Vaşinqton sülhə və təhlükəsizliyə qarant olmaq istəyir -Politoloq


Martın 25-də ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı İrəvan və Bakı arasında sülh sazişinin imzalanması məsələsi də müzakirə edilib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə "Hökumət saatı"nda bildirib. Onun sözlərinə görə, ABŞ dövlət katibi İrəvan və Bakı arasında sülh sazişi üzrə razılaşmanın əldə edilməsinin və sənədlə bağlı danışıqların başa çatdırılmasının vacibliyini vurğulayıb. Paşinyan qeyd edib ki, tərəflər sülh sazişinin tez bir zamanda imzalanması və ratifikasiya edilməsinin vacibliyi barədə razılığa gəliblər. O, Rubio ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsini də müzakirə etdiyini vurğulayıb: "Biz Ermənistan və ABŞ arasında yüksək səviyyəli əlaqələri davam etdirməklə bağlı razılığa gəldik".

"Baş verən hadisələr fonunda diqqətçəkən bir məqam da ABŞ-nin həm İrəvan-Bakı, həm də İrəvan-Ankara danışıqlarına marağının artmasıdır".

Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ dövlət katibi Marko Rubio öncə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb, bir neçə saat sonra isə Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. 

Ekspert vurğulayıb ki, Rubio telefon danışığı zamanı Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq, eləcə də regional gündəliklə bağlı məsələləri müzakirə ediblər: 

"Paşinyan isə dövlət katibinə danışıqlar prosesini (Azərbaycanla – red.) təqdim edib və “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırıldığı haqda məlumat verib. Baş nazir vurğulayıb ki, saziş layihəsi imzalanmağı gözləyir. Hər nə qədər açıqlanmasa da Paşinyanın Rubio ilə telefon danışığında İrəvanla Ankara arasında dialoq barədə söhbət etdiyi də istisna deyil. Əslində məsələyə baxdıqda belə bir vəziyyət ortaya çıxır. Ermənistan həm Azərbaycanla sülh müqaviləsi imzalamaq, həm də Türkiyə ilə sərhədin açılmasını istəyir. Lakin Azərbaycana hər hansı dəhlizin verilməsini istəmir. Türkiyə Ermənistan ilə başda iqtisadi əlaqələr olmaqla bütün əlaqələri bərpa etmək istəyir. Lakin müttəfiqi Azərbaycanın incik düşməsini, münasibətlərə xələl gəlməsini istəmir. Buna görə də Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalamasını istəyir".

Analitik qeyd edib ki, ABŞ Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazır olduğunu bilir, imzalamasını istəyir: 
"Özü də prosesdə bu və ya başqa formada iştirak etmək istəyir. Sülh olarsa ABŞ Ermənistandakı hərbi varlığını daha da artıra bilər. Bunun üçün isə Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmalıdır. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Lakin narahatlıqları və ehtiyat etdiyi məqamlar var. Rəsmi Bakı hər şeydən öncə Ermənistana inanmır. Bu ölkədə siyasi proseslərin sürətlə dəyişməsi İrəvanın zəif iradə nümayiş etdirib hər dəfəsində böyük güclərin oyunlarına alət olması, ən əsası da revanşizm, ultra-milliyyətçilik kimi ideoloji problemlərin qalması Bakını sülh sazişindən əlavə tələblər irəli sürməyə vadar edir. Misal üçün, Naxçıvana təhlükəsiz keçidin təmini üçün Zəngəzurun dəhliz əsasında açılması, gələcəkdə yeni müharibələrin, işğal cəhdinin qarşısını almaq üçün isə Ermənistan konstitusiyasındakı müvafiq bəndlərin dəyişməsini tələb edir.
ABŞ dövlət katibi Marko Rubionun təmaslarından görünür ki, Vaşinqton sülhə və təhlükəsizliyə qarant olmaq istəyir. Azərbaycan üçün ABŞ-ın təkbaşına qarant olması kifayət deyil. Buna görə mümkündür ki, Türkiyənin də prosesdə iştirakı şərt kimi irəli sürülsün. Lakin bu da hələ son deyil. Təbii ki, bir də Rusiya faktoru var. Rusiya da ən az ABŞ kimi Ermənistan ilə Azərbaycan arasında sülhün qaçılmaz olduğunun fərqindədir. Və yenə Moskva da Vaşinqton kimi sülhün onun moderatorluğunda əldə edilməsini istəyir. Hətta bu istiqamətdə konkret addım da atıb. Söhbət 9 may tarixində baş tutacaq Qələbə paradına həm İlham Əliyevin, həm də Nikol Paşinyanın dəvət edilməsindən gedir".

Siyasi şərhçi vurğulayıb ki, kifayət qədər qəliz, bir o qədər də maraqlı proseslər yaşanır: 
"Lakin məsələnin həllinə dair müəyyən fikir irəli sürmək olar. Bütün tərəflərin ortaq marağı olacaq bir təklif yaratmaq mümkündür. Ermənistan ilə Azərbaycan arasında sülh tərəfsiz bir ölkədə Rusiya, ABŞ və Türkiyənin qarantorluğunda imzalana bilər. Xüsusilə Moskva və Vaşinqton Ukrayna məsələsində ortaq məxrəcə gəlsə, bu məsələ daha tez reallaşa bilər. ATƏT üçlüsündən fərqli olaraq Türkiyənin də üçüncü qarantor ölkə olması Bakını sülhə daha da həvəsləndirə bilər. Zəngəzur məsələsi dəhliz formatında açılmalıdır. Əslində bunun alternativi yoxdur. Lakin dəhlizə nəzarət ABŞ, Rusiya, Türkiyə sülhməramlılarına buraxıla bilər. Beləcə, nə Ermənistanın narahat olduğu kimi Azərbaycan dəhlizə nəzarət edər, nə də Bakının narahat olduğu kimi buradan keçəcək TIR-lara, mülki şəxslərə hücumlar ola bilər. Hər halda bütün bunlar təklif xarakteri subyektiv fikirlər və versiyalardır. Hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək!".