Qafar Çaxmaqlı: Ermənistanda siyasi gərginlik yaşanır

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Koncoryan cəmiyyəti seçkilərdə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın partiyalarına, eləcə də “Daşnaksütyun”a səs verməməyə çağırıb.

Bu barədə o, bir müddət əvvəl sosial media hesabında paylaşım edib.

Deputat hazırda parlamentdə təmsil olunan bu qüvvələrin yenidən seçilmək cəhdlərinə imkan verilməməli olduğunu deyib.

“Xalqı soymaqla varlananlar parlamentdən qovulmalıdır. Xalqın qanı ilə hakimiyyəti bölüşənlər parlamentdən qovulmalıdır”,-Koncoryan vurğulayıb.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a Ermənistanda siyasi gərginlik yaşandığını söyləyib:

"Ermənistanda parlament seçkilərinin keçirilməsinə üç aydan da az vaxt qalıb. Bu dövrdə ölkədə siyasi gərginlik müşahidə olunur. Hakim Vətəndaş Müqaviləsi Partiyası öz ətrafına bəzi qüvvələri birləşdirib. Keçirilən anket sorğularında Paşinyanın partiyası və onun komandası yenə də ön sıralarda görünür. Amma həmin partiyadan olan Hayk Koncoryanın da dediyi kimi, bu parlament seçkilərində onlar çalışacaqlar ki, ölkənin talanması ilə məşğul olmuş qüvvələr, Robert Köçəryan və Serj Sarkisyan cütlüyünün təmsil etdiyi siyasi təşkilatlar parlamentdə yer almasınlar. Onların reytinqinə baxsaq görərik ki, xalq arasında elə də ciddi dayaqları yoxdur. Amma onlar başqa bir qüvvə ilə birləşmək niyyətlərini də gizlətmirlər. Bu qüvvə isə Rusiyadan gəlmiş iş adamı Samvel Karapetyandır. Taşir Qrupunun rəhbəri olan bu şəxs Ermənistana gələndən sonra həbs olunub və artıq 9 aydan çoxdur ki, həbsdədir. Bununla belə, gücləndirilmiş siyasi təşkilat kimi yeni partiya təsis olunub. “Güclü Ermənistan” adlı bu siyasi təşkilatın ətrafında həmin qüvvələrin birləşməsi mümkündür. Yəni Samvel Karapetyan da, Robert Köçəryan da, Serj Sarkisyan da Rusiyaya yönümlü qüvvələr hesab olunur. Rusiyadan gəlmiş bu şəxsin ətrafında birləşərək Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər".

Ekspert bildirib ki, bütün anket sorğuları, ölkədəki vəziyyət və ictimai-siyasi proseslərin gedişatı göstərir ki, həmin qüvvələr Paşinyana qalib gəlmək iqtidarında deyillər:

"Bununla belə müəyyən bir dövr və zaman var. Bu müddət ərzində onlar hansı vasitələri seçəcəklər, hansı yollarla mübarizə aparacaqlar bunu zaman göstərəcək. Hazırkı vəziyyətdə Robert Köçəryan və Serj Sarkisyanın təmsil etdiyi fraksiyalar parlament çoxluğuna malik deyillər. Hər iki partiyanın nümayəndələri parlamentdə təmsil olunsa da, çoxluq təşkil etmirlər. Paşinyan hakimiyyəti dövründə onların fəaliyyətinin ifşa olunması üçün müəyyən tədbirlər görülüb, təbliğat aparılıb. Bu fakt erməni cəmiyyətini düşündürür: necə olub ki, Qarabağdan kasıb vəziyyətdə gələn Robert Köçəryan sonradan dollar milyarderinə çevrilib? Serj Sarkisyan haqqında da oxşar fikirlər var. Erməni xalqı bunları bilir və seçki prosesində mənə elə gəlir ki, bu adamlara səs verməyəcək. Bu qüvvələrin Samvel Karapetyanla birləşməsi isə onun üçün də faydalı olmayacaq. Çünki korrupsiyalaşmış və xalqın gözündə talançı kimi tanınan şəxslərlə əməkdaşlıq avtomatik olaraq Karapetyanın da nüfuzuna zərər verə bilər. Hakimiyyət də bu qüvvələrin birləşməsinə ciddi mane olmur. Əslində bu vəziyyət Vətəndaş Müqaviləsi Partiyasının və Paşinyanın komandasının xeyrinədir. Onlar seçki ərəfəsində həmin şəxsləri daha çox ifşa etmək və nüfuzdan salmaq üçün bundan istifadə edə bilərlər. Mənə elə gəlir ki, Hayk Koncoryanın çıxışları da bu prosesin bir hissəsidir".

Ermənişünas alim Daşnaksütyun Partiyasının da bu seçkilərdə iştirak edəcəyini və onun əvvəllər “Hayastan” fraksiyasının tərkibində olduğunu qeyd edib: 

"Onlar diaspora dəstəyinə arxalanaraq parlamentdə təmsil olunmağa çalışırlar. Seçki ərəfəsində iki əsas qüvvə ortaya çıxacaq. Bunlardan biri Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası və onun komandasıdır. Buna bir neçə siyasi təşkilat da dəstək verə bilər. Digəri isə “Güclü Ermənistan” adlanan siyasi qüvvədir. Onun arxasında Samvel Karapetyan dayanır. Samvel Karapetyanın bir xüsusiyyəti də var: o, Rusiya vətəndaşıdır və Ermənistan qanunlarına görə son dörd il ərzində ölkədə yaşamayıbsa, parlament seçkilərində namizəd ola bilməz. Buna görə də onlar müəyyən manevr edirlər. Hazırda onun əvəzinə təbliğat aparan başqa bir şəxs-qohumu Narek Karapetyan var. İrəvanda keçirilən mitinqdə Narek Karapetyan jurnalistlərin qarşısına çıxaraq tələb edib ki, Samvel Karapetyan həbsdən azad edilsin və seçicilərlə görüşə bilsin. Əks halda, o seçkilərdə namizəd kimi iştirak edə bilməyəcək. Çünki Ermənistan qanunları buna imkan vermir. Hakim komanda isə təbliğat işində daha çox əvvəlki hakimiyyət dövründə baş verən qanunsuzluqlara, korrupsiyaya və siyasi hadisələrə diqqət çəkir". 

Müsahibimiz 1999-cu ildə parlamentə silahlı hücum zamanı baş nazirin və parlament sədrinin öldürülməsinə hələ də tam hüquqi qiymət verilmədiyini vurğulayıb:

"2008-ci ildə İrəvanda baş verən hadisələr zamanı mitinqlərin dağıdılması nəticəsində 10 nəfər həlak olmuşdu. Bunun məsuliyyəti də Koçaryan və Sarkisyan hakimiyyətlərinin üzərinə qoyulur. Bu faktlardan seçki təbliğatında geniş istifadə olunur. Bu, kampaniyada da öz təsirini göstərəcək. Yəni 2021-ci ildə parlament seçkilərində müharibədə məğlub olmuş Paşinyan yenidən 50+1 səs çoxluğu ilə hakimiyyətə gəlibsə, bu dəfə də bir qədər çətin olsa da qələbəsini təmin edə bilər.Hazırkı vəziyyət belə görünür. Amma seçkilərə hələ vaxt var. Bu müddət ərzində nələrin baş verəcəyini biz müşahidə edəcəyik".