Burak Aydın: Moskva Ermənistanın əsl niyyətini addımları ilə qiymətləndirəcək
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib ki, Rusiya Ermənistan hakimiyyətinin əsl niyyətlərini bəyanatlarla deyil, faktiki hərəkətləri ilə mühakimə edəcək.
Medvedyev Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın toxunulmazlığının ləğv edilməsi üçün hazırlanan petisiyanı müxalifətə qarşı yeni bir repressiya mərhələsi adlandırıb.
Siyasi araşdırmaçı və yazar Burak Aydın Sherg.az-a bildirib ki, Medvedyevin açıqlaması Moskvanın Ermənistanın atdığı addımlardan narahat olduğunu göstərir:
"Hazırda mövcud olan Ermənistan Qərblə yaxınlaşan, Avropa İttifaqı, NATO kimi təşkilatlarla münasibətlər qurmağı hədəfləyən və üzünü Rusiyadan daha çox Qərb blokuna çevirməyi qarşısına məqsəd qoyan hökumətdir. Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan isə əslində Ermənistanın rusiyapərəst müxalifət lideridir. O, Ermənistandakı rusiyapərəst müxalifətin önəmli simalarından biridir. Onun adı artıq uzun müddətdir korrupsiya və ölkədən pul çıxarma işlərində hallanır. Çarukyan Paşinyanın Qərblə yeni münasibətlər qurmaq, Qərb blokunun bir parçasına çevrilmək istiqamətində atdığı addımlara, qarşı çıxan siyasətçidir. Çünki o, hələ də Ermənistanın Rusiyanın yanında yer almasını, Ermənistan-Rusiya ittifaqının davam etdirilməsini istəyir".
Analitik qeyd edib ki, adı pul işlərinə və ölkədən pul çıxarma əməliyyatlarına qarışdığı üçün hökumət artıq Çarukyanı siyasi səhnədən uzaqlaşdırmaq istəyir:
"Hökumət Çarukyanı sıradan çıxarmaq üçün onun barəsində müxtəlif müraciətlər hazırlayıb, bir sıra araşdırmalar aparılıb. Çünki Çarukyan onlar üçün maneədir. O, ölkədə müxtəlif təbəqələr arasında da müəyyən dəstəyə malik olan siyasətçidir. Paşinyanın və onun artıq Qərbyönlü siyasətinin qarşısında maneə təşkil edir. Buna görə də Ermənistanda Qərb blokuna yaxın olan siyasətçi Çarukyanı hansısa şəkildə aradan götürmək istəyirlər. Rusiya da bu məsələyə qəzəblidir".
Ekspert vurğulayıb ki, Rusiya Çarukyanın sıxışdırılmasına qəti şəkildə qarşıdır:
"Çarukyan Rusiyanı Ermənistanda təmsil edir. Yəni Ermənistanda Rusiyanı təmsil edən siyasətçinin hazırda açıq şəkildə mövqeyi sarsıdılır. Bu isə Rusiyanın əleyhinə olacağı üçün artıq Rusiya rəsmiləri buna etiraz etməyə başlayıblar".