- Ermənistan Qarabağdan könüllü şəkildə çıxmış erməni əhalinin geri qaytarılması məsələsini gündəmdə saxlamaq istəyir
Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi 2026-cı ildə Cənubi Qafqazda normallaşma prosesinin əsas müzakirə mövzularından biri olaraq qalır. Ankara və İrəvan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılsa da, quru sərhədinin açılması ilə bağlı yekun qərarın verilməməsi prosesin perspektivləri ətrafında suallar yaradır. 13 may 2026-cı ildə Türkiyə Xarici İşlər Nazirliyi iki ölkə arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqların tamamlandığını açıqlasa da, sərhədin açılması üçün zəruri texniki və inzibati işlərin davam etdiyini bildirib. Bununla yanaşı, İrəvanın son açıqlamaları sərhədin açılması ilə bağlı gözləntilərin artdığını göstərir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 14–16 oktyabr tarixlərində verdiyi açıqlamalarda normallaşma prosesinin xeyli yetkinləşdiyini, tərəflərin sərhədin ikitərəfli sərnişin və yük daşımaları üçün açılması barədə istənilən vaxt qərar qəbul edə biləcəyini bildirib. O, Türkiyə ilə təmasların intensivliyinə, tarixi Ani körpüsünün bərpasına və Gümrü–Qars dəmir yolu üzrə işlərə də diqqət çəkib.
Beləliklə, əsas sual artıq yalnız tərəflərin siyasi iradəsi deyil, əldə olunmuş razılaşmaların nə vaxt real keçid rejiminə çevriləcəyi və bu prosesin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə hansı şəkildə əlaqələnəcəyidir.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Türkiyə-Ermənistan diplomatik əlaqələrinin qurulması və sərhədlərin açılması məsələsi artıq bir neçə ildir ki, müzakirə mövzusudur :
“ Bu məsələləri həll etmək üçün həm Türkiyə, həm də Ermənistan tərəfindən nümayəndələr təyin edilmişdir. Ermənistan tərəfdən indiki parlamentin sədri Ruben Rubinyan, Türkiyə tərəfdən isə məşhur diplomat Sərdar Kılıç bu işlərlə uzun müddət məşğul olublar. Sərhəddə belə görüşlərin sayı 6-7 olub və həm Ermənistan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulması, həm də sərhədlərin açılması məsələləri müzakirə edilib. Türkiyə ilə Ermənistan arasındakı sərhəddə, yəni Ermənistan tərəfindən Marqara, Türkiyə tərəfindən isə Alican sərhəd qapısında təmir və texniki işlər başa çatdırılmışdır. İkinci qapı Gümrü-Qars istiqamətindədir. Bu istiqamət həm dəmir yolunu əhatə edir və burada da işlər başa çatmaq üzrədir. Xırda texniki işlər görüldükdən sonra bu istiqamət tam hazır vəziyyətə gətirilə bilər. Ermənistandakı rəsmilər, o cümlədən Ararat Mirzoyan və Alen Simonyan dəfələrlə bu məsələ ilə bağlı nikbin danışırlar və deyirlər ki, yaxın vaxtlarda Türkiyə ilə Ermənistan arasında sərhədlər açılacaq. Amma burada sual ortaya çıxır ki, sərhədlər nə üçün bağlanmışdı? Bu məsələyə aydınlıq gətirmək lazımdır. Məlumdur ki, 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan Kəlbəcəri işğal etdikdən sonra Türkiyə bunu qəti şəkildə qəbul etmədi və Ermənistanla sərhədlərini bağladı. Ondan əvvəl sərhədlər açıq idi və Ermənistana həm Türkiyədən, həm də digər ölkələrdən yüklər Türkiyə-Ermənistan sərhədindən keçərək gəlirdi. Bu sərhədlər bağlandıqdan sonra, şübhəsiz ki, bütün işğal dövrü ərzində, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığına görə, Türkiyə bu məsələyə qayıtmay;b. Bu məsələ ilə bağlı bir neçə dəfə cəhdlər də olub. Sürix protokollarını xatırlayaq. 2009-cu ildə bu məsələ ilə bağlı futbol diplomatiyası da olub. Məqsəd Ermənistanla Türkiyənin münasibətlərini düzəltmək idi, amma həmin vaxt Azərbaycan buna etiraz etmişdi”.
Professor qeyd edib ki, Türkiyənin siyasəti belədir ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanana qədər sərhədlər bağlı qalacaq.:
“Türkiyə rəsmiləri, o cümlədən xarici işlər naziri Hakan Fidanın dilindən bunu bir neçə dəfə eşitmişik. Bu yaxınlarda da Türkiyə bu məsələyə münasibətini bildirdi və açıq şəkildə bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra bu məsələlərin həlli bir qədər də asanlaşacaq. İndi isə Ermənistan Prezidenti bəyan edir ki, sülh sazişi 2031-ci ildə imzalanacaq. Bu isə artıq mürəkkəb bir durum yaradır. 2031-ci ilə qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? Bu sual çox ciddi müzakirə tələb edir. Ermənistan da belə düşünür ki, bu saziş imzalanmadan da Türkiyə ilə əlaqələr qurula bilər. Bu məsələnin çətinliyi ondadır ki, Türkiyənin buna nə dərəcədə gedəcəyini müəyyənləşdirmək lazımdır. Mənə elə gəlir ki, Türkiyə bu məsələdə öz siyasi mövqeyini qoruyub saxlayacaq və Ermənistana haqlı olaraq tələb qoyula bilər ki, sülh sazişini tezləşdirsin. Ermənistanın özündə də belə düşünürlər ki, konstitusiya çoxluğu əldə edilmədiyinə görə, parlamentdə bu məsələnin müzakirəyə çıxarılması və konstitusiya dəyişikliyinə gedilməsi indiki halda mümkün deyil. Amma bunu mümkün edən faktorlar var. Yəni, Ermənistan parlamentində 64 millət vəkili Vətəndaş Müqaviləsi Partiyasına aiddir. Digər müxalif partiyalardan müəyyən şəxsləri cəlb etməklə, gizli səsvermə yolu ilə konstitusiyaya dəyişiklik edilməsi və ya referendum keçirilməsi barədə qərar qəbul oluna bilər. Bəs nəyə görə etmir? Mənə elə gəlir ki, Ermənistan bu məsələni gecikdirir və müəyyən gözləntiləri var. Ermənistanın lehinə olan məqamları gözləmək istəyir. Münaqişənin davam etməsi və dünyada gedən proseslər fonunda yeni reallıqların ortaya çıxacağını düşünürlər. Bu da, mənə elə gəlir ki, Ermənistanda siyasi situasiyanın mürəkkəbliyindən xəbər verir”.
Q.Çaxmaqlı əlavə edib ki, Ermənistanın gözləntiləri var:
“Həm Avropanın, Qərbin, Amerikanın, həm Şimal qonşusunun və digərlərinin Ermənistanın bu müharibədən sonra məğlub duruma düşməsini və təcrid olunmasını həzm etmədikləri düşünülür. Ermənistan Qarabağdan könüllü şəkildə çıxmış erməni əhalinin geri qaytarılması məsələsini gündəmdə saxlamaq istəyir. Qərb ölkələrinin bəzilərində bununla bağlı hətta parlament qərarları da qəbul olunur. Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycanın üzərinə gələcəklər. Sülh müqaviləsi imzalanmasa, deməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır və ərazilərinə iddiaları qalır. Bu iddialardan biri də, şübhəsiz ki, Qarabağdır. Qarabağ ermənilərinin geri qaytarılması məsələsini beynəlmiləlləşdirmək və beynəlxalq ictimaiyyətin gündəminə gətirmək istəyirlər. Amma bu məsələdə Türkiyənin mövqeyi açıqdır. Mən belə düşünürəm ki, Türkiyə öz fikrini artıq bildirib: sülh müqaviləsi olmadan sərhədlər açıla bilməz, diplomatik münasibətlər qurula bilməz. Türkiyə üçün Ermənistanla sərhədlərin açılması elə də prioritet məsələ deyil. Türkiyə bütün dünyaya açıqdır. Üç tərəfdən dənizlə əhatə olunan ölkədir. Kiçik bir ərazidə Ermənistanla sərhədlərin açılması və bundan hansısa iqtisadi gəlirlər əldə edilməsi Türkiyənin əsas məqsədi deyil. Mənə elə gəlir ki, Türkiyə Ermənistanla münasibətlərdən maddi və maliyyə baxımından elə də ciddi qazanc əldə edə bilməz. Bu mənada, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmadan sərhədlərin açılacağını düşünmürəm. Əgər belə bir addım atmaq istəsələr və bu fikrə düşsələr, açıq şəkildə buna qarşı çıxmaqdan və bunun yanlış olduğunu deməkdən də çəkinmərəm”.