Uşağın adı ilə bağlı son söz məhkəmənindir? - Qanun layihəsinin pərdəarxası

Ramil Süleymanov: “Uşağa ad məsələsi ailələrdə ciddi mübahisə mövzusudur!”

Milli Məclisdə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib. Qanuna əsasən, uşaqların vətəndaşlıq hüququ və adlarının verilməsi proseduru müəyyənləşdirilib. Yeni qaydalara görə, hər bir uşaq doğulduqdan sonra qeydiyyata alınır və müvafiq hallarda vətəndaşlıq əldə edir.

Uşağa ad, ata adı və soyad valideynlərin razılığı ilə verilir, fikir ayrılığı yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur: Ailə Məcəlləsinə əsasən isə, uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir”.

Dəyişiklikləri şərh edən vəkil Ramil Süleymanov “Sherg.az”a bildirib ki, “Uşaq hüquqları haqqında qanun” layihəsində uşaqlara adın verilməsi mexanizminin ayrıca vurğulanması göstərir ki, ailələrdə bu məsələyə dair ciddi mübahisələr mövcuddur:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən, hər bir uşağın adı, ata adı və soyad daşımaq hüququ vardır. Uşağın adı valideynlərin birgə razılığı ilə, ata adı atasının adına uyğun, soyadı isə valideynlərdən birinin soyadı ilə müəyyən edilməlidir.

Valideynlər arasında fikir ayrılığı yaranarsa, məsələ əvvəlcə icra hakimiyyəti orqanlarının yetkin yaşına çatmayanların işləri üzrə komissiyaları tərəfindən həll olunur. Əgər valideynlər yenə də razılığa gələ bilməsələr, son qərarı məhkəmə verir. Bu mexanizm uşağın hüquqlarını qorumaqla yanaşı, ailədaxili mübahisələrin uşağa zərər verməməsini təmin edir”.

R. Süleymanov qeyd edib ki, uşağın adı 10 yaşına çatdıqdan sonra onun öz razılığı ilə dəyişdirilə bilər, 18 yaşdan sonra isə adın dəyişdirilməsi tam hüquqi əsaslarla həyata keçirilir: “Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsi də uşağın ad üzərində hüquqlarını təsbit edir və onu qoruyur. Ümumilikdə, bu qanun layihəsi uşaqların ad hüququnu həm valideynlərin razılığı, həm də hüquqi mexanizmlər vasitəsilə təmin edir, fikir ayrılıqlarını nizamlamaq və uşağın şəxsiyyət inkişafını qorumaq məqsədi daşıyır”.