Paşinyan 5-ci kolonla daha sərt davranacaq -PROQNOZ

ABŞ prezidentinin Putini dalana dirəməsi Paşinyana ruspərəst qüvvələrdən qurtulmaq üçün şans verəcək

Baş nazirin müddətsiz məzuniyyətə çıxması baş nazirin atacağı radikal addımlardan özünü sığortalamaq niyyəti ilə bağlıdır

Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 28-də uzunmüddətli məzuniyyətə çıxıb. Baş nazir məzuniyyətə çıxmazdan əvvəl komanda üzvlərinə Rusiya ilə bağlı tapşırıqlar verib. "İravunk" qəzeti məlumat yayıb ki, Paşinyan məzuniyyətə getməzdən əvvəl komanda yoldaşlarına rusları çox da sıxışdırmamağı, məsələni gündəmdə saxlamağı, amma mülayim davranmağı tapşırıb. Bu göstəriş hakim "Vətəndaş Müqaviləsi" Partiyasının qərbyönlü qanadı tərəfindən narahatlıqla qarşılanıb. Onlar baş nazirin yenidən Rusiyaya sığınacağından qorxurlar. Qeyd edək ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə Paşinyan görüşmüşdü. Görüşdən sonra Ermənistan-Rusiya münasibətlərindəki gərgin fon daha da qabardılmışdı. Analitiklər Paşinyanın son günlərdə tez-tez məzuniyyətə çıxmasını qeyri-adi siyasi siqnal kimi dəyərləndirir, bunun Rusiya ilə əlaqəli olduğunu düşünürlər. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a deyib ki, Zəngəzur dəhlizinin açılması məsələsi reallaşdıqca Rusiya və İran böyük narahatlıq hissi keçirir. Ekspert vurğulayıb ki, Rusiya tərəfi rəsmi olaraq sözdə özünü kifayət qədər "təmkinli" aparır: 

"Moskva Zəngəzur dəhlizinin açılmasına rəsmi etiraz bildirmir. Məsələ mürəkkəb olsa da, bu istiqamətdə tədbirlər görülür. Azərbaycanın Rusiya ilə bağladığı müttəfiqlik müqaviləsi ilə yanaşı, Moskvanın özünün tərəf olduğu 10 noyabr sazişində əks olunan Zəngəzur dəhlizi ilə bağlı imzası da mövcuddur. O cümlədən Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi də ortadadır. Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasına iyul ayı ərzində hərbi təyyarələr vasitəsilə çoxsaylı uçuşları qeydə alınıb. Rusiyanın bu uçuşlar vasitəsilə bölgəyə silah-sursat daşıması təsdiqini tapıb. Paşinyanın Rusiyaya səfəri çərçivəsində tərəflər arasında yumşalmanın hiss olunması V.Putinin 5-ci kolon vasitəsilə Paşinyana güclü təzyiq etməsindən irəli gəlir. Hazırda Paşinyanın müddətsiz məzuniyyətə çıxması baş nazirin atacağı radikal addımlardan özünü sığortalamaq niyyəti ilə bağlıdır. Hesab edirəm ki, bu ərəfədə Paşinyan Ermənistandakı 5-ci kolonla daha sərt davranacaq. ABŞ prezidentinin Putini dalana dirəməsi Paşinyana ruspərəst qüvvələrdən qurtulmaq üçün şans verəcək. Ermənistan cəmiyyəti anlamalıdır ki, Zəngəzur dəhlizi potensial olaraq Ermənistanın sərvəti, onun suverenlik, beynəlxalq kimlik və çiçəklənmə yoludur. Tərəflər nə qədər tez anlasalar ki, Rusiyanın sülh məramı işğaldır və indiyə qədər onun ordusunun ayaqları dəydiyi heç bir yerdə sülh təmin olunmayıb, o zaman bölgəmizə sülh gələcək".

V.Əfəndiyev qeyd edib ki, İran hakimiyyəti rəsmi olaraq dəfələrlə Zəngəzur dəhlizinə imkan verməyəcəyini ifadə edib:
 "Ayətullah Xameneinin müşaviri Əli Əkbər Vilayətinin bugünlərdə növbəti bəyanat verməsi İranın daha çox narahatlıq keçirdiyinin təsdiqidir. SEPAH-a bağlı xəbər agentliklərində aşkar şəkildə İranın Azərbaycana qarşı xəbərdarlığı önə çəkilir. Rəqibin və ya düşmənin zəifi olmur, ona görə də bu sayaq bəyanatları ciddiyə almaq lazımdır. Əlbəttə, İranın Azərbaycana hərbi müdaxiləsi ilk olaraq bu dövlətin süqutu ilə nəticələnəcəyi şübhəsizdir. Prezident İlham Əliyevin İranla bağlı siyasəti hər zaman sülh, dostluq və qarşılıqlı hörmət əsasında qurduğu faktdır. Lakin bu siyasət ölkəmizə qarşı hər hansı pis niyyəti həyata keçirməyə heç kimə əsas vermir. Azərbaycan bu gün elə bir hərbi siyasi qüdrətdədir ki, İran sadəcə quru bəyanatlar verə bilər".