Ermənistanda keçiriləcək parlament seçkilərinə 7 gün qalıb. Vaxt çəmbəri daraldıqca, Nikol Paşinyana qənim kəsilən müxalif qüvvələrin də bəyanatları sərtləşir. Baş nazir postuna namizədlər arasında Kremlin siyasi havasına arxayınlanan Robert Köçəryan, milyardları və təsir şəbəkəsi ilə seçilən Samvel Karapetyan və illərdir Ermənistanın oliqarx siyasətinin simasına çevrilən Qaqik Sarukyan yer alır. Past qəzetinin yazdığına görə, R.Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq. Bundan əlavə, onun yenidən xaricdəki erməni diasporunu fəallaşdırmağı planlaşdırdığı açıqlanıb. Köçəryan mayın 25-də səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə çevrilib. O, Azərbaycanla imzalanacaq sülh müqaviləsi üçün “zəmanətçilərin” lazım olduğunu bildirib. Köçəryan “zəmanətçilər” dedikdə Rusiya, ABŞ və Çini nəzərdə tutub. Paşinyan isə ona cavabında, Rusiya, ABŞ və Çin əvəzinə Avropa İttifaqının daha məqsədəuyğun olduğunu bildirib. Göründüyü kimi, Ermənistanda Baş nazir postu uğrunda gedən mübarizə ölkənin taleyini müəyyən edən siyasi prosesə çevrilib.
Mövzu ilə bağlı ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, R.Köçəryanın Paşinyan qarşısında şansı yoxdur:
“Ermənistanda parlament seçkilərində koalisiya höküməti qurmaq haqqı ən çox səs (mandat) toplayan partiyaya verilir. Anket sorğularına görə Paşinyanın komandası 40 faizdən çox səs toplayacaq. Əgər Paşinyan hökümət formalaşdırmaq haqqını itirsə, Krapetyan, Köçəryan və Sarukyan üçlüyü vahid cəbhədə birləşib, koalisiya höküməti qura bilərlər. Bu sadəcə ehtimaldır. Şübhəsiz ki, üstünlüyü Paşinyan hökuməti əldə edəcək. Müşahidələrimə əsasən, Paşinyanın koalisiyaya gedə biləcəyi qüvvələr arasında Q.Sarukyanın önə çıxdığını demək olar. Onun rəhbərlik etdiyi partiyanın, Paşinyanın proqramında yer alan bəzi məsələlərə münasibətində yumşalma var. Artıq onlar da Azərbaycanla sülh prosesinə dəstək verəcəklərini bildiriblər. Hər iki blokun fikirləri üst-üstə düşməyə başlayıb”.
Professorun sözlərinə görə, Paşinyan məcbur qalarsa, üç siyasi qüvvədən biri ilə koalisiya hökuməti qura bilər:
“Koalisiyaya qoşulmaq revanşist qüvvələrin hakimiyyətdə bərabər şəkildə təmsil olunacağı anlamına gəlməməlidir. Məsələn, onlara hansısa sahəni idarə etmək üçün vəzifə verilə bilər. Köçəryan isə təkbaşına koalisiya qura bilməz. O, heç vaxt Rusiya ilə əlaqələrinin olduğunu danmayıb. Köçəryan son bəyanatında bildirdi ki, Paşinyan saxtakarlıq yolu ilə yenidən hakimiyyətə gələrsə, Ermənistanda böyük xaoslar baş verəcək. Hətta proseslərin vətəndaş müharibəsinə səbəb ola biləcəyini də istisna etməyib. Bunların hamısı Koçaryanın şəxsi fikirləri deyil. O, sadəcə Rusiyanın danışan ağzı rolunu oynayır. Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə, Ermənistan Rusiyanın qubernatorluğuna çevriləcək”.
Q.Çaxmaqlının fikrincə, Köçəryan, Karapetyan və Sarukyanın Rusiyaya bağlı olduqları gizli deyil:
“Sarukyan daha çox Belarusiya ilə əlaqəli işlər görür. Hətta bu günlərdə ona sual verildi ki, “əgər siz seçilsəniz bu, Aleksandr Lukaşenkonunn seçilməsi ilə eyni məna daşıya bilərmi?”. O isə cavabında, “eyni məntiqlə Paşinyanın seçilməsi də İlham Əliyev və ya Əroğanın seçilməsi kimi qiymətləndirilməlidir” sözlərini işlədib. Bununla da o, Belarusa xidmət etdiyini ifadə etmiş oldu. Rəqiblər arasında gərgin atmosfer yüksəlməyə davam edəcək. Artıq Rusiyanın siyasi dairələrinin bir çoxu, Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur edir. Bəzi məhsulların Ermənistana ixracına da qadağalar qoyulub. Ermənistanın Mokvadan aldığı nisbətən ucuz təbii qaza ehtiyacı var. Rusiya bunu fürsətə çevirib, Paşinyan hökümətini pis vəziyyətə salmaq üçün qazla bağlı məhdudiyyətlər də tətbiq edə bilər. Bir sözlə, Rusiya Ermənistan üzərində təsirini itirmək niyyətində deyil”.