Parlamentari: Paşinyan Kilsə üzərində də rahat qələbə qazanacaq

 Bu məsələdə Qərblə yanaşı, xarici xüsusi xidmət orqanları da ona əhəmiyyətli dəstək verirlər

 

“Paşinyanın radikal müxalifətlə mübarizə ilə bərabər ictimaiyyətə sülh gündəliyini təqdim etməsi, regional əməkdaşlıqdan, kommunikasiyaların açılmasından, iqtisadi islahatlardan danışması onun əlini daha da gücləndirir”

“2026-cı il parlament seçkilərinin nəticələrinə görə, Ermənistanı tələyə salan və orada saxlayan siyasi fiqurlar siyasət meydanından çıxarılacaq”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Baş nazirin sözlərinə görə, 2026-cı il parlament seçkiləri belə bir nəticəni göstərməlidir: "Keçən dövrün bütün siyasi elitasının nümayəndələri, hansı ki, Ermənistanı idarə edib tələyə salıb və orada saxlayıb, bu seçkilər nəticəsində siyasət sahəsindən kənarlaşdırılmalıdır və artıq siyasi arenada yer tutmamalıdırlar. Bu, mənim fikrimdir və əminəm ki, belə də olacaq. İnsanlarla ünsiyyətdə oluram və onlar artıq “keçmiş-indiki” mübahisələrindən və müzakirələrindən yorulublar". Paşinyan əlavə edib ki, revanşist məntiqdən çıxmaq və Ermənistanda siyasi həyatın normal qaydalarını bərqərar etmək lazımdır. Qeyd edək ki, baş nazir Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarkisyan və digər fiqurları nəzərdə tutur. Paşinyanın Kilsəyə qarşı mübarizəsi də davam edir. Baş nazir Eçmiədzin Ana Kilsəsinin azad edilməsi prosesinin başlandığını deyib. Vurğulayıb ki, söhbət bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən uzaqlaşdırılmasından gedir: "Eçmiədzin Ana Kilsəsinin azad edilməsi prosesi başlayıb, davam edir və qaçılmaz olaraq nəticəyə çatacaq. Eçmiədzin mərkəzi meydanında mitinq məsələsi hələ də gündəmdədir, görəcəyik". "Joqovurd" qəzeti məlumat yayıb ki, Paşinyan üçün gündəmin bir nömrəli məsələsi katolikos II Qareginin Eçmiədzin kafedralından çıxarılmasıdır. Nəşr bildirib ki, baş nazir məqsədinə nail olmaq üçün təzyiqləri getdikcə sərtləşdirəcək: "Hökumət mənbələrindən əldə etdiyimiz məlumata görə, katolikosun ciddi bir səhvini aşkar ediblər. Bir sözlə, yaxın gələcəkdə kilsədaxili məsələlər kontekstində kilsə və katolikosa təzyiqlər artacaq".

Millət vəkili Naqif Həmzəyev Sherg,az-a deyib ki, Nikol Paşinyan ilk dövrlərdəki siyasətindən fərqli olaraq əlini bir qədər gücləndirib. Deputatın sözlərinə görə, Paşinyan əvvəllər daha çox demokrat və liberal mövqe sərgiləyirdisə, indi artıq həbslərdən, radikal addımlardan çəkinmir:

"Xüsusilə, baş nazir hüquq-mühafizə orqanlarında öz mövqelərini gücləndirdiyi üçün hakimiyyətə təhlükə gördüyü istənilən şəxsi, siyasi fiquru zərərsizləşdirmə yolunu tutur. Yəni Paşinyan artıq öz rəqiblərinə qarşı qeyri-rəsmi göstərişlər də verir. Ermənistanda Rusiyaya, revanşist dairələrə bağlı media fərqli mənzərə yaratmağa çalışır. İddia edirlər ki, guya xalq budəfəki seçkilərdə Paşinyana dəstək verməyəcək. Ancaq Paşinyanı dəstəkləyən kəsim kifayət qədər çoxdur. Baş nazirin keçmiş hökumət başçılarını, onların zərərli siyasətini ifşa etməsi, revanşist Kilsə ilə mübarizəsi onu da cəsarətləndirir. Paşinyan demək olar ki, siyasi rəqiblərini sıradan çıxarıb. Onun qarşısındakı yeganə güc Kilsədir. Erməni Apostol Kilsəsini dəstəkləyən ermənilər də az deyil".

Parlament üzvü hesab edir ki, erməni diasporu, revanşistlər də hazırda Kilsəni hökumətə qarşı qızışdırırlar:

"Ancaq görünən odur ki, Kilsənin hakimiyyətə qarşı mübarizə aparmaq, dirənişi davam etdirmək gücü, imkanları yoxdur. Paşinyanın Kilsə üzərində qələbə çalacağına şübhə etmirəm. Bu məsələdə Qərblə yanaşı, xarici xüsusi xidmət orqanları da Paşinyana əhəmiyyətli dəstək verirlər. Paşinyanın radikal müxalifətlə mübarizə ilə bərabər ictimaiyyətə sülh gündəliyini təqdim etməsi, regional əməkdaşlıqdan, kommunikasiyaların açılmasından, iqtisadi islahatlardan danışması onun əlini daha da gücləndirir. Ermənistan ictimaiyyəti anlayır ki, sülhün alternativi müharibədir. Növbəti münaqişə isə erməni toplumu üçün fəlakət deməkdir. Ona görə Koçaryan-Sarkisyan cütlüyünün idarəetməsinin zülmünü çəkmiş sadə ermənilər revanşistlərin "Qarabağ kartı"ndan yenidən istifadəsinə imkan vermək niyyətində deyil. Bunun fərqində olan Paşinyan seçkilərədək öz mövqeyini bir qədər də gücləndirmək üçün əlindən gələni edəcək və müxalifətə qarşı mübarizəsini dərinləşdirəcək. Hətta Paşinyan növbədənkənar seçkilərə gedərsə, qələbəsi daha parlaq olar".

Qalereya