəyi gözlü olan daha sülhsevər və ümumilikdə müsbət xarakterə sahib, yaşıl gözlü olan isə “nəzər enerjisi” yüksək ola bilər. Hətta mənfi enerji artıqlığından da söhbət edilə bilər. Buna görə analiz zamanı üz forması çox önəmlidir, lakin ümumi qiymətləndirmə daha faydalıdır.
-Numerologiya və fizionomiya insanın uğurlu olub-olmayacağını əvvəlcədən deyə bilərmi?
-Bəli. Həm numerologiya, həm də fizionomiya insanın hansı sahələrdə xoşbəxt və uğurlu olacağını əvvəlcədən göstərə bilir. Numerologiyada doğum tarixindəki rəqəmlər toplanaraq “tale yolu” müəyyən edilir və uyğun sahələr tapılır. Fizionomiyada isə xüsusilə əl xətlərinə baxılaraq nəticə çıxarılır. Ən çox istifadə edilən xətt biləkdən başlayıb orta barmağın altına qədər uzanan “tale xətti”dir. Bu xətt vasitəsilə hansı yaşda hansı karyera mərhələlərinin keçiləcəyi müşahidə edilir.
-İnsanlar sevgili və ya həyat yoldaşı seçərkən numerologiya və fizionomiyaya baxmalıdırmı?
-Bu gün bir çox evliliklərin müxtəlif sosial səbəblərlə xoşbəxt davam etmədiyini görürük. Halbuki evlilik öncəsi cütlüklərin uyğunluğu numerologiya və fizionomiya ilə müəyyən edilə bilər. Tale yolları üzərindən uyğunluq hesablanır. Fizionomiya ilə həm üz, həm də əl xətləri üzərindən uyğunluq dəyərləndirilir. Məsələn, iki düzbucaqlı üzlü insanın evliliyi tövsiyə olunmur.
-İnsanlar uşaqlarına ad verərkən nələrə diqqət etməlidir?
-Ad çox önəmlidir. İnsan ömrü boyu onu daşıyır. Valideynlər bir çox məqamlara diqqət etməlidirlər:
Ata, ana və digər ailə böyüklərinin adları uşaqlara verilməməlidir;
Vəfat etmiş şəxslərin adları, “Ağır adlar” verilməməlidir (çox güclü tarixi, şəxsi assosiasiyalı adlar). Allahın adları birbaşa verilməməlidir, yalnız “Əbdül…” formasında istifadə olunmalıdır. Quranda keçdiyi üçün ad vermək həmişə doğru deyil. Bəzi adların kökü fərqli dillərə gedib çıxır (İbrani və s.). Buna diqqət etmək lazımdır.
Mənası uyğun adlar seçilməlidir. Məsələn Türk dilində tövsiyə edilən oğlan adları: Hakan, Ataberk, Metexan, Oğuzxan, Kürşad, Həsən, Həmzə və s.
Qız adları: Begüm, Umay, Aybükə, Beyza, Zümra, Duru, Dəfnə və s.
-Tale xəttləri uyğun olmayan iki insan ayrılmalıdır, yoxsa bir çıxış yolu varmı?
-Fizionomiya baxımdan uyğun olmayan iki insanın anlaşması mümkünsüzdür.
-İzləyicilər üçün “sadə numerologiya qaydası” öyrədə bilərsinizmi?
-Doğum tarixinə baxaraq insanlara hansı peşələrin uyğun olduğunu deyə bilərik.
Məsələn: 30 Mart 2005 doğumlu şəxsin rəqəmləri toplanır:
3+0+0+3+2+0+0+5=13
Daha sonra: 1+3=4
Nəticə: 13/4 “tale yolu”
Bu yola uyğun sahələr: mühəndislik (inşaat, mexanika, elektrik), memarlıq, layihə idarəçiliyi, logistika, maliyyə, bankçılıq, yoxlama, nəzarət sahələri, sənətkarlıq, polislik, hərb və s.
Oxucularda öz doğum tarixləri ilə kiçik hesablama apararaq bunu öyrənə bilərlər. Mən rəqəmləri sizlərlə bölüşürəm:
Həyat məqsəd rəqəmi 1 və 0 olanlar:
10/1 təşəbbüs, yaradıcılıq, intuisiya: səyahət, satış/marketinq, telekommunikasiya, mənəvi sahələr, yazıçı, informasiya texnologiyaları.
19/10 mükəmməllik, müdriklik, analiz: mühəndis, yazıçı, akademik, proqramçı, informasiya texnologiyaları, telekommunikasiya, memar, mebel ustası.
28/10 təsir, liderlik, proses: TV, media, qəzet, maliyyə sektorları, fond, dərnək, uzunmüddətli layihə araşdırmaları, korporativ marketinq, səhnə sənətləri.
37/10 qəbul olunma, açıqlıq, etibar: statuslu işlər, səhnə önü, müdir, lider, yazıçı, səhiyyə.
46/10 vizyon, mükəmməllik: səhnə sənətləri, yazıçılıq, liderlik, səhiyyə işləri.
Həyat məqsəd rəqəmi 2:
11/2 təşəbbüs, yaradıcılıq, əməkdaşlıq, məsuliyyət: aşpaz, idarəçi, məmur, yazar, satış, marketinq.
20/2 daxili qabiliyyətlər, ruhaniyyət, əməkdaşlıq, məsuliyyət: psixoloq, komanda üzvü, mənəvi sahələr, fond/dərnək işçisi.
Həyat məqsəd rəqəmi 3:
30/3 ifadə, həssaslıq, daxili qabiliyyətlər: müəllim, katibə, ictimaiyyətlə əlaqələr, bələdçilik xidmətləri, müştəri xidmətləri, uşaq bağçası rəhbərləri.
12/3 əməkdaşlıq, məsuliyyət, həssaslıq, təşəbbüs: rəqəmsal sektorlar, ictimaiyyətlə əlaqələr, tədqiqat, reklamçılıq, sosial məsuliyyət layihələri.
21/3 təşəbbüs, yaradıcılıq, həssaslıq: ortaq girişimlər, sıravi məmur, ictimaiyyətlə əlaqələr, katibə, aşpaz.
Həyat məqsəd rəqəmi 4:
4 proses, sabitlik, intizam: polis, vəkil, şirkət sahibi, idarəçi, prokuror, hakim.
40/4 daxili qabiliyyətlər, proses, sabitlik: şirkət sahibi, akademik, jurnalist, birjaçı/investor, mühasib.
31/4 yaradıcılıq, intizam, proses: əl sənətləri, şirkət sahibi, idarəçi, İT, telekommunikasiya, musiqiçi, aşpaz.
22/4 əməkdaşlıq, proses, intizam: məmur, idarəçi, fond/dərnək, satış, marketinq, reklamçılıq, ixracat, hotelçilik, restoran.
13/4 həssaslıq, ifadə, qəliblər: incəsənət, musiqiçi, baytar, rəqəmsal işlər, qrafika, səyahət.
Həyat məqsəd rəqəmi 5:
5 liderlik, cəsarət, intizam: yüksək səviyyəli idarəçi, şirkət sahibi, siyasətçi, sıravi məmur, memar, işçi.
14/5 intizam, proses, liderlik: idarəçi, sosial məsul şəxs, rəqəmsal sektor, tədqiqat işləri, müdafiə sənayesi, fabrik, istehsal planlaşdırma.
23/5 həssaslıq, ifadə, liderlik: əlillər üzrə müəllimlik, fizioterapevt, işçi, təhsil müəssisələri, məmur.
32/5 əməkdaşlıq, liderlik, məsuliyyət: ortaq işlər, aşpaz, işçi, məmur, restoran, ictimaiyyətlə əlaqələr.
41/5 yaradıcılıq, təşəbbüs, liderlik: startaplar, rəqəmsal sahə, telekomunikasiya işləri, şirkət sahibi, kənd təsərrüfatı, çörəkçilik.
Həyat məqsəd rəqəmi 6:
6 mükəmməllik, formalaşma, qəbul: yazıçı, yüksək səviyyəli idarəçi, aktyor, xüsusi təhsil müəllimi, maliyyə müşaviri, səhnə sənətləri, rəsm, heykəltəraşlıq sahələri.
15/6 liderlik, formalaşma, proses: musiqiçi, TV-media, İT, bazar araşdırması, siyasətçi, fond, dərnək, interyer dizayneri, dekorator.
24/6 proses, sabitlik, formalaşma: arxeoloq, antropoloq, işçi, katiblik, şirkət sahibi, beynəlxalq idmançı, istehsalçı.
33/6 ifadə, həssaslıq, formalaşma: katibə, inzibati assistent, müştəri xidmətləri, satış, marketinq, məktəbəqədər müəllim, psixoloq, bələdçilik.
42/6 əməkdaşlıq, proses, formalaşma: çəkiliş meydançası assistenti, texniki işçi, məmur, ortaq işlər, mühasibat işçisi, mebel sahəsi.
Həyat məqsədi rəqəmi 7:
7 qəbul olunma, etibar, sübut: vəkil, polis, hakim, müəllim, həkim, lider, ictimai fikir öndəri.
16/7 formalaşma, yaradıcılıq, sübut: kompüter proqramçısı, TV-media təşkilatçılığı, marketinq, beynəlxalq əlaqələr, səhnə sənətləri, idmançı, mebel ustası.
25/7 liderlik, proses, sübut: siyasətçi, şirkət sahibi, yüksək səviyyəli idarəçi, direktor, direktor müavini, aşpaz, idmançı və s.
34/7 proses, sabitlik, sübut: vəkil, həkim, müəllim, idarəçi, yüksək səviyyəli idarəçi, şirkət sahibi, təşkilatçı, memar.
43/7 həssaslıq, proses, sübut: psixoloq, avtomobil sahəsi, texniki işlər, polis, hakim, həkim.
Həyat məqsəd rəqəmi 8:
8 təsir, güc, liderlik, proses: liderlik, media, TV, beynəlxalq təşkilatçı, şirkət sahibi, fond və dərnək rəhbərləri, sosial yardım işləri.
17/8 sübut, proses, yaradıcılıq, təsir: müdir, direktor, mütəxəssis, İT şirkəti, tədqiqat şirkətləri, məsləhətçilər, jurnalistlər, qrafika, memar, mebel işləri.
26/8 formalaşma, əməkdaşlıq, təsir, proses: mənəvi sahələr, satış, marketinq, şirkət sahibi, fond, dərnək, ortaq şirkət, orta səviyyəli idarəçi, beynəlxalq qurumlar, jurnalist.
35/8 liderlik, həssaslıq, təsir, proses: satış, marketinq, tibbi sahə, tekstil, aviasiya, texnik, təhsil idarəçisi, restoran işləri və s.
44/8 proses, liderlik, təsir, həssaslıq: beynəlxalq qurumlar, media, TV, səyahət, aviasiya, hotelçilik, istehsal, təhsil, avtomobil, siyasət, işləri.
Həyat məqsədi rəqəmi 9:
9 müdriklik, mükəmməllik, proses: akademik, jurnalist, siyasətçi, mühəndis, din xadimi, tədqiqatçı, ruhani lider.
18/9 yaradıcılıq, mükəmməllik, təsir: sahibkar, rəqəmsal sektor, TV-media, maliyyə sektoru, birjaçı, tarixçi, yazıçı.
27/9 əməkdaşlıq, sübut, mükəmməllik: işçi, idarəçi, musiqiçi, müəllim, həkim, akademik, texnik, podratçı.
36/9 formalaşma, həssaslıq, mükəmməllik: akademik, səhnə sənətləri, inzibati assistent, yazıçı, tədqiqatçı, sosial layihələr, fond, dərnək işləri.
45/9 liderlik, proses, mükəmməllik: şirkət sahibi, siyasətçi, yüksək səviyyəli idarəçi, istehsal işləri, beynəlxalq işlər, memar.
-Bəzi insanlar adını və soyadını dəyişib “enerjimiz dəyişdi” deyir. Bu doğrudurmu?
-Bəli, insanın adını dəyişməsi onun həyatını dəyişdirir.
-Bəs estetik əməliyyat etdirmiş insanın üzündən taleyini necə oxuyursunuz?
-Estetik əməliyyatlar hiss olunur. Çox yaxşı edilmiş, hiss olunmayan estetiklərdə isə səhvə yol verməmək üçün bunu soruşuruq.
-Cinayətə meyilli və ya təhlükəli bir insanı ad və üz analizi ilə müəyyən etmək mümkündür?
-Bir insanın başı uzun formadadırsa, həmçinin əlini dik tutduqda baş barmağı işarə barmağının 2-ci hissəsini keçirsə, bu, onun cinayət törətmə qabiliyyətinin yüksək ola biləcəyini göstərir.
-Bu sahədə qarşılaşdığınız ən qəribə hadisə nə olub?
-Bu elmə şübhə ilə yanaşan insanların sonradan fizionomiyaya inandığına dəfələrlə şahid olmuşam. Bir gün dərs keçdiyim bir tələbəmin üzünə və daha sonra əlinə baxaraq öd kisəsində problemi olduğunu gördüm. Ona həkimə getməsini tövsiyə etdim. Həkimə gedəndən sonra, 2 gün içində təcili əməliyyat olundu. Bu da yaşadığım maraqlı hadisələrdən biri idi.
-Yəni xəstəlikləri əl və üzü oxuyaraq müəyyən etmək olar?
-Analizlə müəyyən edilən bir çox xəstəliyi üzə və ələ baxaraq oxumaq mümkündür.
-İnsanların üz cizgilərini oxumaq və ya numerologiyasına baxmaq sonra sizin həyatınıza və ya enerjinizə mənfi təsir edir?
-Əlbəttə. Fizionomik analiz apararkən insanların mənfi enerjiləri bizə keçir. Yəni onların bədənlərindəki mənfi enerjiləri alırıq. Hətta hicama edənlərdə də bu baş verir. Əgər o mənfi enerjini atmasaq, bu, bizi narahat edir.