“Brüssel Paşinyanı deyil, öz geosiyasi maraqlarını müdafiə edir”
Ermənistanda iyunun 7-də baş tutan seçkilərdə faktiki olaraq, iki cəbhə açılmışdı: Bir tərəfdə hakimiyyətini qorumağa çalışan Paşinyan komandası, digər tərəfdə isə onu devirməyə yönələn müxalif qüvvələr. Həmin dönəmdə Ermənistanda, Rusiyadan rüşvət qarşılığında ölkəyə gətirilən şəxslərin müxalifətə səs verəcəyinə dair iddialar yayılmışdı. Paşinyan hökuməti bu cəhdlərin qarşısını qismən ala bilsə də, müxalifət cinahı, iqtidarın seçki saxtakarlığına yol verməsinin qarşısına sədd çəkə bilmədi. Ermənistan mətbuatı səs verənlərə təzyiq göstərildiyini, inzibati resurslardan istifadə edilərək işçilərin səsverməyə cəlb olunduğunu və yüzlərlə müxalifətçinin saxlanıldığını yazırdı. Ermənistan mətbuatı seçki saxtakarlığını manşetlərə daşıdığı halda, Aİ-nin İrəvandakı missiyası bu ittihamlarla razılaşmır, seçkilərin gedişatını müsbət qiymətləndirirdi. Paşinyanı Aİ üçün demokratiyanı tapdalayacaq qədər cəlbedici edən nədir?
Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a bildirib ki, rusiyayönümlü qüvvələrin qalıqlarına qarşı mübarizə, Paşinyanı faktiki olaraq Qərbin forpostuna çevirib:

“Avropa İttifaqı, Paşinyanı və Ermənistan xalqını deyil, Cənubi Qafqazda öz mövqelərini gücləndirməyi və regiondakı təsir dairəsini genişləndirməyi hədəfləyir. Hər kəs çox yaxşı bilir ki, Paşinyan hakimiyyətə gələnə qədər, Sarkisyan və Köçaryan tandemi Ermənistanı tamamilə Rusiyadan asılı hala salmışdı. Onlardan fərqli olaraq Paşinyan Qərbin maraqlarına cavab verir. "Məxməri inqilab" yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan özünü Qərbyönümlü, demokratik siyasətçi kimi tanıtmağa başladı. Brüsselin yeganə məqsədi, Paşinyan oyuncağından maksimum istifadə edib, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və regionda öz ağalığını qurmaqdır”.
Politoloqun sözlərinə görə, Paşinyanın Rusiyadan qopmaq cəhdləri yalnız Aİ-dən qaynaqlanmır:
“Amerikanın dünyada ən böyük səfirliklərindən biri İrəvanda yerləşir. ABŞ Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün Ermənistana ümid bəsləyir. Ermənistanda keçirilən seçkilərdə, Avropa İttifaqı baş verən total saxtakarlıqlara tamamilə göz yumdu. Biz “Qarabağ klanı”nın və müxalifətin tərəfdarı olmasaq da, seçkilərdə yüzlərlə müxalifətçinin saxlanılmasının şahidi olduq. Bu dəfə haqlı tərəf müxalifətdir. Aİ nümayəndələri, Azərbaycandakı seçkilərə müşahidəçi kimi buraxılmadıqları halda, kənardan özbaşına bəyanat yaymaqdan utanmırdılar. Ermənistandakı saxtakarlığa kor olanlar, Azərbaycana gəldikdə uydurma bəhanələrlə kəskin etiraz tonuna keçirlər. Çünki Paşinyanın beynəlxalq müstəvidə saxtakar lider damğası alması Avropanın regiondakı planlarına və geosiyasi maraqlarına qətiyyən sərf etmir”.
F. Abbasov onu da qeyd edib ki, Aİ üçün “demokratiya” və “insan hüquqları” kimi anlayışlar suveren dövlətlərin daxili işlərinə müdaxilə məqsədilə istifadə olunan bir alətdir:
“Əgər bir ölkə Avropanın diktəsi ilə hərəkət edirsə, orada həm seçki saxtakarlığına, həm də insan hüquqlarının pozulmasına açıq şəkildə göz yumulur. Amma hansısa ölkə öz müstəqil siyasətini yürüdürsə (məsələn Azərbaycan), dərhal “beynəlxalq hüquq” və “insan haqları” bəhanə edilərək həmin dövlətə qarşı təzyiq mexanizmləri işə salınır. Azərbaycan və Ermənistan konteksti Avropa İttifaqının ikili standartlarını və pragmatik siyasətini nümayiş etdirən ən bariz nümunələrdən biridir”.