Texniki baxışa görə kiməsə bu 20 gün ərzində cərimə yazıla bilməz - EKSPERT

  • 21-ci gündən etibarən avtomobil texniki baxışdan keçməzsə 50 manat məbləğində cərimə yazılacaq

Bəzi sürücülər avtomobilin texniki baxış müddəti bitsə də, 20 günlük əlavə vaxtları olduğu halda onlara cərimə tətbiq edildiyini bildirir. Sosial şəbəkədə bununla bağlı paylaşım edənlər olub. Texniki baxış müddəti başa çatdıqdan sonra 20 günlük güzəşt müddəti ləğv olunubmu?

Nəqliyyat məsələləri üzrə ekspert Rüfət Əmiraslanov Sherg.az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı ona da çox müraciətlər edilir, avtomobil sahibləri bu güzəştin ləğv edilib-edilmədiyini soruşurlar:

- Bildirmək istəyirəm ki, Azərbaycanda avtomobillərin texniki baxış müddətinə aid edilən 20 günlük məsələ "Yol hərəkəti haqqında" Qanuna əsasən tənzimlənir. Bu qaydaya əsasən texniki baxış talonunda qeyd olunan son tarix bitdikdən sonra həmin tarixdən etibarən sürücüyə avtomobili növbəti dəfə texniki baxışdan keçirmək üçün qanuni olaraq 20 gün vaxt tanınır. Bu, sadəcə şifahi "güzəşt" deyil, qanunla müəyyən edilmiş möhlət dövrüdür. Həmin 20 gün ərzində texniki baxış müddətinin bitməsinə görə sürücülərə heç bir inzibati cərimə tətbiq edilmir. Kiməsə bu 20 gün ərzində cərimə yazıla bilməz. Bu, qanunsuzdur. Cərimə o zaman yazıla bilər ki, 20 günlük möhlət müddəti tam bitmiş olsun. 21-ci gündən etibarən avtomobil texniki baxışdan keçməzsə və bu halda yollardakı kameralar və ya elektron sistemlər tərəfindən hərəkətdə olduğu qeydə alınarsa, İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsinə əsasən 50 manat məbləğində cərimə yazılacaq. Sosial şəbəkələrdə bu 20 günlük müddətin ləğv edilməsi ilə bağlı zaman-zaman müxtəlif iddialar səslənsə də, rəsmi qanunvericilikdə bu qayda hazırda qüvvədədir. Ləğv olunmayıb.