- “Süni intellekt dini hökm verə bilməz”
- “Süni intellekt bəzən "bilmirəm" deməli olduğu yerdə inamlı cavab verir”
Süni intellekt artıq həyatımızın bütün sahələrinə daxil olub və insanların gündəlik işlərində əsas köməkçilərdən birinə çevrilib. Əvvəllər yalnız sadə suallara cavab verən rəqəmsal proqramlar artıq insanların məlumat axtarışında ilk müraciət etdiyi vasitələrdən biridir. Tibb, təhsil, biznes, hüquq və bir çox başqa sahələrdə süni intellektdən istifadə getdikcə genişlənir.
Hətta insanlar dini suallarına cavab tapmaq üçün də süni intellektə müraciət edirlər. Namaz, oruc, zəkat, halal və haram məsələləri, Quran ayələrinin mənası, hədislər və digər dini mövzularla bağlı suallar getdikcə daha çox süni intellektə yönəldilir.
Maraqlıdır, dini məsələlərdə süni intellektə nə qədər etibar etmək olar?
Mövzu ilə bağlı suallarımızı cavablandıran İlahiyyat üzrə fəlsəfə doktoru, ilahiyyatçı-alim Əkrəm Həsənov Sherg.az-a bildirib ki, süni intellektin dini məsələlərdə istifadəsinə nə həddindən artıq qorxu ilə, nə də kor-koranə heyranlıqla yanaşmaq lazım deyil:
-Süni intellekt artıq həyatımızın reallığına çevrilib. Bu da bizdən asılı məsələ deyil. Ondan qaçmaq mümkün deyil və əslində buna ehtiyac da yoxdur. Əsas məsələ ondan necə istifadə etməyimiz, hansı məlumatı ona etibar etməyimiz və əldə etdiyimiz məlumatı necə yoxlamağımızdır. İslamın elmə və biliyə münasibətinə baxanda görürük ki, müsəlman insanın düşünməsinə, soruşmasına, araşdırmasına və bilmədiyini biləndən öyrənməsinə çağırış var. Quranda Nəhl surəsinin 43-cü ayəsində buyurulur: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.” Bu ayənin konkret nazilolma konteksti fərqli olsa da, burada çox mühüm bir prinsip görürük: insan bilmədiyi məsələdə bilənə müraciət etməlidir. Bu baxımdan mən süni intellekti bir növ çox böyük informasiya vasitəsi kimi görürəm. O, bizə mənbə tapmaqda, müxtəlif fikirləri müqayisə etməkdə, ərəb, fars, ingilis və digər dillərdə olan materialları əldə etməkdə, klassik mətnləri araşdırmaqda, böyük həcmli informasiyanı sistemləşdirməkdə çox ciddi kömək edə bilər. Xüsusilə elmi tədqiqat aparan insan üçün bu imkanların əhəmiyyətini kiçiltmək olmaz. Amma burada çox mühüm bir fərq var. Məlumat əldə etmək başqa şeydir, dini hökm vermək başqa. Süni intellektin verdiyi cavabın səlis, məntiqli və inandırıcı səslənməsi onun mütləq doğru olması demək deyil. Müasir süni intellekt sistemlərinin əsas problemlərindən biri də budur. Onlar bəzən olmayan mənbəyə istinad edə, mövcud mənbəni səhv təqdim edə, müxtəlif fikirləri bir-birinə qarışdıra və yanlış məlumatı çox inandırıcı şəkildə ifadə edə bilirlər. Elmi ədəbiyyatda bu problem “hallüsinasiya” adlandırılır. Son illərdə aparılan tədqiqatlar göstərir ki, ən müasir dil modellərində belə faktla yanlış məlumatı ayırmaq, mənbələri düzgün göstərmək və konteksti qorumaq problemi tam aradan qalxmayıb. Dini məsələdə isə bunun məsuliyyəti daha böyükdür. Çünki yanlış tibbi məlumat insanın sağlamlığına, yanlış hüquqi məlumat hüquqi vəziyyətinə zərər verə bildiyi kimi, yanlış dini məlumat insanın etiqadına və ibadətinə təsir edə bilər. Quranda İsra surəsinin 36-cı ayəsində çox ciddi bir prinsip qoyulur: “Bilmədiyin şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb, bunların hamısı sorğu-sual olunacaq.” Hucurat surəsinin 6-cı ayəsində isə xəbər gətirən zaman onun araşdırılmasını, yoxlanılmasını əmr edir: “Bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın...” Məncə, süni intellekt dövründə bu ayələrin informasiya mədəniyyəti baxımından əhəmiyyəti daha da artır. Çünki əvvəllər insan səhv məlumatı bir kitabdan, qəzetdən və ya bir şəxsdən ala bilərdi. İndi isə saniyələr ərzində minlərlə məlumat qarşımıza çıxır. Ona görə də müasir insanın dini savadı ilə yanaşı, informasiya savadı da olmalıdır. Hədislərdə bu məsələyə çox ciddi yanaşılır: “Səhih Buxaridə Peyğəmbərimizdən (s.ə.s) rəvayət olunur ki, elm alimlərin ölümü ilə azalacaq, sonra insanlar cahil şəxsləri özlərinə rəhbər götürəcək, onlardan soruşacaq, onlar da elmsiz fətva verərək həm özləri azacaq, həm də başqalarını azdıracaqlar. Bu hədisi süni intellektə birbaşa tətbiq etmək düzgün olmaz. Süni intellekt “cahil insan” deyil və burada söhbət başqa texnoloji reallıqdan gedir. Amma hədisin ortaya qoyduğu prinsip bizim üçün çox əhəmiyyətlidir: dini hökm vermək üçün sadəcə məlumatın olması kifayət etmir, elmi səriştə lazımdır. Fətva xüsusilə məsuliyyətli sahədir. Çünki fətva sadəcə internetdən bir məlumat tapıb insanın qarşısına qoymaq deyil. Müfti məsələnin mahiyyətini, insanın konkret vəziyyətini, zaman və məkan şərtlərini, məzhəb fərqlərini, hüquqi prinsipləri, Quran və sünnədəki dəlilləri və həmin dəlillərin tətbiq şəraitini bilməlidir.
-İslam dünyasında süni intellektin dini məsələlərdə, xüsusilə də fətva sahəsində istifadəsinə münasibət necədir?
-Misirin Darül-İftası 2025-ci ilin dekabrında süni intellektdən fətva almaq məsələsinə ayrıca münasibət bildirib. Qurum süni intellektdən ümumi olaraq faydalanmağı qadağan etmir, əksinə, texnologiyanın faydalı məqsədlər üçün istifadəsini mümkün hesab edir. Lakin AI sistemlərinin fətva vermək üçün tələb olunan elmi, metodoloji və insani şərtlərə malik olmadığını və onların cavablarının ziddiyyətli və yanlış ola bildiyini vurğulayır. Beynəlxalq İslam Fiqh Akademiyasının 2025-ci ilin noyabrında qəbul etdiyi 258 saylı qərar da maraqlıdır. Akademiya süni intellektin yaradılmasını və istifadəsini prinsip etibarilə mübah hesab edir, lakin onun fayda verməsi, zərərin qarşısını alması, dürüstlük, şəffaflıq, şəxsi məlumatların qorunması və dini dəyərlərə hörmət kimi etik və hüquqi şərtlərə əməl etməsini tələb edir. Yəni burada İslamın texnologiyaya qarşı çıxan bir mövqedə olmadığını görürük. Əksinə, texnologiya bir vasitədir və vasitənin hökmü onun hansı məqsədlə istifadə edilməsindən asılıdır. Əgər süni intellekt Quranın, hədislərin, klassik əsərlərin, elmi məqalələrin araşdırılmasına, tərcüməsinə, müqayisəsinə və maarifləndirməyə xidmət edirsə, bundan faydalanmaq mümkündür. Amma onu müstəqil dini avtoritetə çevirmək doğru deyil. Son elmi araşdırmalar da məsələyə bir qədər balanslı yanaşmağın vacibliyini göstərir. Məsələn, 2026-cı ildə yayımlanan bir tədqiqatda ChatGPT, Copilot, Gemini və DeepSeek kimi modellər Türkiyə Diyanət İşləri Başkanlığının dini bilik testlərində yoxlanılıb. Nəticələr göstərib ki, modellərin dini elmlərin müxtəlif sahələrində performansı eyni deyil. Bir model Quran və hədis sahəsində daha yaxşı nəticə göstərdiyi halda, digəri əqidə və əxlaq məsələlərində daha yaxşı nəticə verib. Bu, məncə, çox mühüm nəticədir. Çünki “süni intellekt dini suallara cavab verə bilir” demək başqa şeydir, “süni intellekt dini məsələləri insan alim səviyyəsində anlayır” demək tamam başqa şeydir. Quran təfsiri ilə bağlı aparılan başqa tədqiqatlarda da oxşar nəticələr əldə olunub. 2024-cü ildə aparılmış bir araşdırma ChatGPT-nin Quran təfsirində kifayət qədər səlis və məntiqli cavablar verə bildiyini, lakin klassik təfsirlərin malik olduğu tarixi, dilçilik və dini kontekst dərinliyinə həmişə sahib olmadığını göstərib. Bununla yanaşı, 2026-cı ilin başqa bir pilot araşdırmasında süni intellektin Quran ayələrinin düzgün xatırlanması və mətn əsaslı axtarışda kifayət qədər yüksək nəticələr göstərə bildiyi müəyyən edilib. Lakin həmin tədqiqat da Quranın tematik və təfsiri təhlilində etik, dilçilik və qərəz məsələlərinə görə ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır”.
-Deməli, məsələni “Aİ yaxşıdır” və ya “Aİ pisdir” səviyyəsinə gətirmək elmi yanaşma deyil. Daha doğru yanaşma onun hansı işi nə qədər yaxşı gördüyünü müəyyənləşdirməkdir?
- Mən özüm də elmi işdə texnologiyanın imkanlarını yüksək qiymətləndirirəm. Tədqiqatçı üçün süni intellekt böyük köməkçidir. Məsələn, müəyyən mövzuda mənbələri tapmaq, xarici dildə olan araşdırmaları anlamaq, müxtəlif mövqeləri müqayisə etmək, böyük mətnlərdə müəyyən mövzuları müəyyənləşdirmək və ilkin informasiya toplamaq baxımından onun imkanları genişdir. Amma alim əldə etdiyi məlumatı yenə özü yoxlamalıdır. Mənbəyə getməli, kitabı açmalı, hədisin mətninə və sənədinə baxmalı, təfsirin kontekstini araşdırmalı, müxtəlif alimlərin mövqeyini müqayisə etməlidir. Əslində bu, klassik İslam elm ənənəsinə də tam uyğundur. İslam alimləri eşitdikləri hər məlumatı qəbul etmirdilər. Hədis elminin inkişafının özündə də məhz yoxlama, ravinin etibarlılığı, mətnin müqayisəsi, sənədin araşdırılması kimi çox ciddi elmi prinsiplər dayanırdı. Bu baxımdan Qurandakı “xəbəri araşdırın” prinsipi ilə klassik hədis metodologiyası arasında çox mühüm bir epistemoloji əlaqə var. Bu gün süni intellekt bizə məlumatı çox sürətlə gətirir. Amma sürət həqiqətin meyarı deyil. İslam tarixində də alimlərin “bilmirəm” deməkdən çəkinməməsi elmin bir hissəsi olub. İmam Malikdən çoxsaylı suallara cavab verməsi istənildikdə bir sıra suallara “bilmirəm” cavabı verdiyi məşhurdur. Çünki alim üçün hər suala cavab vermək məcburiyyəti yoxdur. Əksinə, bilmədiyi məsələdə bilmədiyini etiraf etmək elmi dürüstlükdür. Süni intellektin isə ən ciddi problemlərindən biri məhz budur: o, bəzən “bilmirəm” deməli olduğu yerdə belə çox inamlı cavab verə bilir. Buna görə də onun səlis danışması və cavabı əminliklə təqdim etməsi istifadəçidə yanlış etimad yarada bilər. Azərbaycanda da süni intellekt mövzusu artıq dövlət və elmi səviyyədə ciddi şəkildə gündəmdədir. Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul olunub və burada süni intellekt üzrə tədqiqatların, kadr hazırlığının, infrastrukturun və tətbiqlərin inkişaf etdirilməsi nəzərdə tutulur. AMEA-da da süni intellekt və rəqəmsal humanitar elmlər istiqamətində yeni tədqiqat imkanları yaradılır. Məsələn, Şərqşünaslıq İnstitutunda “Rəqəmsal Şərqşünaslıq, Süni intellekt və elektron xidmətlər” şöbəsinin yaradılması bu texnologiyanın humanitar və Şərq araşdırmalarına daxil olduğunu göstərir. Dini sahədə də Azərbaycanda bu mövzu artıq müzakirə olunur. 2026-cı ilin əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Misirdə “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi” mövzusunda beynəlxalq konfransda iştirakı da göstərir ki, süni intellekt və mənəvi dəyərlərin münasibəti artıq yalnız texnoloji məsələ kimi deyil, dini və etik məsələ kimi də müzakirə olunur.
-Sizcə, süni intellektdən dini məsələlərdə istifadə edən insan hansı məqamlara xüsusilə diqqət etməlidir ki, doğru ilə yanlış məlumatı bir-birindən ayıra bilsin?
-Azərbaycanda son aylarda süni intellektin dini məsələlərdə istifadəsi ilə bağlı sosial şəbəkələrdə yaranan müzakirələr də göstərdi ki, cəmiyyət bu məsələyə böyük maraq göstərir. Burada mənim üçün əsas məsələ insanları süni intellektdən qorxutmaq deyil. Əksinə, insanlara ondan düzgün istifadə etməyi öyrətməkdir. Mən dini bilik sahəsində ən böyük təhlükənin texnologiyanın özü olduğunu düşünmürəm. Əsas təhlükə savadsızlığın texnologiya vasitəsilə daha sürətli yayılmasıdır. Əgər insan dini məlumatı yoxlamadan qəbul edirsə, bunu ona sosial şəbəkə də edə bilər, YouTube videosu da, kitab da, insan da, süni intellekt də. Deməli, problem təkcə vasitədə deyil, istifadəçinin informasiya mədəniyyətindədir. Bu baxımdan mən “dini qorxu ilə yox, biliklə öyrənmək” prinsipinin bu gün daha aktual olduğunu düşünürəm. İnsan Quranı oxumalı, hədisi araşdırmalı, alimlərin fikirlərini bilməli, müxtəlif yanaşmaları müqayisə etməli və sual verməkdən çəkinməməlidir. Sağlam iman sualdan qorxan iman deyil. Əksinə, düşünərək, anlayaraq və araşdıraraq formalaşan iman daha şüurlu və daha dayanıqlı olur. Mənim fikrimcə, gələcəkdə dini maarifləndirmədə süni intellektdən ciddi şəkildə istifadə etmək mümkündür. Hətta düzgün qurulmuş sistemlər Quran, hədis, təfsir, fiqh və İslam elmləri üzrə mənbələrə əsaslanan böyük elektron kitabxanalarla birləşdirilərək insanlara ilkin məlumat və istiqamət verə bilər. Amma burada da son söz insan alimə məxsus olmalıdır. Süni intellekt mənbəni göstərən, məlumatı müqayisə edən, izahı sadələşdirən və tədqiqatçının işini sürətləndirən vasitə ola bilər. Dini hökmün məsuliyyətini isə maşının üzərinə qoymaq olmaz. Bu məsələni belə ifadə edərdim: süni intellektdən dini sual soruşmaq günah və ya qadağan edilmiş bir əməl kimi təqdim edilməməlidir. Amma onun cavabını avtomatik olaraq dinin özü hesab etmək də düzgün deyil. İnsan süni intellektə “Quranda bu mövzu ilə bağlı hansı ayələr var?”, “Bu məsələyə hansı alimlər necə yanaşıblar?”, “Bu hədis hansı mənbələrdə keçir?”, “Bu mövzuda hansı elmi araşdırmalar aparılıb?” kimi suallar verə bilər. Lakin “mənim konkret vəziyyətimdə bu əməl halaldır, yoxsa haramdır?” kimi məsuliyyətli fətva tələb edən məsələlərdə əldə olunan cavab mütləq etibarlı və səriştəli din alimi tərəfindən yoxlanmalıdır. Çünki dini hökm sadəcə informasiya deyil, məsuliyyətdir. Mən süni intellekti dini bilik üçün təhlükə kimi deyil, düzgün istifadə olunarsa böyük imkan kimi görürəm. Amma bu imkanın təhlükəyə çevrilməməsi üçün üç prinsip vacibdir: mənbəni yoxlamaq, cavabı başqa mötəbər mənbələrlə müqayisə etmək və mürəkkəb dini məsələlərdə mütəxəssisə müraciət etmək. İslamın elm ənənəsi bizə həm öyrənməyi, həm də eşitdiyimizi yoxlamağı öyrədir. Bu gün texnologiyanın dəyişməsi həmin prinsipi dəyişmir. Əksinə, məlumatın sürəti artdıqca yoxlama məsuliyyətimiz də artır. Ona görə mənim mövqeyim qısaca belədir: süni intellekt dini biliklərin yayılmasında çox faydalı köməkçi ola bilər, amma dini həqiqətin və dini hökmün müstəqil mənbəyi deyil. Ondan istifadə edək, amma ona kor-koranə inanmayaq. Texnologiyadan faydalanaq, amma ağlımızdan, elmi metoddan və mötəbər dini mənbələrdən imtina etməyək. Ən əsası isə dini bilik sahəsində insanın yerini maşına verməyək. Çünki din yalnız mətnlərdən ibarət deyil. Din həm də mətnin düzgün anlaşılması, insanın vəziyyətinin nəzərə alınması, əxlaq, məsuliyyət, niyyət və həyatın konkret reallıqlarını nəzərə almaqdır. Bunlar isə hələlik sadəcə məlumat emalından daha geniş bir məsələdir. Süni intilektə həddən artıq məlumat bazaları var və yerləşdirilməyə davam edir, bəzən doğru, bəzən yanlış məlumatlar verə bilir. Ama düşünmə mexanizmi də insan beynindən daha sürətli və cəld işlədiyinə görə qismən süni intilektdən dini məsələlərdə ehtiyatla davranaraq istifadə eləmək olar.