Ermənistanın təkcə qaz və neft sahəsində deyil, ümumilikdə iqtisadiyyatın digər istiqamətlərində də şaxələndirmə siyasəti həyata keçirməyə çalışır
Baş nazir Nikol Paşinyan ölkədə qazın sərhəddən son istehlakçıya qədər qiymət formalaşmasının digər ölkələrlə müqayisədə yüksək olduğunu bildirib. O deyib ki, "Ermənistan bütün sahələrdə qaz tədarükünü diversifikasiya etməyə çalışacaq. Ermənistanda qaz ucuz deyil. Əgər ikinci, üçüncü və ya dördüncü mənbədən qaz almaq imkanı yaranarsa, biz bu yolla gedəcəyik".
Qeyd edək ki, Ermənistana 2025-ci ildə Rusiyadan 2,23 milyard kubmetr, İrandan isə 477 milyon kubmetr qaz idxal edilib.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a bildirib ki, Ermənistanın hazırda qaz təchizatı və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində əsas asılı olduğu mənbə Rusiyadır:
"Rusiya Ermənistana ən çox qaz və neft məhsulları tədarük etməklə yanaşı, ölkənin enerji sisteminə də nəzarəti öz əlində saxlayır. Ona görə də Paşinyan hökumətinin son zamanlar Ermənistanın enerji təhlükəsizliyini diversifikasiya etmək, bu sahədə mənbələri şaxələndirmək istəyini normal və təbii çağırış hesab etmək olar. Çünki Ermənistan da digər ölkələr kimi enerji təminatında yalnız bir mənbədən asılı olmaq istəmir. Bu baxımdan, Ermənistana İrandan da müvafiq qaz və neft məhsulları tədarük olunur. Son zamanlar Azərbaycan da bu istiqamətdə Ermənistana yardım edib. Azərbaycandan da Ermənistana neft və qaz məhsulları tədarük olunub və göndərilib. Beləliklə, son dövrlərdə Ermənistanın təkcə qaz və neft sahəsində deyil, ümumilikdə iqtisadiyyatın digər istiqamətlərində də şaxələndirmə siyasəti həyata keçirməyə çalışır".
Parlamentari Paşinyanın Ermənistan iqtisadiyyatını daha müstəqil etməyə və bir mənbədən asılılığı azaltmağa çalışdığının şahidi oluruq:
"Xüsusilə Avropa İttifaqının dəstəyi ilə Rusiyadan idxal olunan məhsulların, həmçinin Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində Avropa bazarlarına yönləndirilməyən məhsulların alternativ bazarlara çıxarılması və digər proseslər də bu istiqamətdə atılan addımlardır. Burada, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsi məsələsindən söhbət gedir. Təbii ki, qaz və neft amili də bu prosesdə çox önəmli rol oynayır. Ermənistanın bu sahədə daha böyük uğurlar əldə etməsi üçün Zəngəzur TRIPP marşrutunun mümkün qədər tez açılması və müstəqil şəkildə fəaliyyət göstərməsi lazımdır. Bu, Ermənistanın elan etdiyi diversifikasiya siyasətini həyata keçirməsinə və müxtəlif istiqamətlər üzrə iqtisadi əlaqələrini genişləndirməsinə imkan verə bilər".