Uşaqları qoruyan “GİZLİ NÖMRƏ”: 116111 - Təhlükə zamanı pulsuz dəstək

  • . Qaynar Xətt-dəki mütəxəssislər uşağı dinləyəcək, vəziyyəti qiymətləndirəcək, psixoloji, sosial və hüquqi dəstək göstərəcək

Meta şirkəti uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirmək məqsədilə genişmiqyaslı dəyişikliklərə razılıq verib. ABŞ-ın bir sıra ştatları ilə əldə olunan razılaşma çərçivəsində şirkət yaşın müəyyənləşdirilməsi, valideyn nəzarəti, ekran vaxtına məhdudiyyətlər, gecə saatlarında istifadənin məhdudlaşdırılması, eləcə də uşaqların potensial təhlükəli şəxslər və məzmunla təmasdan qorunması istiqamətində əlavə tədbirlər həyata keçirəcək.

Bu barədə Azərbaycan Uşaq Qaynar Xətti-nin məlumatında bildirilir. Qeyd olunur ki, məhz bu baxımdan Azərbaycan Uşaq Qaynar Xətti – 116111 mühüm rol oynayır. Uşaq onlayn və ya real həyatda hər hansı təhlükə ilə qarşılaşdıqda gün ərzində, istənilən saatda pulsuz və anonim şəkildə Qaynar Xəttə müraciət edə bilər. Mütəxəssislər uşağı dinləyir, vəziyyəti qiymətləndirir, psixoloji, sosial və hüquqi dəstək göstərir və zərurət yarandıqda onun müdafiəsi üçün aidiyyəti qurumlarla koordinasiya həyata keçirirlər.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a bildirdi ki, Meta vəd etdiyi dəyişikliklərin icrasına başlasa, bu, çox faydalı olacaq: 

- Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi çox önəmlidir. Xüsusən hazırkı yüksək texnologiyalar dövründə. Rəqəmsal təhlükələrdən qorunmaq artıq yalnız uşağın və ya valideynin məsuliyyəti kimi qəbul edilmir. Rəqəmsal platformalar, dövlət, ailə və vətəndaş cəmiyyəti birlikdə uşaqlar üçün daha təhlükəsiz mühit yaratmalı, həm risklərin qarşısını almalı, həm də təhlükə artıq baş verdikdə effektiv müdaxilə imkanlarını təmin etməlidir. Azərbaycanda da bu məsələ getdikcə daha aktual xarakter alır. Kiberbullinq, onlayn təhdidlər, psixoloji təzyiq, şantaj, arzuolunmaz əlaqələr və digər rəqəmsal risklər yalnız profilaktika deyil, həm də sürətli və peşəkar müdaxilə tələb edir. Bu baxımdan Azərbaycan Uşaq Qaynar Xətti-nin fəaliyyəti, Qaynar Xəttin əlçatan olması vacibdir. Uşaqlar bilsinlər ki, hər hansı təhlükə ilə qarşılaşıblarsa 116111 nömrəsinə zəng edə bilərlər. İstər onlayn təhlükə olsun, istərsə də, gündəlik həyatda hər hansı təhlükə Zənglər ödənişsizdir, pulsuzdur. Qaynar Xətt-dəki mütəxəssislər uşağı dinləyəcək, vəziyyəti qiymətləndirəcək, psixoloji, sosial və hüquqi dəstək göstərəcək, zərurət yarandıqda onun müdafiəsi üçün aidiyyəti qurumlara müraciət olunacaq, koordinasiyalı fəaliyyət həyata keçiriləcək. Platformalar qaydalarını dəyişə bilər. Amma valideynlər unutmasınlar ki onların nəzarəti də mühümdür. Uşağın hər zaman onu dinləyəcək və anlayacaq bir insana ehtiyacı var.