
Erməni siyasətində yeni dövr: Ter-Petrasyanın Paşinyana dəstəyi gerçəklərin etirafıdır
“Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Qarabağla bağlı Baş nazir Nikol Paşinyanla eyni mövqeni bölüşür”.
Bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Levon Ter-Petrosyan böyük mənada Nikol Paşinyanın konsepsiyasının tərəfdarıdır: ermənilərin Qarabağa qayıdışı mövzusunu bağlamalıyıq. Üstəlik, Ter-Petrosyan Alen Simonyanın da fikirlərini dəstəkləyir. Alen Simonyana görə, sülh müqaviləsi imzalanan kimi, Azərbaycan və Ermənistan arasında ticarət başlayacaq. Dünən Ter-Petrosyanın özü də söylədi ki, ermənilər ticarətlə yaxşı məşğul olan xalqdır.
Başqa sözlə, Nikol Paşinyan Qarabağla bağlı Ter-Petrosyanın etmək istəmədiyi bir iş (Azərbaycan ərazisi olaraq tanınması – red.) görməyib. Nikol Paşinyan Levon Ter-Petrosyanın konsepsiyasındadır. Yəni hər ikisi eyni ideoloji sahədədir”, - ekspert bildirib.
Matevosyanın iddiasına görə, Ermənistanın digər keçmiş prezidenti Serj Sərkisyan da hakimiyyəti dönəmində bəzi məsələlərdə Nikol Paşinyanla eyni mövqedən çıxış edib:
“Ermənistan-Türkiyə futbol diplomatiyası dövründə hakimiyyətin bəyanatlarını xatırlayın. Sadəcə adları dəyişin, Serj Sarkisyanın yerinə Nikol Paşinyanı qoyun, Abdullah Gülün yerinə Ərdoğanı. Görün nəsə fərq olurmu?”.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, süni coğrafiya olaraq yaradılmış Ermənistanın və onun cəmiyyətinin ən böyük problemi, müəyyən xülyalara inanması və özlərini qədim, dahi bir xalq kimi göstərməsidir:

"Ermənilər "Böyük Ermənistan" xülyası çərçivəsində Azərbaycana və Türkiyəyə qarşı hər zaman iddialar irəli sürüb. Bu istiqamətdə bir çox regional güclərə malik dövlətlər erməni etnosuna dəstək verib, xüsusilə Rusiya və Qərb dünyası onları geosiyasi alət kimi istifadə edib. Erməni cəmiyyətində əsas aparıcı rol millətçi və şovinist Daşnaksütyun partiyası, xaricdə yaşayan erməni lobbiləri və kilsəyə məxsusdur. Bu şəbəkələr cəmiyyətə “zəhər” aşılayır və Ermənistanın başına gələcək problemlərdən qazanc əldə edirlər. Məsələn, erməni soyqırımını sənayeyə çevirən lobbi və kilsə, xülyalardan məhrum olsalar əllərinin nə qədər boş qalacağını anlayır. Bu baxımdan, Nikol Paşinyanın bəzi addımları bu “süngü” ilə qarşılanır. Əgər bu fikirlər ilk prezident Ter-Petrasyan tərəfindən də qəbul olunursa, bu müsbət bir haldır. Ter-Petrasyanın Qarabağ klanına aid siyasətçilər — Robert Köçəryan və Serj Sarkisyanla müqayisədə fərqli düşündüyünü göstərir. Bu kiçik, lakin əhəmiyyətli bir işartıdır. Gerçəkləri qəbul etmək lazımdır. Qarabağ həm Azərbaycana, həm də Ermənistana geosiyasi təzyiq vasitəsi olub. Lakin bu alət artıq Rusiyanın və digər xarici qüvvələrin əlindən çıxıb. Bu vəziyyət həm Azərbaycana, həm də Ermənistana müstəqillik və suverenlik vəd edir. Rusiyanın vassalı rolunda çıxış edən Ermənistan üçün bu müstəqillik əhəmiyyətlidir. Nikol Paşinyanın fikirləri, ictimaiyyətdə dəstək taparsa, həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə Cənubi Qafqaz üçün önəmli olacaq".
Analitikin fikrincə, Ter-Petrasyanın Paşinyanla eyni mövqedən çıxış etməsi gerçəkləri qəbul etmə niyyətini göstərir:
"Əks təqdirdə, alternativ köhnə status-kvoya qayıtmaq, Ermənistanın yenidən xarici qüvvələrin vassalı olması demək idi. Paşinyanın fərqi ondadır ki, o, Ermənistanı müstəqil və suveren etmək planını həyata keçirir. Bu planın içərisində Qarabağ hərəkatı yoxdur. Çünki Paşinyan Qarabağ hərəkatının Ermənistan üçün bəla olduğunu yaxşı anlayır. Ter-Petrasyanın bu yöndə dəstəyi gerçəklərin etirafıdır. O, həmçinin bilir ki, Ermənistan Paşinyana qədər heç vaxt tam müstəqil olmayıb; köhnə siyasətçilər güzəştlərlə Qarabağ münaqişəsini həll etmək istəsələr də, Rusiya tərəfindən əngəllənmişdilər. Ter-Petrasyanın addımı reallıqları qəbul etməsinin göstəricisidir. Bu yol Ermənistanı gələcəkdə möhkəmləndirə və inkişaf etdirə bilər. Sülhün bərqərar olması, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulması Ermənistana təbii təhlükəsizlik vəd edir. Üstəlik, yeni regional arxitekturanı formalaşdırır və xarici müdaxilələrin qarşısını alır. Eyni zamanda nəqliyyat kommunikasiyalarının açılması Ermənistan üçün yeni maliyyə imkanları və bazarlar deməkdir".
Natiq Miri əlavə edib ki, əgər Ter-Petrasyan ağıllı adamdırsa, bu gerçəkləri etiraf etməli və Nikol Paşinyana dəstək verməlidir:
"O həmçinin görür ki, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, kilsəni, Qarabağ klanını və müxalif qüvvələri birləşdirsələr də, Paşinyan hökumətini devirmək mümkün olmayıb. Bu proses davam edərsə və Azərbaycanla müqavilə imzalanarsa, 2026-cı il parlament seçkilərində Paşinyanı dəstəkləyən siyasi qüvvənin qalib gəlmə şansı böyükdür. Beləliklə, Ter-Petrasyanın etirafları gerçəklərin qəbulunu və gələcək üçün strateji baxışı əks etdirir".